Türkiyənin Kayseri şəhərində Xocalı parkının, Xocalı soyqırımı abidəsinin və Ümummilli Lider Heydər Əliyevin adını daşıyan tələbə yataqxanasının açılışı oldu

Oktyabrın 20-də Türkiyənin Kayseri şəhəri 3 möhtəşəm tədbirə ev sahibliyi etdi. Burada Heydər Əliyev Fondunun, Türkiyənin Ərciyəz Universitetinin və Talas Rayon Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Müasir dünyada dialoq” mövzusunda konfrans keçirildi, Xocalı parkının və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı oldu, eləcə də Heydər Əliyev Fondu və Abdullah Gül Vəqfinin birgə təşkilatçılığı ilə Abdullah Gül Universitetinə məxsus təhsil kompleksində Heydər Əliyev adına tələbə yataqxanası istifadəyə verildi.

Tədbirlərdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov, Milli Məclisin deputatları Şəmsəddin Hacıyev, Elman Məmmədov, Rusiya Dövlət Dumasının 8 üzvü, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin birinci vitse prezidenti Rasim Məmmədov, Türkiyəli millət vəkilləri, dövlət rəsmiləri, Azərbaycan, Rusiya və Türkiyədən dəvət olunmuş ictimaiyyət nümayəndləri, elm adamları və ziyalılar iştirak etdilər.

***

Ərciyəz Universitetinin ev sahibliyi ilə keçirilən “Müasir dünyada dialoq” mövzusunda konfransda Azərbaycan nümayəndə heyəti, Ərciyəz Universitetinin rektoru Mustafa Çalış, Rusiya Dövlət Dumasının təmsilcisi Ramin Qasımov, bu ölkədən olan deputatlar – Aksana Puşkina, İrina Radnina, Dimitri Savelyev, İrek Zinnurov, Sergey Marinin, Tatyana Tibizova, Elena Strokova, türkiyəli millət vəkilləri, siyasətçilər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak etdilər. Konfransda Türkiyənin ən köklü universitetlərindən biri olan Ərciyəz Universitetinin dünya elminə qazandırdığı uğurlardan danışıldı, hər üç ölkənin bu təhsil ocağından dünyaya mesaj verməsinin əhəmiyyəti vurğulandı.

Beynalxaq miqyasda ölkələrarası dialoqun əhəmiyyətinə diqqət çəkən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov çıxışında ölkəmizdə multikulturalizm dəyərlərinin ən üst səviyyədə olduğunu və dil, din, irq, cinsiyyət, siyasi görüş güdmədən bütün xalqların azad və firavan yaşadığını xüsusi qeyd etdi. Ə.Həsənov beynəlxalq dialoqun əhəmiyyətinə diqqət çəkərək, bu məsələdə özünü dünya dövlətlərindən təcrid edən Ermənistanın işğalçılıq siyasətindən danışdı. Vurğulandı ki, Azərbaycan və Türkiyə sülh, tərəqqi və inkişaf siyasəti yürüdür. Azərbaycan bütün dövlətlərlə mehriban münasibətdə olmaqda maraqlıdır. Biz heç bir ölkənin daxili işlərinə qarışmırıq və ərazi bütövlüyünə qarşı deyilik. Eyni zamanda, bütün ölkələrdən də ərazi bütövlüyümüzə hörmətlə yanaşılmasını və daxili işlərimizə qarışılmamasını istəyirik. Azərbaycanın həyata keçirdiyi bütün iqtisadi layihələr region ölkələrinin kompleks inkişafı üçün düşünülüb. Azərbaycanın həyata keçirdiyi üçtərəfli və dördtərəfli əməkdaşlıq platformalarının real nəticələri var. Əli Həsənov təəssüf hissi ilə bildirdi ki, təcavüzkar Ermənistan dövləti Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir. Bu siyasət zərərli və təhlükəlidir.

Çıxışlarda Azərbaycan, Türkiyə və Rusiya arasında reallaşan üçtərəfli əlaqələrin inkişaf etdirilməsi barəsində danışıldı.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim təşkil olunan konfransın əhəmiyyətini yüksək dəyərləndirərək qeyd etdi ki, müasir dünyada dialoq çağırışı etmək sülh və sabitlik siyasətinin tərənnümüdür.

“Vətən” qəzetinin guşə yazarı Kürşad Zorlu müasir dövrdə dialoqun əhəmiyyətindən danışdı. Mehriban dostluq və səmimi qonşuluq siyasətinin böyük önəm daşıdığını qeyd edən jurnalist Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs etdi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan tədqiqatçı təcavüzkar dövlətin işğalçılıq siyasətini təkcə Azərbaycan üçün deyil, bütün sülhsevər ictimaiyyət üçün təhlükə adlandırdı. O bildirdi ki, əgər dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həllinə nail olmasa bu problem region üçün təhlükə mənbəyi kimi davam edəcək.

Rusiya Federasiyası Dövlət Dumasının deputatları İrina Rodnina, Dmitri Savelyev, Oksana Puşkina və Dumanın məsul əməkdaşı Ramin Qasımov mövzu ətrafında fikir və mülahizələrini bölüşdülər. Dmitri Savelyev qeyd etdi ki, Rusiya Azərbaycan, Türkiyə və İranla səmimi münasibətləri, çoxistiqamətli əməkdaşlıq siyasətini davam etdirməkdədir. Bu siyasətin daha faydalı nəticələr verməsi üçün Azərbaycan, Türkiyə, Rusiya və İran arasında dördtərəfli formatda əməkdaşlığın qurulması mühüm əhəmiyyət daşıyır. Digər deputatlar Rusiyanın Azərbaycan və Türkiyə ilə münasibətlərini inkişaf etdirmək üçün belə tədbirlərin böyük təsirə malik olduğunu söylədilər. Ramin Qasımov diqqətə çatdırdı ki, Azərbaycan, Türkiyə və Rusiya millət vəkillərinin iştirakı ilə belə bir konfransın təşkil olunması böyük əhəmiyyət daşıyır. Bu cür görüşlər qarşılıqlı faydalı əlaqələrin əsasını təşkil edir.

İkitərəfli əməkdaşlıq əlaqələrinin dördtərəfli platformaya keçirilməsi ideyasının yüksək əhəmiyyət daşıdığını qeyd edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım əminliklə bildirdi ki, belə bir təşəbbüs bütün tərəflərin maraqlarını əks etdirir. Çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə geniş yer ayıran Şamil Ayrım Ermənistanın beynəlxalq hüququn normalarına məhəl qoymadan Azərbaycan torpaqlarının 20 faizini işğalda saxlamasını sülhsevər dünya ictimaiyyətinə qarşı həqarət kimi dəyərləndirdi. Türkiyəli deputat bildirdi ki, əgər təcavüzkar Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməsəydi, Türkiyəyə qarşı əsassız iddialarda olmasaydı, nəhayət, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, digər beynəlxalq təşkilatların tələblərinə əməl etsəydi Azərbaycanın və Türkiyənin liderliyi ilə həyata keçirilən layihələrdən kənarda qalmazdı.

Ərciyəz Universitetinin məzunu Nəcəf Qəmbərov təhsil aldığı ali məktəbdə belə bir konfransın keçirilməsinin önəmli olduğunu qeyd etdi.

***

Oktyabrın 20-də Kayseri şəhərində keçirilən silsilə tədbirlər çərçivəsində Talas bələdiyyəsi ərazisində Xocalı faciəsinin qurbanlarının xatirəsinin əbədiləşdirildiyi “Xocalı parkı” və “Xocalı abidəsi”nin açılış mərasimi keçirildi.

Əvvəlcə Ulu Öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, eləcə də Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildi.

Xocalı soyqırımını bəşəriyyətə qarşı cinayət kimi dəyərləndirən Talas Rayon Bələdiyyəsinin sədri Mustafa Palancıoğlu bu faciəni törədənlərin beynəlxalq ədalət məhkəməsi tərəfindən mühakimə olunmasının vacibliyindən danışdı. Bələdiyyə sədri qeyd etdi ki, bütün Türkiyə xalqı Xocalı soyqırımını öz dərdi kimi yaşayır. Bu parkda Xocalı şəhidlərinin hər birinin xatirəsinə ehtiram əlaməti olaraq 613 ağac əkilib.

Xocalı parkının salınması və şəhidlərin xatirəsinə abidə ucaldılmasında əməyi olan bütün şəxslərə Azərbaycan dövləti adından təşəkkürünü ifadə edən Prezidentin köməkçisi Əli Həsənov Xocalı soyqırımının dəhşətləri barədə danışdı. Sovetlər İttifaqı dağılandan sonra əhatə dairəsinə və cinayətin metodologiyasına görə ən dəhşətli faciənin Xocalı soyqırımı olduğunu diqqətə çatdıran Prezidentin köməkçisi qeyd etdi ki, 26 ildir bu qanlı cinayətin acılarını yaşayırıq. Xocalı soyqırımını törədənlər Ermənistan dövlətinə rəhbərlik ediblər, onlara BMT tribunasında meydan verilib. Biz Xocalı haqqında həqiqətləri dünyaya çatdırmaqla, Xocalı barədə kitablar nəşr etdirməklə, abidələr qoymaqla erməni xalqına qarşı düşmən əhval-ruhiyyəsi aşılamaq istəmirik. Biz erməni xalqının içərisindən çıxmış, uzun müddət hakimiyyətdə olmuş o cinayətkarları dünyaya tanıtdırmaq istəyirik. Bunların törətdiyi əməllərin mahiyyətini dünyaya çatdırmaq istəyirik ki, bir də tarixdə belə qanlı faciələr təkrarlanmasın. Tarix buna qiymət vermədikcə belə halların təkrarlanması mümkün ola bilər. Buna görə də sülhsevər bəşəriyyəti bu faciəyə düzgün qiymət verməyə çağırırıq.

Sonra çıxış edən Rusiya Federasiyası Dövlət Dumasının məsul əməkdaşı Ramin Qasımov Xocalı parkının və abidəsinin açılışında Rusiyanı təmsil edən geniş heyətin iştirakının önəmini bildirdi. O vurğuladı ki, Xocalı şəhərində beynəlxalq hüququn qadağan etdiyi faşist əməlləri törədilib. Bu gün biz Rusiya nümayəndə heyəti olaraq burada iştirak edir və bu qətliam barədə həqiqətləri bütün dünyaya çatdırmaq istəyirik. Biz bu faciəni heç vaxt unutmayacağıq. Bu dəhşətli faciəni yaşayan şahidlərin danışdıqlarını eşidənlər göz yaşlarını saxlaya bilmirlər. Əminik ki, bu qətliamı törədənlər gec-tez öz cəzalarını alacaqlar.

Dmitri Savelyev çıxışında bildirdi ki, 26 il əvvəl Xocalıda dəhşətli faciə törədilib, dinc sakinlərə hücum edilib. Bu cinayət nəticəsində 613 günahsız insan qətlə yetirilib. Bu, soyqırımıdır. Bunu törədənlər isə indiyədək cəzalarını almayıblar. Biz hamılıqla çalışmalıyıq ki, Xocalı soyqırımı barədə həqiqətləri bütün dünyaya çatdıraq və bu faciəni törədənlər cəzalarını alsınlar. Türkiyədə təhsil alan xarici tələbələr öz dövlətlərinin rəhbər şəxslərinə təsir göstərməli, Xocalı soyqırımı ilə bağlı ölkələrinin parlamentlərinə çağırış etməlidirlər. Belə bir vəhşiliyin cəzasız qalmaması üçün onlar təbliğat işlərinə qoşulmalıdırlar.

Xocalı soyqırımını təkcə Azərbaycanın yox, bütün insanlığın faciəsi kimi dəyərləndirən Şamil Ayrım bildirdi ki, Ermənistan təcavüzkar siyasətindən əl çəkməli, işğal altındakı Azərbaycan torpaqlarını geri qaytarmalıdır. O qeyd etdi ki, bu gün Türkiyə xalqı Xocalı soyqırımı acısı ilə yaşayır. Hər kəs bu soyqırımı barədə məlumatlandırılmalıdır. Videolar, fotolar, şahidlər var, amma dünyanın böyük bir hissəsi yenə də susur. Xocalı soyqırımını bütün dövlətlər tanımalıdır.

Milli Məclisin deputatı Elman Məmmədov 1992-ci fevralın 25-dən 26-na keçən gecə şahidi olduğu soyqırımı barədə dəhşətləri tədbir iştirakçıları ilə bölüşdi. O bildirdi ki, həmin gecə ermənilər qocalara və qadınlara, uşaqlara rəhm etməyiblər. Bu soyqırımını təcavüzkar Ermənistan dövləti və erməni terror təşkilatları törədib. Cəsədlər təhqir olunub. Bu cinayəti törədənlər bu gün sərbəst gəzirlər, beynəlxalq tribunlarda onlara söz demək üçün şərait yaradılır.

Ərciyəz Universitetinin məzunu Nəcəf Qəmbərov əmin olduğunu bildirdi ki, Dağlıq Qarabağ problemi gec-tez beynəlxalq hüququn normaları əsasında öz həllini tapacaq. Azərbaycan işğal altında olan ərazilərini təcavüzkardan azad edəcək və bir gün Xocalı şəhərində Kayseri parkı salınacaq.

***

Oktyabrın 20-də Türkiyənin Kayseri şəhərində Heydər Əliyev Fondu və Abdullah Gül Vəqfinin birgə təşkilatçılığı ilə Abdullah Gül Universitetinə məxsus təhsil kompleksində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan tələbə yataqxanasının açılışı keçirildi.

Açılış mərasimində hər iki ölkənin dövlət və hökumət rəsmiləri, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov, Türkiyənin 11-ci Prezidenti Abdullah Gül, Kayseri vilayətinin rəhbəri Süleyman Kamçı, Azərbaycan, Türkiyə və Rusiya deputatları, Abdullah Gül Universitetinin professor-müəllim heyəti və tələbələri, QHT və KİV təmsilçiləri iştirak etdilər.

Əvvəlcə Ulu Öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xatirələri bir dəqiqəlik sükutla yad olundu.

Sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildi.

Abdullah Gül Vəqfinin sədri Mustafa Çıkrıkçıoğlu rəhbərlik etdiyi qurumun məqsədlərindən danışdı. O, Ümummilli Lider Heydər Əliyevin xidmətlərindən bəhs edərək universitetin tələbə yataqxanasına Ulu Öndərin adının verildiyini söylədi. Bildirildi ki, məqsəd onun adının əbədiləşdirilməsidir.

Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov çıxış edərək qeyd etdi ki, bu gün Kayseridə keçirilən mühüm tədbirlər Türkiyə ilə qardaşlıq münasibətlərimizin göstəricisidir. Ulu Öndər Heydər Əliyevin Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadəsindən qaynaqlanaraq “Bir millət, iki dövlət” fikri ilə Azərbaycan və Türkiyə üçün tarixi əhəmiyyət daşıyan inkişaf strategiyasının təməlini qoyduğunu diqqətə çatdıran Əli Həsənov vurğuladı ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri və yenicə istifadəyə verilən “Star” neft emalı zavodu bu təməlin mühüm nəticələrindəndir. Əli Həsənov əminliklə bildirdi ki, bu yataqxanada yaşayan tələbələr ulu öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün öz vətənləri və xalqları naminə yaşadıqları fədakar həyatı özlərinə örnək götürəcəklər.

Türkiyənin 11-ci Prezidenti Abdullah Gül çıxışında bildirdi ki, Heydər Əliyev həyatının bütün dövrlərində yorulmaz fəaliyyət göstərib. Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran Abdullah Gül qeyd etdi ki, Azərbaycana hər səfərində böyük inkişafın şahidi olur. O, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İzmir şəhərində “Star” neft emalı zavodunun istifadəyə verilməsini iki qardaş ölkənin tarixi uğuru adlandırdı.

Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xilaskarlıq missiyasından, türk dünyasının inkişafı üçün gördüyü işlərin tarixi əhəmiyyətindən, o cümlədən Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı naminə xidmətlərindən bəhs etdi. Deputat vurğuladı ki, belə bir möhtəşəm universitetin tələbə yataqxanasına Heydər Əliyevin adının verilməsi Ulu Öndərin şəxsiyyətinə göstərilən ehtiramdır.

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev və Dumanın məsul əməkdaşı Ramin Qasımov Heydər Əliyev şəxsiyyəti barədə fikirlərini bildiriblər. Dmitri Savelyev diqqətə çatdırdı ki, keçmiş SSRİ rəhbərliyində hər zaman prinsipiallığı, qətiyyəti, işgüzarlığı ilə seçilən Heydər Əliyev nəhəng siyasi xadim kimi tarixdə ad qazanıb.

Tədbirdə digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin qurub-yaratmaq eşqindən, həyata keçirdiyi böyük layihələrdən, onun prinsipiallığından danışdılar. Diqqətə çatdırıldı ki, Heydər Əliyev şəxsiyyəti tarixin bütün dövrlərində ehtiramla yad olunacaq, onun şəxsiyyətinə hər zaman ehtiram göstəriləcək.

Mərasim keçirilən salonda Ümummilli Lider Heydər Əliyevin mənalı həyatını və çoxşaxəli siyasi fəaliyyətini əks etdirən kitablar və fotolar sərgilənirdi.

Heydər Əliyev adına tələbə yataqxanası 9 min kv. metr ərazini əhatə edir. Üç blokdan ibarət yataqxanada 375 tələbə yaşayacaq. Bu müasir yataqxanada tələbələrin rahat yaşayışı üçün hər cür şərait yaradılıb.

 

Tədbirlərin videoyazıları

AzTV_Türkiyənin Ərciyəz Universitetində “Müasir dünyada dialoq” mövzusunda konfrans keçirildi

AZƏRTAC_Kayseri şəhərində Xocalı parkının və Xocalı şəhidləri abidəsinin açılışı olub

AZƏRTAC_Kayseridə Heydər Əliyev adına tələbə yataqxanası istifadəyə verilib

XəzərTV

İctimaiTV

DHA_Kayseri’de Hocalı Şehitler Anıtı düzenlenen törenle açıldı

Anadolu Ajansı_Kayseridə Heydər Əliyev adına tələbə yataqxanası istifadəyə verildi