Milli Azərbaycan Tarixi Muzeyində “Mübarizin yolu” adlı tədbir keçirildi
01.11.2018AMEA Milli Azərbaycan Tarixi Muzeyində Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş “Mübarizin yolu” adlı tədbir keçirildi. “Qarabağ müharibəsi şəhidlərini tanıyaq” layihəsi çərçivəsində təşkil olunan layihə Muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə baş tutdu.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Tədbiri açan Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Bəhman Kərimov iştirakçıları salamlayıb, mövzunun əhəmiyyətindən danışdı.
Daha sonra Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyev çıxış etdi. Şəhid Mübariz İbrahimovun gənclərə nümunə olacaq döyüş yolundan danışan M.Əliyev gənclər arasında vətənpərvərlik ruhunun aşılanması, qəhrəmanlarımızın təbliği məqsədinin əhəmiyyətini vurğuladı.
Sonda 95 saylı Ağdam köçkün məktəbinin 9-cu sinif şagirdi Nigar Osmanova “Mübariz” adlı şeiri və Səbail rayonu 7 nömrəli tam orta məktəbinin 7-8-ci sinif şagirdləri “Həyata örnək olanlar” bədii kompozisiyasını ifa etdilər.
***
Qeyd edək ki, Muzey əməkdaşları – YAP Səbail “Azərbaycan tarixçiləri” (Milli Azərbaycan Tarixi Muzeyi) ərazi ilk təşkilatının üzvü, t.ü.f.d. Əli Fərhadov və muzeyin böyük laborantı Gülnar Mirzəyeva Azərbaycan Respublikasının Gənclər Fondunun XI qrant müsabiqəsinin “Milli Qəhrəmanlarımızı tanıyaq və tanıtdıraq!” layihəsində iştirak edirlər.
“Milli Qəhrəmanlarımızı tanıyaq və tanıtdıraq!” layihəsi Milli Qəhrəman, mayor Samid İmanov və Azərbaycanın Milli Ordusunun şəhid giziri Mübariz İbrahimovun timsalında Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Milli Qərhrəmanlara həsr olunub. Layihə çərçivəsində Samid İmanovun məzunu olduğu Neftçala rayonu 1 saylı tam orta məktəbində və Mübariz İbrahimovun adını daşıyan Biləsuvar şəhər lisey-məktəb kompleksində maarifləndirmə tədbirləri təşkil ediləcək, hər iki qəhrəmanın valideynlərinin şagirdlərlə görüşü olacaq. Vətənpərvərlik mövzusunda məktəblilər arasında inşa müsabiqəsi keçiriləcək.
Milli Qəhrəmanlarımızı yaddaşlara həkk etmək, yeniyetmələrdə vətənpərvərlik ruhunun yüksəldilməsini təşkil etmək, şəhid qəhrəmanların muzeydə təbliği layihənin əsas mahiyyətidir.
Qeyd edək ki, Milli Qəhrəman, şəhid mayor Samid İmanovun hərbi geyimi valideynləri tərəfindən t.ü.f.d. Əli Fərhadova verilmiş və onun tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilmişdir.