Səbail rayonunda 2018-ci ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr müzakirə olundu

Səbail rayon İcra Hakimiyyətində 2018-ci ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.

Rayonun idarə, təşkilat və müəssisələrinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərlərinin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yığıncağı Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Abit Əliyev açıq elan etdi. 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə yğıncaq iştiriakçılarını ürəkdən təbrik edən A.Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin proqram xarakterli nitqinin bir sıra məqamlarına toxunaraq, ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələr və konkret tapşırıqlar, həmçinin cari ilin 9 ayında Səbail rayonunda görülən işlər, həyata keçirilən layihələr, sosial-iqtisadi inkişafda əldə olunmuş uğurlar, mövcud problemlər və onların aradan qaldırılması yolları barədə ətraflı məlumat verdi.

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev rayonda 2018-ci ilin doqquz ayının yekunlarına dair geniş hesabat məruzəsi ilə çıxış etdi.

Çıxış edən Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev Bakı şəhərinin mərkəzi rayonu olan, bir çox hallarda “paytaxtın paytaxtı” adlandırılan Səbail rayonunda son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərinin və sosial layihələrin rayon sakinləri tərəfindən böyük rəğbətlə qarşılandığını xüsusi qeyd etdi. Deputat vurğuladı ki, ölkə rəhbərinin daima xüsusi diqqəti və qayğı mərkəzində saxladığı Səbail rayonunda bu gün mövcud olan ictimai-siyasi sabitlik, əmin-amanlıq, rahat və sakit yaşayış şəraiti, vətəndaşlara göstərilən xidmət, daxil olan müraciətlərin yerindəcə həll olunması bütün rayon sakinləri tərəfindən təqdir olunur.

2018-ci ilin 9 ayı ərzində Azərbaycana ümumilikdə 1,5 milyon nəfər əcnəbi turistin gəldiyini bildirən millət vəkili qeyd etdi ki, onların mütləq əksəriyyəti məhz Bakı şəhərində və Səbail rayonunda olurlar. Bu qədər çoxsayda turistin, müxtəlif mentalitet, mədəniyyət nümayəndələrinin Səbail rayonunu ziyarət etməsinə baxmayaraq, rayonda bir dənə də olsun neqativ hadisənin qeydə alınmaması Səbail rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə və digər strukturlarının təqdirəlayiq, məsuliyyətli işinin nəticəsidir.

Ş.Hacıyev Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu Bakı şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini təyin olunması münasibətilə ürəkdən təbrik etdi və qeyd etdi ki, bu təyinat bütün Səbaillilər və respublika ictimaiyyəti tərəfindən alqışlanmış və müsbət qiymətləndirilmişdir. Deputat bildirdi ki, Eldar Əzizov yüksək intellekt və elmi potensiala malik olan, Heydər Əliyev, İlham Əliyev siyasətinə canıyla-qanıyla bağlı olan, uzunmüddətli idarəçilik təcrübəsi olan çox mehriban və mədəni ziyalımızdır. “Eldar müəllimi bu təyinat münasibəti ilə bütün Səbaillilər adından səmimi qəlbdən təbrik edir və bildiririk ki, Səbaillilər həmişə olduğu kimi onun yanındadır.”

Bugünkü yığıncağın çox əlamətdar tarixi günə, müasir tariximizin ən mühüm hadisəsi olan Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünə təsadüf etdiyini qeyd edən millət vəkili müstəqilliyin Azərbaycan xalqı üçün ən müqəddəs nemət olduğunu xüsusi vurğuladı. Qeyd olundu ki, hər bir Azərbaycan türkünün qanında həmişə azadlıq sevərlik, müstəqillik ruhu olub. Müstəqil olmaq hər bir insan, xalq və dövlət üçün hər şeydən üstündür. Ş.Hacıyev müstəqillik, onun dəyəri və xalqımız üçün əhəmiyyəti haqqında Ümummili Lider Heydər Əliyevin bir neçə əbədiyaşar kəlamlarını diqqətə çatdıraraq, bildirdi ki, Ulu Öndərin yaddaşımıza əbədi həkk olunmuş aforizmlərindən biri də, “Azərbaycan dünyaya bir günəş kimi doğacaq” kəlamıdır. “Bu günəş məhz 15 oktyabr 2003-cü il tarixində yüksəlməyə başladı” deyən deputat bildirdi ki, bugünlərdə biz Azərbaycanın ictimai-siyasi həyatında daha bir əlamətdar hadisənin – ölkə rəhbəri cənab İlham Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 15-ci ildönümünü qeyd etdik. Bu 15 il ərzində möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkənin bütün sosial-iqtisadi sahələrində əldə olunmuş misilsiz uğurlar, Azərbaycanın istər daxili, istər xarici siyasətində baş verən inqilabi dəyişikliklər haqqında geniş danışan Ş.Hacıyev diqqətə çatdırdı ki, bu dövr ərzində İlham Əliyevin apardığı düşünülmüş, uzaqgörən və müdrik siyasət nəticəsində Azərbaycanın müstəqil dövlətçiliyi daha da möhkəmləndirildi, Azərbaycan geosiyasi və geoiqtisadi proseslərin ən fəal aktorlarından birinə çevrildi, qlobal transkontinental layihələrə imza atdı, dünyanın ən müasir silahları ilə təchiz olunmuş güclü ordu yaratdı, kosmik ölkələr klubunun üzvünə, beynəlxalq multikulturlizm, tolerantlıq və İslam həmrəyliyi mərkəzinə, idman ölkəsinə çevrildi. Bu yaxınlarda daha bir böyük uğura imza atıldı, Xəzər dənizinin hüquqi statusu Xəzəryanı ölkələr tərəfindən müəyyən olundu. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi bütün bu möhtəşəm nailiyyətlər bir daha sübut edir ki, Ulu Öndərin “İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir” kəlamı bu 15 il ərzində reallaşmışdır.

Səbaillilərin hər zaman möhtərəm Prezidentimizin yanında olduğunu qeyd edən Ş.Hacıyev, bildirdi ki, 2018-ci ilin 11 aprel tarixində Səbail rayonunda yüksək siyasi fəallıq şəraitində keçirilən Prezident seçkilərində cənab İlham Əliyev rayon üzrə seçicilərin 87.9% səsini qazanmışdır. Bu göstərici Səbail rayonunda indiyədək keçirilən seçkilərdə ən yüksək göstəricidir. Bu nəticələr həm cənab Prezidentin gördüyü işlər, həm də Onun şəxsi keyfiyyətləri, yüksək idarəçilik bacarığı ilə əlaqədardır. Hazırda dünyada çox az ölkə var ki, ölkə başçısının xalq arasındakı reytinqi, eləcə də ölkədəki vətəndaş həmrəyliyi, xalq-iqtidar birliyi bu dərəcədə yüksək olsun.

Deputat bütün Səbaillilər adından ölkə rəhbərini bu əlamətdar tarix – Azərbaycanda hakimiyyətə gəlməsinin 15 illiyi münasibətilə ürəkdən təbrik etdi, cənab İlham Əliyevə və ailə üzvlərinə möhkəm cansağlığı, uzun ömür arzuladı. Allah Prezidentimizi Azərbaycan xalqına və bütün Türk dünyasına çox görməsin! Amin!

Yığıncaqda digər çıxış edənlər yerli infrastruktur layihələrinin icra olunması, məşğulluq səviyyəsinin artırılması və yeni iş yerlərinin açılması ilə bağlı əlavə tədbirlərin görülməsi, nəzərdə tutulan yeni abadlıq-quruculuq layihələri, yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması üçün onların asudə vaxtlarının təşkili ilə bağlı əlavə tədbirlərin görülməsi və s. məsələlərə toxundular.