Növbəti xeyriyyə aksiyası çərçivəsində aztəminatlı əlil uşaqlara əlil arabaları hədiyyə olundu

YAP Səbail rayon təşkilatında son illər genişmiqyaslı siyasi fəaliyyətlə yanaşı, çoxşaxəli sosial-mədəni tədbirlər də xüsusi prioritet təşkil edir. Rayon partiya təşkilatı hər zaman aztəminatlı rayon sakinlərini, müharibə veteranlarını, şəhid ailələrini, əlilləri, tənha qocaları, yataq xəstələrini, kimsəsizləri diqqət mərkəzində saxlayır və bu həssas sosial durumlu rayon sakinləri üçün mütəmadi olaraq müxtəlif səpkili xeyriyyə aksiyaları həyata keçirir.

Bu gün, bu silsilədən olan növbəti xeyriyyə aksiyası keçirildi.

YAP Səbail rayon təşkilatının təşkilatçılığı və uzun müddətdir ki, rayon partiya təşkilatının xeyriyyə fəaliyyətində yaxından iştirak edən və bir çox sosial yardım aksiyalarının bilavasitə təşəbbüsçüsü və maddi-mənəvi dəstəkçisi olan Aytən xanım Xudaverdiyevanın iştirakı ilə reallaşdırılan sosial yardım aksiyası çərçivəsində əlil arabasına ciddi ehtiyacı olan, hərəkət etmək imkanından məhrum 1-ci qrup əlillərinə – 2 azyaşlı uşağa əlil arabaları hədiyyə olundu.

Respublika Əlillərin Bərpa Mərkəzi ilə məsləhətləşmələr aparılaraq reallaşdırılan və həm Səbail, həm Sabunçu rayonlarını əhatə edən yardım aksiyası zamanı rayon partiya təşkilatının əməkdaşları əlil uşaqları yaşadıqları mənzillərdə ziyarət etdilər və onlara həyatlarını az da olsa asanlaşdıracaq əlil arabalarını fərdi qaydada təqdim etdilər.

Araba alan əlil azyaşlıların ailə üzvləri bütün təşkilatçılara səmimi qəlbdən təşəkkür etdilər və aztəminatlı vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına, Yeni Azərbaycan Partiyasına, rayon rəhbərliyinə və xeyirsevər insanlara dərin minnətdarlıqlarını ifadə etdilər.