YAP Səbail rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü qeyd olundu
20.11.2018Noyabrın 20-də YAP Səbail rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü münasibətilə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda təntənəli tədbir keçirdi.
Tədbirdə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, iqtisad elmləri doktoru, professor Eldar İbrahimov, AMEA-nın Vitse-prezidenti, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru akademik İradə Hüseynova, Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri, iqtisad elmləri doktoru, professor Şəmsəddin Hacıyev, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev, partiya təşkilatının Rayon Şurası və İdarə Heyətinin üzvləri, rayonun idarə və müəssisələrinin nümayəndələri, çoxsaylı qonaqlar, partiya fəalları, gənclər və tələbələr iştirak etdilər.
Tədbirdə ilk öncə, 1991-ci il 20 noyabr tarixində Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni hərbi dəstələri tərəfindən törədilən terror əməliyyatı nəticəsində faciəvi şəkildə həlak olan Azərbaycanın görkəmli dövlət, siyasət və mədəniyyət nümayəndələrinin, eləcə də ötən müddət ərzində dünyasını dəyişən “91-lər”in və partiya üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasına və fəaliyyətinə həsr olunan videofilm nümayiş edildi.
Yeni Azərbaycan Partiyasının Azərbaycan tarixinin ən keşməkeşli məqamlarında və Azərbaycan xalqının çətin sınaqlarla üzləşdiyi bir vaxtda yaradıldığını qeyd edən akademik İradə Hüseynova YAP-ın təsis konfransının 26-cı ildönümünü qeyd etdiyimiz bu şərəfli günün məhz Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda qeyd olunmasının simvolik xarakter daşıdığını vurğuladı. Belə ki, YAP-ın yaradılmasında AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun özünəməxsus töhfəsi olmuşdur, məşhur “91-lər”in 5 nəfəri məhz bu İnstitutun nümayəndəsidir. Müstəqilliyin ilk illərində ölkəmizdə gedən dağıdıcı proseslər haqqında danışan akademik bildirdi ki, Azərbaycanın müqəddaratının həll olunduğu o taleyüklü məqamlarda Azərbaycan ziyalıları qurtuluş yolunu yalnız Ulu Öndər Heydər Əliyevdə görürdülər. Çünki, Azərbaycan xalqının Heydər Əliyevə olan inamı və etimadı zamanın sınağından çıxmış və Ulu Öndərimiz bu sonsuz sevgini Azərbaycana ilk rəhbərliyi dövründə gördüyü genişmiqyaslı işlərlə qazanmışdı. Heydər Əliyevin ümumxalq istəyi və dəstəyi ilə ölkə rəhbərliyinə gəlməsindən sonra Azərbaycanda aparılan çoxşaxəli islahatlar və quruculuq işlərini xüsusi qeyd edən İ.Hüseynova bu siyasi kursun 2003-cü ildən etibarən möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, eləcə də ölkəmizdə elmə, elm adamlarına göstərilən yüksək diqqət və qayğıdan, ötən dövr ərzində Azərbaycan elminin maddi-texniki bazasının genişlənməsindən və bu sahədə əldə olunan uğurlardan geniş danışdı. Vurğulandı ki, Azərbaycan bu gün ölkə başçısının rəhbərliyi altında çox böyük addımlarla inkişaf edir və cənab Prezidentin apardığı uğurlu siyasi kurs respublikamızın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın fəaliyyətində də əks olunur. Mehriban xanımın həyata keçirdiyi sosial layihələrin uğurları nəinki Azərbaycanda, eləcə də beynəlxalq ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır və Azərbaycan xalqına böyük başucalığı gətirir. Tədbir iştirakçılarını əlamətdar tarixi gün münasibətilə bir daha ürəkdən təbrik edən akademik Azərbaycanın parlaq gələcəyinə dair əminliyini ifadə etdi.
Ulu Öndər Heydər Əliyevin yaxın silahdaşlarından və Yeni Azərbaycan Partiyasının yaradılmasının fəal iştirakçılarından biri olan professor Eldar İbrahimov qeyd etdi ki, Azərbaycanın müasir siyasi tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixi başlanğıc nöqtəsi sayılır. Belə ki, Heydər Əliyev hələ 1990-cı ilin 17 noyabrında Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetində Azərbaycanın üçrəngli bayrağını dalğalandıraraq Azərbaycanın yolunun müstəqillik yolu olduğunu bəyan etdi və zaman Heydər Əliyevin haqlı olduğunu göstərdi. Müstəqilliyin ilk illərində Azərbaycanın üzləşdiyi çox ağır və gərgin vəziyyətdə Azərbaycan xalqının ürəyi yalnız və yalnız Heydər Əliyevin yanında idi. Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı.
Komitə sədri vurğuladı ki, Azərbaycan siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır. Çünki Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın konseptual strateji proqramında ana xətti təşkil edir.
Bəhruz Quliyev Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandığını qeyd edərək bildirdi ki, Azərbaycanda 1988-ci ildən başlayan meydan hərəkatında da, müstəqilliyimizin ilk illərində ölkədə hökm sürən hakimiyyətsizlikdə də lidersizlik problemi özünü büruzə verirdi. 1992-ci ildə 91 nəfər Azərbaycan ziyalısı Heydər Əliyevə qurtuluş yolu üçün müraciət etdikdə, Ulu Öndər Azərbaycanın düşdüyü böhran vəziyyətindən qurtuluşu üçün geniş proqram, konsepsiya irəli sürdü. Bu tədbirlər proqramını isə əlbəttə ki, yalnız və yalnız Heydər Əliyevin özü icra etmək iqtidarında idi. B.Quliyev diqqətə çatdırdı ki, xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra Heydər Əliyev Azərbaycan üçün xilaskarlıq missiyasını icra etdi, ölkəmizin müstəqilliyini qorudu, Azərbaycanda vətəndaş cəmiyyətini formalaşdırdı, iqtisadi inkişaf üçün möhkəm təməllər yaratdı və ölkəmizdə hüquqi, demokratik, müasir dövlət quruculuğunu həyata keçirdi. Bütün bu görülən misilsiz işlərdə Xalq-Lider birliyinin rolu böyük oldu, Lider Xalqına güvəndi, Xalq isə Liderini dəstəklədi və qorudu.
B.Quliyev xüsusi vurğuladı ki, Ulu Öndər tərəfindən formalaşdırılmış dövlətçilik ənənələri 2003-cü ildən etibarən Onun layiqli siyasi varisi, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycan sözün əsl mənasında son 15 il ərzində dünyaya bir günəş kimi doğdu. Məhz möhtərəm Prezidentimizin siyasəti nəticəsində gənc modern Azərbaycan bu gün ən yeni çağırışlara cavab verir və regionda söz sahibi olan, qlobal layihələr həyata keçirən ölkə statusunu qazanıb. Ölkəmizdə aparılan siyasətin mərkəzində isə insan amili, vətəndaş rifahı dayanır. Bütün bu işlərin görülməsində və əldə olunan uğurlarda Yeni Azərbaycan Partiyasının töhfələri xüsusi qeyd olunmalıdır. Yeni Azərbaycan Partiyası 26 ildir öz prinsiplərini qoruyur. Yeni Azərbaycan Partiyası öz potensialı, real addımları və bacarıqlı kadrları ilə xalqa xidmət edir. Partiyanın gücü onun siyasi proseslərdəki mühüm rolu, iştirakı və qələbəsi ilə ölçülür. Partiyanın gücü onun ideologiyasındadır, xalqın rəğbətini, sevgisini qazanmasındadır, böyük sosial bazaya malik olmasında və seçkilərdə parlaq qələbələr əldə etməsindədir. Siyasi proseslərdə liderliyi bir daha göstərir ki, Yeni Azərbaycan Partiyası bundan sonra daha da qüdrətlənəcək, daha böyük siyasi gücə çevriləcək.
Çıxış edən professor Şəmsəddin Hacıyev Azərbaycanın müasir siyasi tarixinin ən şərəfli hadisələrindən biri olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir iştirakçılarını səmimi qəlbdən təbrik etdi. Millət vəkili Azərbaycanda 1988-ci ildən başlayan milli oyanış, özünəqayıdış, azadlıq mübarizəsi və meydan hərakatları, SSRİ kimi nəhəng fövqəldövlətin süqutu nəticəsində Azərbaycanın müstəqillik əldə etməsi, 1991-1993-cü illərdə ölkəmizdə baş verən son dərəcə ağır, ziddiyyətli və mürəkkəb proseslər, bütün bu hadisələrin məntiqi yekunu kimi tamamilə obyektiv zərurətdən yaradılan Yeni Azərbaycan Partiyasının təsisi haqqında ətraflı məlumat verdi. 1991-93-cü illəri ölkə başçısı cənab İlham Əliyevin dəqiq ifadəsiylə “biabırçı və itirilmiş imkanlar dövrü” kimi xarakterizə edən deputat diqqətə çatdırdı ki, Azərbaycanda hakimiyyəti zorla ələ keçirən AXC-Müsavat cütlüyünün səriştəsiz idarəçiliyi nəticəsində Azərbaycan artıq 1992-ci ilin sonlarında dərin siyasi, iqtisadi, sosial, mənəvi böhran vəziyyətində və parçalanmaq, yox olmaq, müstəqilliyini əbədi olaraq itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkə itirilmiş torpaqlar, 1 milyondan artıq qaçqın, hiperinflyasiya, hərc-mərclik, özbaşınalıq və vətəndaş müharibəsi problemləri ilə qarşılaşmışdı, ictimai-siyasi həyatın bütün sahələri çox acınacaqlı vəziyyətdə idi. Belə bir ağır məqamda xalqımızın 91 nəfər vətənpərvər övladı Heydər Əliyevə tarixi müraciət ünvanladılar və ölkənin qurtuluş yolunun yalnız dahi rəhbərdə gördüklərini, Onun Azərbaycanda hakimiyyətə qayıtmasının zəruri olduğunu bildirdilər. Ürəyi Azərbaycan sevgisi və Azərbaycan xalqı ilə döyünən Heydər Əliyev əlbəttə ki, bu müraciətə biganə qala bilməzdi. Beləliklə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə o vaxtki səriştəsiz və bacarıqsız hakimiyyətə müxalifət partiyası kimi yaradılan Yeni Azərbaycan Partiyası cəmi yeddi ay sonra iqtidara gəldi və dahi rəhbər, görkəmli dövlət xadimi və nəhəng siyasətçi olan Heydər Əliyev çox qısa müddət ərzində ölkədəki çıxılmaz böhran vəziyyətini tarazladı, ictimai-siyasi sabitliyi bərpa etdi, atəşkəsə nail oldu və Azərbaycanı iqtisadi tənəzzüldən sürətli inkişaf yoluna çıxartdı. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və xalqı qarşısındakı misilsiz xidmətlərini xüsusi qeyd edən Ş.Hacıyev Azərbaycanın iqtisadi inkişafının təməli olan “Əsrin Müqaviləsi”nin 1994-cü ildə imzalanmasının, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının 1995-ci ildə qəbul olunmasının və keçmiş SSRİ məkanında ilk dəfə Azərbaycanda həyata keçirilən uğurlu torpaq islahatlarının əhəmiyyətindən geniş danışdı və dövrlər üzrə iqtisadi rəqəmlərlə müqayisələr apardı. Qeyd olundu ki, 1993-cü ildə Azərbaycanın ÜDM-si 30 mln. manat təşkil edirdisə, 2003-cü ildə bu rəqəm 7,4 mlrd. manata yüksəlmişdi, dövlət büdcəsi 1993-cü ildə 10,1 mln. manat idisə, 2003-cü ildə 1,2 mlrd. manatı ötüb keçmişdi. Deputat vurğuladı ki, bu rəqəmlər Heydər Əliyevin necə çətin bir dövrdə necə nəhəng işlər gördüyünün bariz sübutudur.
Ümummilli Lider Heydər Əliyevin sağlığında öz layiqli varisini müəyyənləşdirməsini və Azərbaycanı etibarlı əllərə əmanət etməsini Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı daha bir misilsiz xidməti olaraq dəyərləndirən millət vəkili möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən etibarən ötən 15 il ərzində Azərbaycanın çox böyük inkişaf yolu keçdiyini və bu dinamik inkişafın bir neçə onilliyə sığmayacaq qədər yüksək nəticə olduğunu diqqətə çatdırdı. Bildirildi ki, Azərbaycanın ÜDM-si hazırda 70 mlrd. manatdır, strateji valyuta ehtiyatları isə 46 mlrd. dollardan çoxdur. Bu rəqəmlər Azərbaycanın iqtisadi gücünü göstərməklə yanaşı, Azərbaycanın necə böyük iqtisadi artım əldə etməsinin, dinamik inkişafının əyani ifadəsidir. Ş.Hacıyev xüsusi qeyd etdi, bu 15 il ərzində ölkə başçısı Azərbaycanın müstəqilliyini əbədiləşdirdi, ölkəmizi Cənubi Qafqaz regionunun şəksiz liderinə və nəinki bu bölgənin, ümumilikdə yaxın coğrafiyanın müstəqil siyasət yürüdən ölkəsinə, transmilli layihələr icra edən multikultural, tolerant, modern dövlətə, İslam həmrəyliyinin və konfessiyalararası dialoq mərkəzinə, kosmos ölkələri klubunun üzvünə çevirdi. Ən əsası isə, İlham Əliyev siyasəti nəticəsində bədxah Ermənistan regional layihələrdən tamamilə təcrid olundu, dünyada lazımsız ölkə statusunu qazandı və bölgədəki inkişafa mane törədən dövlət kimi tanındı. Bütün bu uğurların əldə olunmasında və müstəqilliyimizin ilk illərindən etibarən respublikamızın ictimai-siyasi həyatında baş verən bütün proseslərdə Yeni Azərbaycan Partiyasının xüsusi yeri və rolu olduğunu vurğulayan deputat bildirdi ki, üzvlərinin mütləq əksəriyyəti gənclər və qadınlardan ibarət olan Yeni Azərbaycan Partiyası sıralarında 725 mindən çox siyasi həmfikiri cəmləşdirməklə yaxın coğrafiyanın ən güclü və mütəşəkkil siyasi qüvvəsidir. Sonda Ş.Hacıyev bütün partiya üzvlərini 21 noyabr – şanlı tarix günü münasibətilə bir daha ürəkdən təbrik etdi. Yaşasın Yeni Azərbaycan Partiyası! Yaşasın yeni dövrün yeni Lideri İlham Əliyev! Yaşasın müstəqil Azərbaycan Respublikası!
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni üzv qəbul olunan AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşlarına partiya vəsiqələri təqdim olundu. Partiya vəsiqələrini alan İnstitut əməkdaşları Yeni Azərbaycan Partiyasının üzvü olmağın böyük qürur olduğunu qeyd edərək, partiyanın yaradılmasının 26 illiyi qeyd etdiyimiz bu əlamətdar tədbirdə vəsiqələrini aldıqları üçün xüsusi minnətdarlıqlarını ifadə etdilər.
Tədbirin videoyazısı
AzTV
SəsTV