Azərbaycan Dövlət Pedaqoji Universitetində görkəmli filoloq alim professor Vilayət Əliyevin 80 illik yubileyi təntənəli şəkildə qeyd olundu

Noyabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) görkəmli filoloq alim, tanınmış ictimai-siyasi xadim, YAP Siyasi Şurasının və YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü, məşhur “91-lər”dən biri, ADPU rektorunun müşaviri, Əməkdar müəllim professor Vilayət Əliyevin anadan olmasının 80 illik yubileyi təntənəli şəkildə qeyd olundu.

Yubiley tədbirində Milli Məclisin deputatları, ziyalılar, Səbail rayon ictimaiyyət nümayəndələri, yubilyarın tələbələri, dostları iştirak etdilər.

Rektor tarix elmləri doktoru, professor Cəfər Cəfərov yubilyarın elmi-pedaqoji fəaliyyətindən bəhs edərək qeyd etdi ki, Vilayət Əliyevin 80 illik yubileyinin keçirilməsi Azərbaycan elmi, təhsili və ictimai-siyasi həyatı üçün xüsusi önəm kəsb edir. Çünki professor V.Əliyev bu sahələrdə öz sözünü layiqincə demiş bir alim-ziyalıdır. Çoxsaylı kitabların, məqalələrin müəllifidir. Professor V.Əliyev müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevə yenidən ölkəmizdə hakimiyyətə qayıtması üçün müraciət edən 91 nəfər vətənpərvər ziyalıdan biridir. Vilayət müəllim həm də gözəl, qayğıkeş ailə başçısıdır. Övladlarını cəmiyyət üçün layiqli vətəndaşlar kimi yetişdirib.

Rektor, 80 illik yubileyi münasibətilə və universitetdə uzun illər səmərəli elmi-pedaqoji fəaliyyətinə görə professor Vilayət Əliyevə Təşəkkürnamə təqdim etdi.

Tədbirdə filologiya fakültəsinin dekanı prof. Buludxan Xəlilov professor Vilayət Əliyevin elmi-pedaqoji və ictimai-siyasi fəaliyyəti ilə bağlı geniş məlumat verdi. Qeyd olundu ki, 1938-ci ildə Şəki rayonunun Daşbulaq kəndində anadan olan V.Əliyevin ailəsi dəfələrlə repressiyaya məruz qalıb. 1962-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib, elə həmin ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun “Türkologiya” ixtisası üzrə aspiranturasına qəbul olunub. Vilayət Əliyev 1960-cı illərdən dilçilik sahəsində fəaliyyət göstərir. Keşməkeşli, eyni zamanda uğurlu və maraqlı həyat yolu yaşayan yubilyar Azərbaycan filologiyasında öz dəsti-xətti ilə seçilir. Onun elmi tədqiqatları Azərbaycan dilçiliyi və türkologiya ilə bağlıdır. Ümumilikdə 200-dən çox elmi məqalənin və “Azərbaycan dilində felin təsriflənməyən formaları”, “Məsdər”, “Azərbaycan dilində feli sifət”, “Azərbaycan dilində felin perifrastik formaları”, “Toponimika”, “Azərbaycan toponimiyası”, “Heydər Əliyevin dil siyasəti” kitablarının müəllifidir. AMEA-nın nəşr etdirdiyi üçcildlik “Müasir Azərbaycan dili” əsərinin müəlliflərindən biridir. Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının üzvü olub. Xüsusi qeyd olundu ki, bugünkü tədbirin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 01 noyabr 2018-ci il tarixli Fərmanından sonra keçirilməsi xoş təsadüfdür, çünki professor Vilayət Əliyev dilimizi hər zaman mənəvi sərvətimiz kimi dəyərləndirən alimlərdən olmuşdur. Sonda yubilyarı bir daha təbrik edən B.Xəlilov görkəmli alimin bundan sonra da yeni əsərləri ilə Azərbaycan dilçilik elminə dəyərli töhfələr verəcəyinə dair əminliyini ifadə etdi.

AMEA-nın vitse-prezidenti, filologiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü İsa Həbibbəyli vurğuladı ki, professor Vilayət Əliyev Azərbaycanda dövlət və dil siyasətinin həyata keçirilməsinə elmi fəaliyyəti ilə nümunə göstərən şəxsiyyətlərdən biridir. Azərbaycanda Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan azərbaycançılıq ideologiyasının, müstəqil dövlətçilik hərəkatının əsas icraçılarından və fədakar daşıyıcılarından biri olan yubilyar Azərbaycan dilçiliyi və türkologiya ilə bağlı özünün elmi məktəbini formalaşdırmışdır. Onun yetirmələri ölkəmizin elmi tədqiqat institutlarında, təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi və təbliği ilə böyük uğurla məşğul olurlar.

Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri, iqtisad elmləri doktoru, professor Şəmsəddin Hacıyev Vilayət Əliyevi bu şanlı və şərəfli yubiley tarixi münasibətilə ürəkdən təbrik etdi. Yubilyarın çoxşaxəli elmi tədqiqatlarının həm ölkədaxilində, həm Azərbaycan hüdudlarından kənarda öz təsdiqini tapdığını, bu görkəmli pedaqoqun tələbələri və yetirmələrinin onun açdığı elmi cığırlarla uğurla irəlilədiyini diqqətə çatdıran deputat hər alimə, tədqiqatçıya özünəməxsus elmi məktəb formalaşdırmağın qismət olmadığını xüsusi vurğuladı. Millət vəkili qeyd etdi ki, yubilyarın həyat yolu çox çətin, mürəkkəb məqamlardan keçsə də, çox zəngin və şərəfli olmuşdur. V.Əliyevin ailəsi 1930-cu illərdə bütün Azərbaycan xalqı kimi ağır deportasiya və repressiyalara məruz qalmışdı. Bu məşəqqətli hadisələr və çətinliklər onu daha da mətinləşdirmiş və cəsarətli xarakterə malik olan mübariz insan kimi formalaşdırmışdır. 1990-cı illərin əvvəllərində müstəqil Azərbaycanın taleyinin həll olunduğu ən çətin məqamlarda Vilayət Əliyev Azərbaycanın 91 nəfər vətənpərvər ziyalısı ilə birlikdə Ulu Öndər Heydər Əliyevə tarixi müraciət ünvanladı. O taleyüklü və ziddiyyətli dövrdə Heydər Əliyevi Azərbaycanda hakimiyyətə dəvət etmək bu insanlardan çox böyük cəsarət tələb edirdi. Bu müraciətdən sonra Vilayət Əliyev Yeni Azərbaycan Partiyasının yaranmasında, o cümlədən Səbail rayonunda siyasi təşkilatlanmada, YAP Səbail rayon təşkilatının təsis olunmasında yaxından iştirak etdi. Təsadüfi deyil ki, rayon partiya təşkilatının təsis konfransı 1993-cü ilin 21 fevral tarixində məhz Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirildi. YAP Səbail rayon təşkilatının inkişafında, genişlənməsində, fəaliyyətinin təkmilləşdirilməsi və şaxələndirilməsində xüsusi rol oynayan Vilayət Əliyev bu gün də yorulmaz fəaliyyətini böyük ruh yüksəkliyi və fədakarlıqla davam etdirir.

Yubilyarın yaşadığı zəngin və şərəfli həyat yolunun gənc alim və pedaqoqlar üçün böyük nümunə təşkil etdiyini xüsusi qeyd edən Ş.Hacıyev Vilayət Əliyevin yüksək insani keyfiyyətləri sırasında onun cəsurluğunu, fədakarlığını, əqidəsinə sədaqətini, lazımi məqamlarda sərt, eyni zamanda son dərəcə qayğıkeş və mehriban insan, sözün əsl mənasında el ağsaqqalı olduğunu vurğuladı. Deputat V.Əliyevin böyük bir nəslin nümayəndəsi olmasının, gözəl tərbiyə almasının, dövlətçiliyinə, xalqına, milli dəyərlərimizə sadiq övladlar yetişdirməsinin, partiya sıralarına daxil olan gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı rolunun və digər çoxsaylı yüksək keyfiyyətlərinin bir çoxları üçün böyük nümunə təşkil etməsi haqqında danışaraq bildirdi ki, “Vilayət Əliyev bu gün partiyamızın ən sanballı ağsaqqal üzvlərindən biri kimi çoxşaxəli ictimai-siyasi fəaliyyətini gənclik ruhu ilə davam etdirir. İstənilən məclisdə, istənilən yerdə cəsarətlə sözünü deyən, mövqeyini bildirən Vilayət müəllim həm yaxşı günün, həm də pis günün dostudur, eyni zamanda həmişə özünün müdrik kəlamları, orijinal fikirləri, duzlu zarafatları ilə seçilən çox dəyərli siyasi həmfikirimizdir. Vilayət müəllim milli-mənəvi dəyərlərimizi hər şeydən üstün tutan alim-pedaqoq, Ulu Öndər Heydər Əliyev siyasətinə, onun siyasi kursunun layiqli davamçısı ölkə başçısı İlham Əliyev siyasətinə bütün varlığı ilə bağlı bir insandır. Sevindirici haldır ki, Vilayət Əliyevin fəaliyyəti partiyamız və dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir.”

Sonda, millət vəkili Vilayət Əliyevi bir daha səmimi qəlbdən təbrik etdi, onun həmişə gümrah, sağlam olmasını və varlığı ilə ailəsini, dostlarını, tələbələrini sevindirməsini arzuladı.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hadi Rəcəbli müəllimliyin ən ali, ən fədakar peşə olduğunu vurğulayaraq, bu vəzifəni şərəflə yerinə yetirən böyük pedaqoq, eyni zamanda Azərbaycan təhsilinə, elminə əvəzsiz töhfələri olan fəal ictimai-siyasi xadim Vilayət Əliyevi ürəkdən təbrik etdi, ona bundan sonra da sağlam, xoş əhval-ruhiyyəli həyat arzuladı.

Milli Məclisin deputatı Fazil Mustafa bir pedaqoqun, müəllimin əlamətdar yubiley tarixinin belə təntənəli şəkildə qeyd olunmasının cəmiyyət üçün böyük hadisə olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, Vilayət Əliyev müəllimlik kimi fədakar peşədən zövq almağı bacaran nadir pedaqoqlardan olmaqla yanaşı, Azərbaycanın itirilmiş torpaqlarının acısını, ağrısını, nisqilini daim simasında, çöhrəsində daşıyan əsl vətənpərvər insandır. Deputat 80 illik yubileyində də gələcəyə son dərəcə nikbinlik və ümidlə baxaraq gəncləri həyata stimullaşdıran Vilayət müəllimə can sağlığı və düşüncə azadlığı arzuladı.

Ədliyyə nazirinin müavini, general-polkovnik Məhərrəm Əliyev Vilayət Əliyevi Ulu Öndər Heydər Əliyev şəxsiyyətinə böyük inamı olan, Yeni Azərbaycan Partiyasının yaradılmasında xidmətləri olan və görkəmli alim-pedaqoq kimi respublika ictimaiyyətinin böyük hörmətini qazanan şəxsiyyət kimi xarakterizə edərək, yubilyarı ürəkdən təbrik etdi.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədr müavini Mirzə Cəfərzadə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası adından böyük müəllim, gözəl insan və ziyalı Vilayət Əliyevi təbrik edərək, ona gənc nəslin təlim-tərbiyəsində əvəzolunmaz xidmətləri və 80 illik yubileyi münasibətilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Fəxri Fərmanını təqdim etdi.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov yubilyarı səmimi qəlbdən təbrik edərək, vurğuladı ki, Vilayət Əliyev ağsaqqal və veteran titullarını ləyaqətlə daşıyan pedaqoq kimi gənclərin hərbi-vətənpərvərlik ruhunda yetişdirilməsində misilsiz rola sahibdir. Bu xidmətləri nəzərə alınaraq, Vilayət Əliyev 80 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin xüsusi mükafatı – “Veteran həmrəyliyi” medalı ilə təltif olundu.

“Zəngəzurun səsi” qəzetinin təsisçisi Yavər Nuruyev yubilyarı ürəkdən təbrik edərək Vilayət Əliyevə “Zəngəzurun səsi” qəzetinin fəxri diplomu təqdim etdi.

ADPU-nun Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Himalay Qasımov böyük coşqu və sevinclə qeyd olunan bugünkü yubiley tədbirinin keçirilməsini Pedaqoji Universitetdə formalaşdırılmış qədirşünaslıq mühitinin bariz göstəricisi kimi qiymətləndirdi. Böyük nəslin, zəngin şəcərənin yetirməsi olan Vilayət Əliyevin Allahın varlandırdığı insan olduğunu vurğulayan H.Qasımov yubilyara uzun və sağlam ömür arzuladı.

Tədbirdə çıxış edən BDU-nun “Türkologiya kafedrası”nın müdiri, professor Ramiz Əskər, ADPU-nun “Müasir Azərbaycan dili kafedrası”nın professoru Cəfər Cəfərov, AMEA-nın müxbir üzvü, professor Vəli Əliyev yubilyarı təbrik etdilər, onunla bağlı xatirələrini paylaşdılar.

Yubilyarın tələbələri adından çıxış edən tələbəsi Vilayət Əliyevin yüksək insani keyfiyyətlərindən və tələbələrinə qarşı həmişə göstərdiyi böyük mənəvi qayğısından danışaraq, müəllimini ürəkdən təbrik etdi.

Sonda professor Vilayət Əliyev tədbirin təşkilatçılarına və iştirakçılarına səmimi qəlbdən minnətdarlığını ifadə etdi.