YAP Səbail rayon təşkilatının Rayon Şurası və İdarə Heyətinin geniş iclası keçirildi

Noyabrın 1-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının Rayon Şurası və İdarə Heyətinin geniş iclası keçirildi.

İclasda rayon partiya təşkilatının qarşıda duran vəzifələri, ərazi ilk partiya təşkilatlarında görülən işlər, ilin sonunadək keçirilməsi nəzərdə tutulan tədbirlər, digər cari məsələlər müzakirə edildi və müvafiq qərarlar qəbul olundu.

Sonuncu iclasdan ötən dövrdə görülən işlər, ölkəmizin ictimai-siyasi həyatında baş verən əlamətdar hadisələr və yeniliklər barədə danışan YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin ölkəmizdə və Azərbaycanın hüdudlarından kənarda geniş qeyd olunduğunu, Azərbaycan Ordusunun və Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə Bakıda möhtəşəm hərbi paradların keçirildiyini xatırlatdı. Deputat qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bütün türk və müsəlman dünyasında mühüm tarixi hadisə idi. Şərqdə ilk demokratik parlament respublikasının məhz Azərbaycanda yaradılması xalqımız üçün çox fərəhli və qürurverici məqamdır. Çox az müddət fəaliyyət göstərsə də, Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən cəmiyyətin demokratikləşməsi istiqamətində əhəmiyyətli işlər görüldü, ən başlıcası isə müasir Azərbaycanın müstəqilliyi üçün ilkin təməllər formalaşdırıldı.

Millət vəkili 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpa olunmasından sonra ölkəmizdə cərəyan edən dağıdıcı proseslərdən bəhs edərək vurğuladı ki, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi ilə ölkəmiz üçün tamamilə yeni dövr başladı. Müasir Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 10 il ərzində misli görülməmiş fədakarlıqlar göstərdi, sözün əsl mənasında xilaskarlıq missiyasını yerinə yetirdi, ölkəmizi yox olmaq təhlükəsindən və dərin böhran uçurumundan xilas etdi, Azərbaycanı inkişaf yoluna çıxartdı və etibarlı əllərə əmanət etdi. Qeyd olundu ki, 2003-cü ildən etibarən Azərbaycan ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə dinamik tərəqqi yoluna qədəm qoydu, möhtəşəm uğurlara imza atdı və müstəqil, cəsarətli siyasət yürüdən azsaylı dünya ölkələrindən birinə çevrildi.

Ş.Hacıyev diqqətə çatdırdı ki, bu il ən yeni siyasi tariximizin daha bir möhtəşəm hadisəsinin, ölkə başçısı, partiyamızın Lideri Prezident İlham Əliyevin ali dövlət vəzifəsinə seçilməsinin 15-ci ildönümü tamam oldu. Bu tarix bütünlükdə xalqımız üçün, eləcə də Yeni Azərbaycan Partiyasının hər bir üzvü üçün çox əziz və qürurverici hadisədir. Ölkəmizin tarixinə qızıl hərflərlə yazılan bu 15 illik dövrdə Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bir neçə onillik ərzində qazanıla biləcək uğurlara nail oldu. Cənab İlham Əliyev bu illər ərzində Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirdi, əbədiləşdirdi, dönməz etdi. Ölkə başçısının siyasətinin ilk gündən etibarən yalnız xalqımızın milli mənafelərinin qorunması üzərində qurulduğunu vurğulayan deputat xüsusi qeyd etdi ki, bu gün müstəqil Azərbaycan dövlətinin iqtisadi, hərbi qüdrəti ildən-ilə artır. Təkcə onu demək kifayətdir ki, Prezident İlham Əliyevin hakimiyyəti dövründə ölkə iqtisadiyyatı 3,2 dəfə artıb, strateji valyuta ehtiyatları 45 milyard dollara çatıb və Azərbaycan regionda lider dövlətə çevrilib. Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz nəhəng transmilli layihələrin həyata keçirilməsinə nail olub. Bu layihələr Azərbaycan ilə yanaşı, regionda da əməkdaşlığın inkişafına və əhalinin rifahının yaxşılaşdırılmasına mühüm töhfələr verir. Bu gün Azərbaycanda yaradılan siyasi-iqtisadi sabitlik, xalq-iqtidar birliyi və Prezidentin şəxsi nüfuzu dövlətimizin başçısına tam müstəqil və uğurlu siyasət yürütməyə imkan verir.

Azərbaycanın dünyada həm də zəngin multikulturalizm ənənələri ilə tanındığını qeyd edən Ş.Hacıyev diqqətə çatdırdı ki, bu gün multikulturalizm və tolerantlıq ölkəmizdə dövlət siyasəti səviyyəsinə qaldırılmış, xalqımızın real həyat tərzinə çevrilmişdir. Azərbaycanda sözün əsl mənasında vətəndaş cəmiyyəti, hüquq dövləti formalaşmışdır. Ölkə başçısı 2003-cü ildə verdiyi bütün vədləri artıqlaması ilə yerinə yetirir və ötən dövr ərzində hər bir azərbaycanlının prezidenti olduğunu sübut etmişdir. Ökəmizdə yaranmış vətəndaş həmrəyliyinin, multikultural və tolerant mühitin əsasında məhz azərbaycançılıq məfkurəsi, azərbaycançılıq konsepsiyası dayanır. Azərbaycanın sürətli inkişafı istiqamətində həyata keçirilən tədbirlərdə YAP-ın da mühüm rol oynadığını vurğulayan Ş.Hacıyev bu baxımdan partiyanın Səbail rayon təşkilatının da xüsusi fəallığı ilə seçildiyini bildirdi.

Sədr YAP Səbail rayon təşkilatı tərəfindən il ərzində, o cümlədən sonuncu iclasdan ötən müddətdə həyata keçirilən tədbirlər və görülən işlər barədə ətraflı məlumat verdi. Təşkilatın sədri son dövrdə partiya sıralarına qəbul olunan üzvlər arasında gənclərin və qadınların sayının artdığını məmnunluqla vurğuladı. Bildirildi ki, təşkilatın sıralarına yeni qəbul olunan üzvlərin 64 faizini gənclər, 48 faizini qadınlar təşkil edirlər.

Sonda gündəlikdə duran digər məsələlər müzakirə olundu, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparıldı.

Tədbirin videoyazısı
SəsTV