YAP Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirildi

Sentyabrın 26-da Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının İdarə Heyətinin növbəti iclası keçirildi.

İclasda siyasi fəallığın artırılması, əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsi və səmərəliliyin daha da yüksəldilməsi ilə əlaqədar rayon partiya təşkilatının qarşısında duran vəzifələr, YAP Səbail rayon Gənclər Birliyi və Qadınlar Şurasının hesabat-seçki yığıncaqlarının keçirilməsi ilə bağlı hazırlıq işləri, bir neçə ərazi ilk partiya təşkilatlarının fəaliyyətləri haqqında məlumatlar, cari məsələlər müzakirə edildi və müvafiq qərarlar qəbul olundu.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev beynəlxalq siyasi-iqtisadi münasibətlərin mövcud vəziyyəti, dünyada və yaxın coğrafiyamızda müşahidə olunan mürəkkəb və ziddiyyətli proseslər fonunda Azərbaycanda hökm sürən iqtisadi və sosial sabitlik, istər ölkə daxilində, istərsə beynəlxalq aləmdə dövlətimiz tərəfindən aparılan düşünülmüş siyasət nəticəsində ölkəmizin əldə etdiyi böyük uğurlar haqqında geniş danışdı. Deputat qeyd etdi ki, bu gün Avropada bir tərəfdən miqrant problemləri, digər tərəfdən ABŞ ilə Avropa arasında ticarət müharibəsinin başlanması, eləcə də BREXİT məsələsinin öz həllini tapa bilməməsi bu qitədə situasiyanı xeyli mürəkkəbləşdirir. ABŞ-ın Azərbaycana yaxın coğrafiyada apardığı qeyri-konstruktiv siyasət, xüsusilə Azərbaycanla qonşu olan böyük dövlətlərə – İran, Türkiyə, Rusiyaya qarşı tətbiq etdiyi sərt sanksiyalar nəticəsində bu ölkələrdə inflyasiya, milli valyutaların devalvasiyası kimi xoşagəlməz proseslər müşahidə olunur. Bütün bunlara baxmayaraq, Azərbaycan sözün əsl mənasında “sabitlik adası” kimi öz inkişaf yolu ilə əminliklə addımlamağa davam edir, dövlətimiz möhtərəm Prezidentimiz, partiya Sədrimizin rəhbərliyi ilə çox ciddi uğurlara imza atır, ölkəmizin siyasi və iqtisadi cəhətdən əməkdaşlıq etdiyi dünya dövlətlərinin sayı gündən-günə artır, ticarət əlaqələrimiz genişlənir. Bugünlərdə neftin dünya qiymətinin $80 dolları keçməsi ölkəmiz üçün milli gəlirin yüksəlməsi deməkdir, Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi artıq $45 milyard dollardan çoxdur və bütün bu faktorlar ölkəmizin iqtisadi gücünü daha da artırır. Azərbaycanın iqtisadi gücü artdıqca, ölkəmizin hərbi gücü də yüksəlir və ən ağrılı problemimiz olan Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli imkanlarımız genişlənir. Azərbaycanda bu gün müşahidə olunan ictimai-siyasi sabitlik bizim ən böyük dəyərimizdir və nəinki mərkəz Bakıda, bütün regionlarda gedən proseslər, əldə olunan sosial-iqtisadi inkişaf uğurları hamımızın qəlbində böyük fərəh hissi yaradır. Azərbaycanı bundan sonra da qarşıda çox şərəfli və böyük hədəflər gözləyir və müstəqil Azərbaycan dövləti cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və sistemli şəkildə bu hədəflərə doğru əminliklə irəliləyir. Azərbaycanın bütün uğurlarının əsasında ölkədə aparılan düzgün və düşünülmüş İlham Əliyev siyasəti dayanır. Bu siyasətin əvvəlində də, mərkəzində də, son məqsədində də insan faktoru, Azərbaycan vətəndaşının sosial rifahı, əmin-amanlığı, ölkəmizin təhlükəsizliyi, yüksək milli-mənəvi dəyərlərimiz dayanır. Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində çox əlverişli mühit, abu-hava mövcuddur, milli valyutamızın alıcılıq qabiliyyəti sabitdir, ölkəmizin strateji valyuta ehtiyatları cari və gələcək iqtisadi potensialımızı yüksəldir, qeyri-neft sektorunun inkişafı və milli iqtisadiyyatın diversifikasiyası uğurla davam etdirilir. Bu gün Azərbaycan artıq kosmosa üçüncü peykini göndərmiş və kosmos ölkələr klubunun fəal subyektinə çevrilmişdir. Reallaşdırılmış və planlaşdırılan transkontinental enerji və nəqliyyat layihələri Azərbaycanı Avropa üçün siyasi və iqtisadi cəhətdən strateji əhəmiyyətli tərəfdaş ölkəyə çevirmişdir. Ən əsası isə, cənab İlham Əliyevin apardığı bu uğurlu siyasət nəticəsində biz, Ermənistanın tamamilə rəzil və bölgənin inkişafı üçün yalnız maneə törədən, heç kimə lazım olmayan ölkə kimi tanınmasına nail olmuşuq. Bu, cənab İlham Əliyev siyasətinin ən böyük nailiyyətlərindən biridir.

Ş.Hacıyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı ölkəmizdə keçirilən təntənəli tədbirlərin, o cümlədən cari ilin 15 sentyabr tarixində xilaskar Qafqaz İslam Ordusunun Bakını və Bakı istiqamətindəki rayonları erməni işğalından azad etməsinin şanlı 100 illik yubileyi ilə bağlı baş tutan və əsrlərlə davam edən, möhkəmlənən Azərbaycan-Türkiyə qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirən möhtəşəm hərbi paradın, bu paradda Azərbaycan və Türk əsgərinin birgə addımlaması kimi əlamətdar bir hadisənin əhəmiyyətini xüsusi vurğuladı. Millət vəkili qeyd etdi ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın bu paradda iştirak etməsi və söylədiyi tarixi nitq bir daha göstərdi ki, Azərbaycan və Türkiyə 100 il əvvəl necə bir yerdə idisə, bu gün də belədir, və 100 illər sonra da biz bir millət-iki qardaş dövlət olaraq bir-birimizin yanında olacağıq.

Bir neçə gün öncə, Azərbaycan Parlamentinin 100 illik yubileyinin qeyd olunmasını daha bir möhtəşəm hadisə kimi qiymətləndirən Sədr, cənab Prezidentin yubiley tədbirində söylədiyi nitqdə Ermənistanda gedən hazırki proseslərin müstəqilliyinin ilk illərində Azərbaycanda müşahidə olunan xaos və hərc-mərcliklə, yoxsulluq və işsizliklə bağlı yaranmış acınacaqlı vəziyyətlə analoji xarakter daşımasına dair fikirlərinə xüsusi diqqət çəkdi və bildirdi ki, Ermənistan hazırda meydandan gələn jurnalistlər tərəfindən idarə olunur, ölkə o dərəcədə rəzil-rüsvay şəraitdə və ordu elə bir acınacaqlı vəziyyətdədir ki, Azərbaycan üçün Dağlıq Qarabağ münaqişəsini həll etmək, itirilmiş torpaqlarımızı geri qaytarmaq üçün çox əlverişli şərait yaranmışdır. Biz əminik ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan əlində olan bütün imkanlardan istifadə edərək, mütləq torpaqlarını düşmən tapdağından azad edəcəkdir.

Yeni Azərbaycan Partiyasının Azərbaycanın ictimai-siyasi həyatında baş verən bütün proseslərdə yaxından iştirak etdiyini xüsusi qeyd edən Ş.Hacıyev cari ilin 18 iyul tarixində Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini – İcra katibi Əli Əhmədovun sədrliyi ilə YAP rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsində müzakirə olunan məsələlər, rayon partiya təşkilatlarının, fəalların, gənclərin qarşısına qoyulan gələcək hədəf və vəzifələr haqqında ətraflı məlumat verdi. Vurğulandı ki, Səbail rayonu, rayon partiya təşkilatı hər zaman ölkədə gedən proseslərdə xüsusi fəallığı ilə seçilmişdir və bundan sonra da bütün proseslərdə fəallığını davam etdirəcəkdir. Azərbaycan öz yolu ilə gedir və axıra qədər gedəcəkdir, çünki bu yol Heydər Əliyev yoludur, inkişaf, tərəqqi yoludur və biz İlham Əliyevin rəhbərliyi altında bu yolla inamla yeni qələbələrə doğru gedirik.

Daha sonra rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında görülmüş işlər haqqında məlumatlar dinlənildi. “Uroloqlar” (Respublika Klinik Uroloji Xəstəxana) ərazi ilk partiya təşkilatının sədri Tahir Məmmədov, “Gənc tamaşaçılar” (Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı) ərazi ilk partiya təşkilatının sədr müavini Ramilə Camalova“Sağlamlıq sahəsi” (“Sağlamlıq Sahəsi” Poliklinikası) ərazi ilk partiya təşkilatının sədr müavini Arzu Səfiyeva təşkilatlarında görülən işlər haqqında məlumatlarla çıxış etdilər. Ərazi ilk partiya təşkilatlarında görülmüş işlər haqqında məlumatlar nəzərə alınaraq, fəaliyyətləri qənaətbəxş qiymətləndirildi.

İclasda, YAP Gənclər Birliyinin Avropa Demokratik Gənclər Birliyinə (DEMYC təşkilatına) tamhüquqlu üzv seçilməsi əlamətdar hadisə və böyük diplomatik uğur olaraq qiymətləndirildi və bu münasibətlə partiya rəhbərliyinin ünvanına təbriklər səsləndirildi.

Sonda cari məsələlər müzakirə olundu və müvafiq qərarlar qəbul edildi.

Tədbirin videoyazısı
SəsTV