Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycanda islam mədəniyyəti tarixindən” adlı seminar və kitab təqdimatı keçirildi
30.10.2018AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycanda islam mədəniyyəti tarixindən” adlı seminar və İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi, t.ü.f.d. Əli Fərhadovun “Şimali Azərbaycanda islam maarifçiliyi hərəkatı (XIX-XX əsrin əvvəlləri)” (Bakı, 2017, 304 s., elmi redaktor: t.ü.e.d. İradə Bağırova) adlı monoqrafiyasının tanıtımı və təqdimatı keçirildi.
Milli Azərbaycan Tarixi Muzeyi və YAP Səbail “Azərbaycan tarixçiləri” ərazi ilk partiya təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Dillər Universitetinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, Yeni Azərbaycan Partiyasının üzvləri də iştirak etdilər.
Qonaqları salamlayan Muzeyin direktoru akademik Nailə Vəlixanlı Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına uyğun olaraq milli-mədəni maarifçilik, multikulturalizm və islam həmrəyliyi mövzularında mütəmadi seminarlar təşkil edildiyini bildirdi və bugünkü tədbirin də maarifçilik məqsədilə təşkil edildiyini, həmçinin, t.ü.f.d. Əli Fərhadovun “Şimali Azərbaycanda islam maarifçiliyi hərəkatı (XIX-XX əsrin əvvəlləri)” adlı monoqrafiyasının tanıtımı və təqdimatı səbəbilə keçirildiyini qeyd etdi.
Sonra ADU Multikulturalizm Mərkəzinin aparıcı elmi işçisi, fil.ü.f.d. Afət Musayeva “Azərbaycanda multikulturalizm və islam həmrəyliyinin təbliğindən” mövzusunda çıxış etdi.
Çıxış edən AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, dos., t.ü.f.d. Dilavər Əzimli institutda Azərbaycanın orta əsrlər tarixinin qaranlıq səhifələrinin tədqiqi sahəsində aparılan elmi araşdırmalar haqqında məlumat verdi.
Daha sonra Etnoqrafiya elmi fond şöbəsinin əməkdaşları – t.ü.f.d. Tural Şiriyev “Milli-mədəni irsin təbliğ edilməsinin gənc nəslin formalaşmasında rolu” və Etnoqrafiya fondunun müdiri Sevinc Nəsirova “İslam mədəniyyətinin toxuculuq məmulatlarında əksi” mövzularında məruzə oxudular. İştirakçılara Azərbaycanın islam mədəniyyəti tarixində oynadığı rol, islam mədəniyyətinin müasir təhsil prosesində təbliği haqqında məlumat verildi.
Sonra t.ü.f.d. Əli Fərhadov “Şimali Azərbaycanda islam maarifçiliyi hərəkatı (XIX-XX əsrin əvvəlləri)” adlı monoqrafiyasının tanıtımı və təqdimatı mövzusunda çıxış etdi. Bildirildi ki, monoqrafiya AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarı ilə nəşr olunub. Monoqrafiyada Çar Rusiyasının Azərbaycan ruhaniliyinə və xalqına missioner münasibəti, Azərbaycanın mütərəqqi din xadimlərinin, ziyalıların fəaliyyət və yaradıcılığında islam maarifçiliyi mövzusu araşdırılıb. Mövzu dövrün mətbuatı və s. qaynaqları, o cümlədən, Bakı qazisi, Quranın Azərbaycan dilinə ilk tərcüməçisi və şərhçisi Mir Məhəmməd Kərim əl-Bakuvinin “Kəşfül-həqayiq” əsəri (Tiflis, 1904-1906) əsasında ətraflı tədqiq edilib. “Kəşfül-həqayiq” əsəri Əli Fərhadovun Azərbaycan dilinə sadələşdirməsiylə QMİ tərəfindən 2014-cü ildə nəşr edilmişdir. Çıxışda islam həmrəyliyi və maarifçilik sahəsində fəaliyyət göstərən azərbaycanlı ziyalılar və əsərləri haqqında geniş məlumat verildi. Bu ziyalıların fəaliyyətinin günümüzün multikulturalizm və islam həmrəyliyi siyasətinə uyğun olduğu bildirildi.
Sonda iştirakçıların sualları ətraflı cavablandırıldı və arzu edənlərə t.ü.f.d. Əli Fərhadovun “Şimali Azərbaycanda islam maarifçiliyi hərəkatı (XIX-XX əsrin əvvəlləri)” adlı monoqrafiyası hədiyyə edildi.