Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

Bu gün, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş “Mixaylo, qəhrəmanlığını qürurla anırıq!” adlı tədbir keçirildi.

Tədbirdə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı, Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri, iqtisad elmləri doktoru, prof. Şəmsəddin Hacıyev, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacısı oğlu Mehdi Əzizbəyov, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının “Adyunktura və elm” şöbəsinin hərb tarixi üzrə professoru, tarix elmləri doktoru, ehtiyatda olan birinci dərəcəli kapitan Nurulla Əliyev, Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Tofiq Ağahüseynov, AMEA-nın Birləşmiş Veteranlar şurasının sədri Eldar Quliyev, Azərbaycan İstiqlal Muzeyinin direktoru Şəmsi Fəridə, Azərbaycan Hərb Tarixi Muzeyinin direktoru Əzizağa Qənizadə, Böyük Vətən müharibəsi veteranı, İtaliya müqavimət hərəkatında iştirak etmiş partizan Məşi Elyazovun qızı Əfruz Elyazova, sosial elmlər üzrə fəlsəfə doktoru, sosioloq İlham Abbasov, çoxsaylı qonaqlar və gənclər iştirak etdilər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra Mehdi Hüseynzadənin, II Dünya müharibəsində həlak olmuş azərbaycanlıların, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan akademik Nailə Vəlixanlı Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncamı ilə bu səpkili silsilə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdı. Mehdinin həyat yoluna, faşizmə qarşı partizan hərəkatında iştirakına həsr olunan çoxlu kitabların, məqalələrin yazıldığını, gözəl bir filmin çəkildiyini diqqətə çatdıran direktor qeyd etdi ki, “Mixaylo” adı ilə SSRİ-nin hüdudlarından da kənarda məşhurlaşan bu qəhrəman Azərbaycan oğlunun həyatı gənclərimiz üçün böyük nümunə təşkil edir. Vurğulandı ki, Milli Azərbaycan Tarixi Muzeyində çoxsaylı zəngin kolleksiyalar mövcuddur. Bu kolleksiyalar sırasında Mehdiyə məxsus olan əşyalar, onun gödəkçisi, çəkdiyi rəsmlər, fırçası, ona aid olan müxtəlif sənədlər, əsirlikdə çəkilmiş nadir fotoları və məktubları Muzeyin ən dəyərli inciləridir. Azərbaycan adını II Dünya müharibəsində tanıdan bu qəhrəmanızın əziz xatirəsi həmişə qəlblərimizdə yaşayacaqdır.

Prof. Şəmsəddin Hacıyev hərtərəfli yüksək istedada sahib olan və çox geniş diapozonlu şəxsiyyət olan Mehdi Hüseynzadənin döyüş meydanında göstərdiyi şücaətlərdən, qəhrəman kəşfiyyatçı kimi faşistlərə qarşı apardığı mübarizədən, dünyanın faşizm bəlasından xilas olmasında Mehdi kimi qəhrəmanların rolundan və müasir Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün bu səpkili tədbirlərin təşkil olunmasının əhəmiyyətindən danışdı. “Uzaq sahillərdə” filmində canlandırılmış Mehdi Hüseynzadə obrazının hər zaman gənclər üçün qəhrəmanlıq simvolu olduğunu qeyd edən deputat doğma Bakıya hədsiz məhəbbəti olan, incə ruhlu, savadlı, daim öz üzərində işləyən, çoxlu mütaliə edən gənc Mehdinin Vətənini qorumaq üçün müharibəyə yollanması, cəsur kəşfiyyatçı kimi cəbhəboyu çoxsaylı əməliyyatları uğurla reallaşdırması, Stalinqrad uğrunda gedən döyüşlərdə yaralanaraq əsir düşməsinə baxmayaraq, əsirlikdən qaçması və partizan hərəkatına qoşularaq faşistlərə qarşı mübarizəsini davam etdirməsi, doğulduğu Azərbaycanından çox uzaqlarda, həqiqətən də uzaq sahillərdə bir qəhrəmanlıq dastanı yazması haqqında geniş məlumat verdi. Qeyd olundu ki, kəşfiyyatçı olmaq yüksək intellekt, bacarıq, zəhmətsevərlik, cəsurluq, mərdliklə yanaşı, hər an şəhidliyə, ölümə hazır olmağı da tələb edir. Əsirlikdə sağ qalmaq, üstəlik ordan qaçaraq faşistlərə sözün əsl mənasında qan uddurmaq Mehdinin həm də necə böyük iradəyə və mübarizlik ruhuna sahib olduğunun göstəricisidir. Vurğulandı ki, Mehdi Hüseynzadənin hədsiz cəsarətlə göstərdiyi şücaətlər hər bir azərbaycanlının qəlbində böyük qürur hissi yaradır. Mehdinin Triestin, İtaliyanın, keçmiş Yuqoslaviyanın faşizmdən azad olunmasındakı rolundan danışan millət vəkili vurğuladı ki, Mehdi qazandığı “Mixaylo” ləqəbi ilə Sovet İttifaqı səviyyəsində faşizmə qarşı mübarizə aparan qüvvələri təmsil edərək əslində Azərbaycan gənclərinin, döyüşçülərinin qəhrəmanlığını bütün dünyaya da nümayiş etdirmiş oldu.

Ş.Hacıyev bildirdi ki, gənclərimiz Mehdi Hüseynzadənin həyat yolunu daim öyrənməli, ondan nümunə götürməlidirlər. Bu gün Azərbaycanın 20% torpağı işğal altındadır, biz hər an torpaqlarımızı azad etmək üçün, Vətənin bir çağırışı ilə Mehdi kimi Vətənimizi qorumaq üçün müharibəyə hazır olmalıyıq. 2016-cı il Aprel hadisələri Azəbaycan ordusunun gücünü nəinki Ermənistana, bütün dünyaya göstərdi. Həm Ulu Öndər Heydər Əliyevin, həm möhtərəm Prezidentimiz İlham Əliyevin ötən dövr ərzində həyata keçirdiyi çoxşaxəli, uğurlu siyasət nəticəsində ən müasir silahlarla silahlanmış Azərbaycan ordusu bu gün dünyanın ən döyüşkən 50 ordusu sırasındadır və Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri lazım gələrsə ən qısa müddət ərzində nəinki işğal altında olan torpaqlarımızı azad etmək, eləcə də hazırda Ermənistan Respublikasının ərazi hesab olunan Azərbaycanın əzəli torpaqlarını, İrəvanı almaq iqtidarındadır. Erməni ekspertləri özləri də etiraf edirlər ki, Azərbaycan ordusu ildən-ilə daha da güclənir. Lakin biz müharibə istəmirik, hələ də haqq mübarizəmizdə Minsk qrupundan adekvat addımlar gözləyirik. Azərbaycan heç vaxt bir qarış torpağını belə düşmənə güzəştə getməyəcək və biz əminik ki, Böyük Qələbə Günümüz uzaqda deyil. Deputat vurğuladı ki, Azərbaycan gənci bu gün güclü olmalıdır, vətənpərlik ruhunda tərbiyə olunmalıdır, Mehdi Hüseynzadə kimi qəhrəmanlıq salnamələri yazan şücaətli, cəsarətli Azərbaycan zabitlərinin, əsgərlərinin yolunu davam etdirməlidir. Allah bütün qəhrəmanlarımıza, Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizə qəni-qəni rəhmət eləsin, ruhları şad olsun!

Mehdi Hüseynzadənin qısa ömrünə sığdırdığı böyük qəhrəmanlıqlar haqqında danışan Ziyadxan Əliyev qeyd etdi ki, bəlkə də müharibə olmasaydı Mehdi Azərbaycanın ən görkəmli rəssamlarından biri olacaqdı. Z.Əliyev Mehdi Hüseynzadənin adının yaşadılmasında, 1957-ci ildə Sovet İttifaqı qəhrəmanı adını almasında və xatirəsinə həsr olunan abidənin ucaldılmasında Ulu Öndər Heydər Əliyevin müstəsna rolundan bəhs edərək Mixaylonun adını əbədiləşdirən “Uzaq sahillərdə” filminin də məhz Heydər Əliyevin bilavasitə dəstəyi ilə ərsəyə gəlməsini xüsusi vurğuladı və bu il ölkə başçısı cənab İlham Əliyevin Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncamı qədirşünaslığın yüksək nümunəsi kimi dəyərləndirdi.

Hüseynzadələr ailəsi adından bugünkü tədbirin təşkilatçılarına ürəkdən təşəkkür edən Mehdi Hüseynzadənin bacısı oğlu Mehdi Əzizbəyov M.Hüseynzadənin uşaqlıq illərindən, ailəsinin və partizan yoldaşlarının xatirələrini tədbir iştirakçıları ilə paylaşdı. Qeyd olundu ki, Mehdi gözəl rəsmlər çəkməklə yanaşı, çox gözəl şerlər, qəzəllər yazırdı, alman və fransız dilindən tərcümələr edirdi, daim öz üzərində işləyirdi. Bu gün də Azərbaycanda Vətənini sevən qəhrəman Mehdilər yetişir deyən M.Əzizbəyov əminliyini ifadə etdi ki, biz mütləq işğal altında olan torpaqlarımızı azad edəcək və bu səpkili tədbirlərimizi inşallah Şuşada, Qarabağda qeyd edəcəyik.

Yeniyetmə gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının Azərbaycanda dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri olduğunu qeyd edən Muğan Əliyev bu istiqamətdə ölkəmizdə həyata keçirilən dövlət proqramları və silsilə tədbirlər haqqında danışdı. M.Əlyev Stalinqrad döyüşlərində iştirak edən müharibə veteranlarının Mehdi Hüseynzadənin şücaəti, mərdliyi, cəsarəti haqqında danışdıqları xatirələrindən bəhs etdi və Azərbaycan gənclərini Mehdi kimi qəhrəmanların həyatından nümunə götürməyi tövsiyə etdi.

Nurulla Əliyev bildirdi ki, Azərbaycanı II Dünya müharibəsində tanıdan iki məşhur azərbaycanlı olub, onlardan biri iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı general-mayor Həzi Aslanov, ikincisi isə Mehdi Hüseynzadədir. Bu gün Azərbaycanda Mübariz İbrahimov yetişirsə, bu məhz Mehdi kimi qəhrəman Azərbaycan oğullarının mərdliyinin nəsildən nəsilə ötürülməsinin və yaşadılmasının nəticəsidir. Qeyd olundu ki, Mehdi müharibə meydanında nə qədər şücaətli idisə, əsirlikdə də bir o qədər cəsarətli və qorxmaz idi. Bu məsələ çox vaxt deyilmir, ancaq Mehdi onlarla insanı əsirlikdən qurtarmışdı və partizan hərəkatının ən öndə gedən simalarından biri idi. Sevindirici haldır ki, ölkə rəhbərliyi bu Azərbaycanın bu qəhrəman oğullarının adlarının yaşadılmasını və gənclərə təbliğ olunmasını daim diqqət mərkəzində saxlayır.

Tədbir Mehdi Hüseynzadənin Muzeydə mühafizə olunan şəxsi əşyalarından təşkil olunmuş sərgiyə baxışla və Azərbaycanın hərb sənətinə həsr olunmuş nəşrlərlə tanışlıqla yekunlaşdı.

Tədbirin videoyazısı
AzTV