YAP Gənclər Birliyi Avropa Demokratik Gənclər Birliyinin üzvü seçildi
18.09.2018Sentyabrın 15-də Bakıda, Yeni Azərbaycan Partiyasının qərargahında Avropa Demokratik Gənclər Birliyinin (DEMYC) Mərkəzi Şura iclası keçirildi.
İclasda YAP Gənclər Birliyinin bu təşkilata üzv seçilməsi məsələsi də müzakirə olundu. Müzakirələrin sonunda YAP Gənclər Birliyinin DEMYC təşkilatına üzv seçilməsi haqqında qərar qəbul olundu.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov bu etimada görə təşkilata və onun rəhbərliyinə təşəkkürünü bildirdi. YAP Gənclər Birliyinin geniş beynəlxalq əlaqələrə malik olduğunu deyən S.Orucov rəhbərlik etdiyi təşkilatın DEMYC-in üzvü kimi də uğurla fəaliyyət göstərəcəyini qeyd etdi.
***
YAP Gənclər Birliyinin sədri Seymur Orucov Bakıda səfərdə olan Tacikistanın Milli Demokrat Partiyasının Gənclər Birliyi və Qırğızıstanın Gənclər İctimai Şurasının nümayəndələri ilə görüşdü.
Görüşdə YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirdi ki, Azərbaycan Tacikistan və Qırğızıstanla dost ölkədir. Onun sözlərinə görə, YAP Gənclər Birliyi hər iki ölkənin gəncləri ilə əlaqələrin inkişafında maraqlıdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Sonda YAP Gənclər Birliyi ilə Tacikistanın Milli Demokrat Partiyasının Gənclər Birliyi və Qırğızıstanın Gənclər İctimai Şurası arasında Anlaşma Memorandumu imzalandı. Memorandumun əsas məqsədi tərəflərin uzunmüddətli, səmərəli və qarşılıqlı faydalı əməkdaşlığının inkişaf etdirilməsinə xidmət edir.
***
Məlumat üçün qeyd edək ki, DEMYC Avropada fəaliyyət göstərən beynəlxalq gənclər təşkilatıdır və eyni zamanda dünyada fəalyyət göstərən gənclik qurumlarını öz sıralarında birləşdirməkdədir.
DEMYC 1960-cı illərdən fəaliyyət göstərir, Avropanın qocaman gənclər təşkilatıdır. Vaxtilə həmin təşkilata sədrlik etmiş insanlar sonradan Böyük Britaniya, İtaliya, Fransa kimi güclü dövlətlərin baş naziri, xarici işlər naziri olublar. Bu təşkilat çox böyük nüfuza sahibdir.
YAP Gənclər Birliyi 2014-cü ildən DEMYC-in müşahidəçi statuslu üzvü idi. Belə ki, 2014-cü ildə DEMYC-in Bosniya və Hersoqovinada keçirilən Mərkəzi Şura iclasında partiyamızın Gənclər Birliyi öz namizədliyini irəli sürdü və təşkilatda müşahidəçi statusu əldə etdi. Bu, böyük uğur idi. Bu fakt qocaman təşkilata üzv olmaqla yanaşı Avropa dəyərlərinin Azərbaycan gəncliyi arasında təbliğ olunması, eyni zamanda bizim milli mənəvi dəyərlərimizin, Azərbaycan həqiqətlərinin Avropada təbliği baxımından əhəmiyyətli idi. Amma müşahidəçilik statusu müəyyən mənada bəzi məhdudiyyətlər də yaradırdı.
13-16 sentyabr tarixlərində DEMYC-in nümayəndələri ölkəmizdə oldular və Bakıda, Yeni Azərbaycan Partiyasın mərkəzi qərargahında qurumun Mərkəzi Şurasının növbəti iclası keçirildi. İclasda 18 ölkədən 39 təşkilatın nümayəndəsi iştirak edirdi. Bu iclasda Meksikadan tutmuş Kambocaya, Rusiyadan Hindistana, Mərakeşdən Finlandiyaya qədər nümayəndələr iştirak etdi. YAP Gənclər Birliyinin təşəbbüsü ilə İCAPP-ın gənclər qolunun nümayəndələri də bu iclasda iştirak etdilər. İclasda dünyada baş verən proseslər də müzakirə edildi və problemlərin həllində dünya gənclərinin həmrəylik göstərməsinin, sülh və təhlükəsizliyə töhfələr verməsinin zəruriliyi vurğulandı. Eyni zamanda, iclasda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş təqdimat oldu. Ermənistanın işğalçılıq siyasətinin nəticələri faktlarla təşkilat üzvlərinin diqqətinə çatdırıldı.
Xarici qonaqlar səfər çərçivəsində hökümət üzvləri, ADA Universitetində, Gənclər Fonduda görüşlər keçirdilər, Milli Məclisdə dəyirmi masa baş tutdu. Bütün bu tədbirlərdə açıq və geniş fikir mübadiləsi aparıldı, qonaqları maraqlandıransuallar cavablandırıldı. Bütövlükdə, bu görüşlər hər iki tərəf üçün faydalı oldu.
Tədbirin videoyazısı
SəsTV