Səbail rayonunda “21 sentyabr – Beynəlxalq Sülh Günü” qeyd olundu
17.09.2018Hər il ölkəmizdə, Beynəlxalq Sülh Günü ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən ”Sülh aylığı” elan edilir və kütləvi maarifləndirmə tədbirləri keçirilir.
Bu silsilədən olan tədbirlər çərçivəsində sentyabrın 14-də Azərbaycan Xalça Muzeyində, bu qurumun və Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının birgə təşəbbüsü ilə konfrans keçirildi. Tədbirin təşkil edilməsinin məqsədi “21 sentyabr – Beynəlxalq Sülh Günü” barədə gənc nəsli maarifləndirmək olmuşdur.
Tədbirdə YAP Səbail rayon təşkilatı aparatının rəhbəri Zəfər Bayramov BMT tərəfindən Beynəlxalq Sülh Gününün təsis edilməsi barədə məlumat verdi, bu günün əhəmiyyətindən danışdı.
Azərbaycan Xalça Muzeyi Şuşa filialının müdiri Əlisəfa Nuriyev çıxış edərək Beynəlxalq Sülh Günü çərçivəsində milli mədəniyyətimizin dünyada sülhə verdiyi töhfədən söz açdı. O, sülhün dünya ölkələri və xalqları üçün çox əhəmiyyətli olduğunu bildirdi.
Tədbir çərçivəsində müxtəlif ölkələrin ictimai-siyasi xadimlərinin portretləri əks olunmuş xalçaların fototəsvirləri də nümayiş etdirildi.
Konfransın sonunda tədbir iştirakçıları Azərbaycan Xalça Muzeyinin foyesində uşaq muzeyi şöbəsinin təşkil etdiyi, uşaqların əl işlərindən ibarət “Dünyaya sülh” mövzusunda sərgi ilə tanış oldular.
Tədbirdə Azərbaycan Dövlət Televiziya və Radiosu Əfsər Cavanşirov adına “Bənövşə” uşaq xorunun ifasında mahnılar səsləndirildi.
Sonda muzeyin qarşısında sülhün rəmzi olan ağ göyərçinlər və rəngli şarlar uşaqlar tərəfindən səmaya buraxıldı.