Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü qeyd olundu
22.11.2018Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında partiyanın yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirildi.
Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabana gələrək YAP-ın qurucusu, xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etdilər, məzarı önünə əklil qoydular.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anıldı, məzarı üzərinə tər çiçəklər düzüldü.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov YAP-ın yaranma tarixi, keçdiyi şərəfli yol və bu gün qazandığı möhtəşəm nailiyyətlər haqqında danışdı. Əli Əhmədov bildirdi ki, YAP-ın yaranması, keçdiyi şərəfli tarixi yol Azərbaycanın ən önəmli hadisələri sırasındadır. Onun sözlərinə görə, YAP nəinki təkçə Azərbaycan tarixində, yəqin ki, müasir dünyada ən uğurlu siyasi təşkilatlardan biri hesab oluna bilər.
Yeni Azərbaycan Partiyasının yaranma səbəblərini və həmin dövrün ictimai-siyasi xarakterini izah edən Əli Əhmədov vurğuladı ki, Azərbaycan 1990-cı illərin əvvəllərində uçurum qarşısında idi. Belə bir vəziyyətdə Azərbaycanın xilas yolunu Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görən ziyalılar Ulu öndərin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaranması təşəbbüsünü irəli sürdülər. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi.
Bildirildi ki, Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi YAP-ın sonrakı inkişafını şərtləndirən əsas amil olub. YAP-ın əldə etdiyi qələbələr Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə və bu siyasətə vətəndaşlarımızın münasibətinin yüksək olması ilə bilavasitə əlaqədardır.
Baş nazirin müavini Əli Əhmədov vurğuladı ki, Azərbaycan hazırda regionun lider dövlətidir. Ölkəmizin beynəlxalq aləmdə mövqeyi xeyli güclənib. Azərbaycan iqtisadiyyatının inkişaf etməsi, müasirləşməsi ölkəmizin həm regionda, həm də dünyada mövqeyini ciddi şəkildə möhkəmləndirib. Azərbaycan neçə ildir ki, bölgənin lideri statusunu daşıyır və bu statusu heç zaman əlindən verməyəcək.
Sonra çıxış edən Baş nazirin müavini, YAP İdarə Heyətinin üzvü Hacıbala Abutalıbov partiyamzın yaranması dövrünə nəzər salaraq o zamanlar xalqımızın çox çətin sınaqlarla üz-üzə qaldığını xatırladıb. Onun sözlərinə görə, məhz belə bir vaxtda Azərbaycanın gələcəyini düşünən ziyalılar Ümummilli lider Heydər Əliyevə müraciət etdilər. YAP-ın yaranmasından qısa müddət sonra Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıtdığını deyən natiq Ümummilli liderimizin Azərbaycanı bütün təhlükələrdən xilas etdiyini söylədi.
H.Abutalıbov qeyd etdi ki, Ulu öndər ölkədə ictimai-siyasi sabitliyi təmin etdikdən sonra Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu gün partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət nəticəsində Azərbaycan dünyanın nüfuzlu ölkələri sırasındadır.
Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova da çıxışında Yeni Azərbaycan Partiyasının ötən 26 il ərzində keçdiyi şərəfli yol, cəmiyyətdəki mövqeyi və qazandığı uğurlar barədə fikirlərini bildirdi. YAP-ın yaranmasının çətin dövrə təsadüf etdiyini deyən B.Muradova o dövrdə partiyanın yaradılması uğrunda mübarizə aparan insanların fədakarlığını xüsusilə qeyd etdi.
YAP İdarə Heyətinin Bahar Muradova üzvü Heydər Əliyev ideyalarının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğuladı. Onun sözlərinə görə, qazanılan uğurlarda partiya üzvlərinin özünəməxsus rolu var.
Sonra çıxış edən YAP-ın gənc üzvü Mehman Musayev Heydər Əliyev irsinin Azərbaycan gəncliyi üçün böyük məktəb olduğunu vurğuladı.
Tədbirin videoyazısı
AzTV
İctimaiTV
XəzərTV
ATV
SəsTV