Səbail rayonunda 18 oktyabr – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü qeyd olundu
18.10.2018YAP Səbail rayon təşkilatı və Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Sonra Azərbaycanın müstəqilliyindən bəhs edən videoçarx nümayiş olundu.
Tədbir iştirakçılarını əlamətdar gün münasibətilə ürəkdən təbrik edən Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev müstəqilliyin hər bir insan və hər bir dövlət üçün ən böyük sərvət olduğunu diqqətə çatdırdı. XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını müsəlman dünyası üçün möhtəşəm və ağlagəlməz, eyni zamanda hər bir azərbaycanlı üçün qürur mənbəyi olan əlamətdar hadisə olaraq qiymətləndirən millət vəkili bildirdi ki, mövcud olduğu 23 ay kimi qısa müddət ərzində Azərbaycan Xalq Cümhuriyyəti bir çox mütərəqqi işlərə imza atdı, mühüm demokratik təsisatlar və müstəqil dövlətçilik ənənələri yaratdı, hüquqi dövlət bazası formalaşdırdı, Şərqdə qadınlara ilk dəfə səsvermə hüququ bəxş etdi və bu kimi bir sıra islahatlar həyata keçirdi. Azərbaycanın dünyada müstəqil dövlət kimi tanınması üçün əlindən gələni edən Azərbaycan Xalq Cümhuriyyəti dövrün obyektiv və subyektiv səbəblərindən süquta uğradı. Qısamüddətli mövcudluğuna baxmayaraq, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm Cümhuriyyəti yaradanların Azərbaycan xalqı tərəfindən daima böyük ehtiramla yad olunduğunu xüsusi qeyd edən Ş.Hacıyev vurğuladı ki, Azərbaycan Xalq Cümhuriyyəti əslində siyasi və tarixi varisi olan müasir müstəqil Azərbaycan Respublikasının yaranması üçün real zəmin yaratdı. Qeyd olundu ki, SSRİ-nin süquta uğraması nəticəsində Azərbaycanın öz müstəqilliyini bərpa etməsi ölkəmizdə milli azadlıq və milli özünəqayıdış mübarizəsinin bariz təzahürü oldu.
Deputat Azərbaycanın 70 il ərzində SSRİ tərkibindəki formal müstəqilliyinin müxtəlif aspektləri, XX əsrin sonlarında müstəqilliyin ilk illərində cərəyan edən ictimai-siyasi və sosial-iqtisadi hadisələr haqqında ətraflı məlumat verdi. 1991-1993-cü illərin xalqımız və dövlətçiliyimiz üçün çox ağır və ziddiyyətli dövr olduğunu qeyd edən Ş.Hacıyev bildirdi ki, biz biabırçı rəhbərlik və üzüqaralıqla yadda qalan, cənab İlham Əliyevin çıxışlarında ifadə etdiyi kimi “itirilmiş imkanlar” dövrü olan bu illərdən ibrət dərsi almalıyıq. Deputat müstəqilliyimizin ilk 3 ilini iki dövrdə təhlil edərək, birinci dövrü Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrini bürüyən dərin siyasi, sosial-iqtisadi böhran, iqtisadi defolt, ərazilərimizin işğalı, 1 milyondan çox qaçqının yaranması, ölkədə hökm sürən hərc-mərclik, separatçılıq və səriştəsiz idarəçilik dövrü kimi xarakterizə etdi. Millət vəkili diqqətə çatdırdı ki, sabitlik və inkişaf dövrü olan ikinci dövr isə belə çətin vəziyyətdə Azərbaycan xalqının son ümid yeri kimi Naxçıvana üz tutması ilə başladı. Çünki, məhz Naxçıvanda Azərbaycan xalqının böyük oğlu, dahi rəhbər Heydər Əliyev SSRİ-nin hələ mövcudiyyətini davam etdirdiyi dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını və bütün dövlət atributlarını təsdiq etmişdi. Xalqın təkidi və dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin ikinci yarısında hakimiyyətə qayıtması Azərbaycanın qurtuluşu oldu. Qısa müddət ərzində bu dahi şəxsiyyət demək olar ki, Azərbaycanı düşdüyü böhran və çətin vəziyyətdən xilas etdi, düşünülmüş və uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycanın ümummilli inkişaf strategiyasını işləyib hazırladı. Xüsusi vurğulandı ki, SSRİ tərkibində uzun illər totalitar rejimdə yaşayan Azərbaycan müstəqillik qazanmaqla tamamilə yeni ictimai quruluşa qədəm qoydu. Gənc və parçalanmaq ərəfəsində olan dövlətdə tamamilə yeni olan bazar iqtisadiyyatı institutlarını formalaşdırmaq heç də asan məsələ deyildi. Lakin sonraki hadisələr də göstərdi ki, Heydər Əliyev bazar iqtisadiyyatının nəzəri əsaslarını, mexanizmlərini, idarəedilməsini çox gözəl və dəqiqliklə bilirdi. Güclü dövlət güclü iqtisadiyyat üzərində qurulur, iqtisadi müstəqilliyi olmayan dövlətin siyasi müstəqilliyi də ola bilməz. Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizi möhkəmləndirmək üçün gördüyü misilsiz işlər və həyata keçirdiyi tədbirlərə toxunan Ş.Hacıyev bu uğur xronologiyası çərçivəsində SSRİ məkanında ilk dəfə Azərbaycanda torpaq islahatının reallaşdırılmasını, bütün sosial-iqtisadi sahələri idarə etmək üçün zəruri institutların formalaşdırılmasını və əlbəttə ki, Azərbaycanın bugünkü müstəqilliyinin əsas təməli və qarantı olan “Əsrin Müqaviləsi”nin imzalanmasını xüsusilə qeyd etdi.
Ulu Öndərin layiqli siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlməsindən sonra Azərbaycanın müstəqilliyinin tamamilə yeni mərhələdə və keyfiyyət müstəvisində daha da möhkəmləndirilməsi haqqında danışan millət vəkili Azərbaycanın İlham Əliyev dövründə sözün əsl mənasında modern dövlət kimi formalaşdığını diqqətə çatdırdı. “İlham Əliyevin hakimiyyətə gəlməsinin 15 illiyini qeyd etdiyimiz bugünlərdə, geriyə nəzər saldıqda görürük ki, ötən 15 il ərzində Azərbaycanın müstəqilliyinin dönməzliyi təmin olundu, ölkəmiz sağlam siyasi, iqtisadi sabitliyin, vətəndaş həmrəyliyinin mövcud olduğu və güclü orduya malik hüquqi, sivil, qüdrətli dövlətə çevrildi. Bütün bu nailiyyətlər göstərir ki, cənab Prezidentin gördüyü misilsiz işlər 15 ilə sığmayacaq qədər ölçüyəgəlməz və müstəsna əhəmiyyət kəsb edən işlərdir.” deyən Ş.Hacıyev ölkə başçısının ən möhtəşəm uğurları sırasında “Əsrin Kontraktı”nın 2050-ci ilə qədər uzadılmasını, Azərbaycanın onlarla qlobal əhəmiyyətli transkontinental enerji və nəqliyyat layihələrində strateji tərəfdaşa çevrilməsini, Azərbaycan təbii qazının Avropaya nəqlini təmin edəcək olan Cənubi Qaz Dəhlizinin 3 fazasının tamamilə hazır olmasını, beynəlxalq limanının açılışını, Bakı-Tbilisi-Qars və TANAP kimi möhtəşəm layihələrin istifadəyə verilməsini və Xəzər dənizinin statusunun və Azərbaycanın Xəzərdəki payının müəyyənləşdirilməsini xüsusi vurğuladı. Deputat diqqətə çatdırdı ki, Azərbaycanın bütün bu möhtəşəm uğurları bizə deməyə əsas verir ki, biz Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının vəsiyyətlərini, ideyalarını bu gün reallığa çevirə bilmişik. Gələcəkdə bizi daha böyük uğurlar gözləyir, əminik ki, cənab İlham Əliyevin apardığı düşünülmüş daxili və xarici siyasət, eləcə də elmi əsaslara söykənən idarəçilik sisteminin həyata keçirilməsi nəticəsində Azərbaycan bundan sonra da möhtəşəm nailiyyətlərə imza atacaqdır. Biz xoşbəxtik ki, Azərbaycanın müstəqil dövlətçiliyi var, dövlətimiz heç kimdən asılı deyil, müstəqil siyasət yürüdür və Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Yaşasın müstəqil Azərbaycan dövləti!
Sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş partiya üzvlərinə vəsiqələr təqdim olundu.
Tədbir konsert proqramı ilə davam etdi.