YAP Səbail rayon təşkilatında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram konserti ilə qeyd olundu

Dekabrın 24-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Azərbaycan Dövlət Akademik Filarmoniyasının və YAP Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bayram konserti keçirildi.

Tədbirdə Milli Məclisin deputatları, rayon ictimaiyyətinin nümayəndələri, partiya fəalları, gənclər, tələbələr iştirak etdilər.

Bu şərəfli və tarixi gün münasibətilə tədbir iştirakçılarını ürəkdən təbrik edən Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi barədə danışdı. XX əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə azərbaycançılıq və milli həmrəylik ideyalarının daha geniş vüsət alması, Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda qəbul olunan qərarların Azərbaycanın dövlət müstəqilliyi uğrunda aparılan şərəfli mübarizədəki müstəsna rolu haqqında məlumat verən millət vəkili bildirdi ki, 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edildi. Deputat dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların həmrəyliyi və birliyi üçün görülən işlər, diaspora ilə işin təşkili, 2001-ci ildə Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirilməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini qeyd edərək xüsusi vurğuladı ki, bütün bu işlər azərbaycançılıq məfkurəsinin möhkəmləndirilməsində mühüm rol oynamışdır. Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin alternativsiz siyasətini bu gün də uğurla davam etdirir.

Bugünkü tədbirin çox əlamətdar tarixə təsadüf etdiyini diqqətə çatdıran Ş.Hacıyev YAP Səbail rayon təşkilatının çoxminli üzvləri və Səbail rayonunun ictimaiyyəti adından möhtərəm Prezidentimiz İlham Əliyevi səmimi qəlbdən təbrik etdi, ölkə başçısına sağlam uzun ömür, Azərbaycan xalqına və dövlətçiliyinə xidmət edən şərəfli və məsuliyyətli fəaliyyətində yeni-yeni nailiyyətlər arzuladı.

Ş.Hacıyev möhtərəm Prezidentimizin rəhbərliyi ilə son 15 ildə Azərbaycanda əldə olunan misilsiz nəticələr və möhtəşəm uğurlar haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. İlham Əliyev dövrünün gələcəkdə tarixçilər tərəfindən Azərbaycanın müstəqillik tarixinin qızıl dövrü kimi qeyd olunacağı vurğulandı. Deputat bildirdi ki, Heydər Əliyev siyasəti Azərbaycanda möhkəm təməllər formalaşdırmışdır, cənab İlham Əliyev isə Azərbaycanın inkişaf strategiyasını dünyada gedən proseslərə uyğun olaraq modernləşdirmiş və təkmilləşdirmişdir. Tarixi zaman baxımından qısa hesab olunabiləcək 15 illik dövrdə əldə olunan uğurların miqyası və əhatə dairəsi o qədər genişdir ki, sadəcə 1993-cü il, 2003-cü il və 2018-ci illərin makroiqtisadi göstəriciləri müqayisə olunduqda Azərbaycanın nail olduğu inkişaf səviyyəsini aşkar şəkildə dərk etmək mümkündür. Azərbaycanın ÜDM-si 1993-cü ildə 31,4 mln. manat idisə, 2003-cü ildə bu göstərici 7,1 mlrd. manata, 2018-ci ildə isə 75 mlrd. manata yüksəlmişdir. Dövlət büdcəsi 1993-cü ildə 10,7 mln. manat idisə, 2003-cü ildə bu rəqəm 1,2 mlrd. manat, 2018-ci ildə isə 25 mlrd. manata yüksəlmişdir. Azərbaycan bu gün bir çox sosial-iqtisadi göstəricilərə görə dünyanın bir çox ölkələrini qabaqlayaraq müxtəlif beynəlxalq reytinqlərdə ilk 30-luqlarda, 10-luqlarda, hətta 5-lik və 3-lüklərdə yer alır. 15 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 44,7%-dən, işsizlik isə 10%-dən 5%-ə enmişdir. Ölkəmizdə son bir neçə ildə 2 milyona yaxın iş yerləri açılmışdır ki, bu da çox böyük göstəricidir.

Millət vəkili İlham Əliyevin rəhbərliyi, Azərbaycanın bilavasitə təşəbbüsü və iştirakı ilə son illərdə reallaşdırılan möhtəşəm transmilli enerji və nəqliyyat-kommunikasiya layihələri haqqında ətraflı məlumat verərək qeyd etdi ki, “Əsrin Müqaviləsi”nin müddətinin 2050-ci ilə kimi uzadılması, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi, “Cənubi Qaz Dəhlizi”nin üç hissəsinin tamamlanması, TANAP, TAP qaz layihələri, “Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizləri kimi bir çox qlobal əhəmiyyətli layihələrin icrası Azərbaycana gələcəkdə milyardlarla dollar gəlir təmin edəcəkdir. Bildirildi ki, 15 il ərzində Azərbaycana ümumilikdə 250 mlrd. manatdan çox investisiya qoyulmuşdur ki, bu investisiyanın da yarısı daxili mənbələr hesabına təmin olunmuşdur. Bu gün Azərbaycanın strateji valyuta ehtiyatları 46 mlrd. dollardan çoxdur və Azərbaycan dünyada azsaylı ölkələrdən biridir ki, onun valyuta ehtiyatı ÜDM həcmini üstələyir. Bu həcmdəki valyuta ehtiyatı ölkəmizin davamlı inkişafı üçün həm real təminat, həm Azərbaycanın siyasi və iqtisadi sabitliyinin qarantı, həm də gələcək nəsillər üçün ciddi iqtisadi potensial deməkdir.

“Məhz İlham Əliyevin düşünülmüş, uzaqgörən və müdrik rəhbərliyinin nəticəsidir ki, Azərbaycan bu gün heç vaxt olmadığı qədər müstəqildir, ölkəmiz heç kimin diktəsi olmadan tamamilə müstəqil siyasət aparır və bu siyasət bilavasitə Azərbaycan xalqının milli mənafelərinə xidmət edir” deyən deputat Azərbaycanın hərbi gücünün sürətlə artdığını, ölkəmizin ciddi hərbi sənaye kompleksi formalaşdırdığını və Azərbaycanın artıq nəinki özünü hərbi məhsullarla təchiz etdiyini, eləcə də dünyanın bir çox ölkəsinə 1200 adda hərbi məhsul ixrac olunduğunu xüsusi vurğuladı. Bütün bu qeyd olunan uğurlar Azərbaycanın son 15 ildə artan iqtisadi, hərbi qüdrətinin, beynəlxalq nüfuzunun bariz ifadəsidir.

15 il ərzində Azərbaycanın ictimai-siyasi həyatının istisnasız olaraq bütün sahələri üçün yüksəliş, sürətli və dinamik inkişaf dövrü kimi daim xatırlanacağını qeyd edən Ş.Hacıyev bildirdi ki, bu gün ölkəmizdə Heydər Əliyev siyasəti uğurla davam etdirilir və Azərbaycan xalqının rifahına, Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə xidmət edən bu siyasət möhtərəm Prezidentimizin rəhbərliyi altında gələcəkdə bizə daha böyük uğurlar vəd edir. Sonda deputat Səbail rayon ictimaiyyətini bir daha qarşıdan gələn bayramlar münasibətilə ürəkdən təbrik etdi, hər kəsə möhkəm cansağlığı, işlərində və partiya fəaliyyətlərində uğurlar arzuladı.

Tədbirdə Yeni Azərbaycan Partiyasına yeni üzv qəbul olunmuş şəxslərə partiya vəsiqələri təqdim edildi.

Sonra YAP Siyasi Şurasının və YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü, 91-lərdən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorunun müşaviri prof. Vilayət Əliyevin 80 illik yubileyi münasibətilə təbriklər səsləndirildi.

Tədbir bədii hissə ilə davam etdirildi.

Tədbirin videoyazısı
MədəniyyətTV