Parlament nümayəndə heyəti İran İslam Respublikasında səfərdə oldular

Dekabrın 25-26-da Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti İran İslam Respublikasında rəsmi səfərdə oldular.

Səfərdə Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupu rəhbərinin müavini Eldar İbrahimov, parlamentin komitə sədrləri İsa Həbibbəyli, Hadi Rəcəbli, deputatlar Hüseynbala Mirələmov, Şəmsəddin Hacıyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak etdilər.

***

Nümayəndə heyəti dekabrın 25-də İran Prezidenti Həsən Ruhani ilə görüşdü. Görüşdə ölkələrimiz arasındakı münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olundu. Qeyd edildi ki, İran ilə Azərbaycan arasındakı münasibətlər tarixi köklərə və ənənələrə söykənir. Xalqlarımızın tarixdə yaratdıqları dövlətlər də bir-biri ilə dost münasibətdə, xoş qonşuluq əlaqələrində olublar. Sevindirici haldır ki, əsrlərboyu mövcud olan yaxşı münasibətlər bu gün də davam edir. Bu gün ölkələrimiz arasında müxtəlif istiqamətlər üzrə qarşılıqlı əlaqələr inkişaf mərhələsini yaşayır.

Oqtay Əsədov bildirdi ki, Azərbaycan və İran prezidentləri arasında 12 dəfə görüş baş tutub. Bu rəqəm özlüyündə münasibətlərimizin çatdığı yüksək səviyyənin göstəricisidir. Azərbaycan ilə İran arasında 2014-cü ildə imzalanmış dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərimizin inkişafına xüsusi töhfə verib. Azərbaycan, İran və Rusiya prezidentlərinin 2016-cı ildə Bakıda və 2017-ci ildə Tehranda üçtərəfli görüşləri regionda sabitliyin davamlı olmasında əhəmiyyətli rol oynayıb.

Diqqətə çatdırıldı ki, bu gün qarşılıqlı əlaqələrimiz bütün sahələr üzrə uğurla inkişaf edir. İki ölkə arasında 186 hüquqi sənəd imzalanıb, daha 9 sənəd üzərində iş aparılır. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 257,7 milyon, cari ildə isə 395 milyon ABŞ dolları həcminə yüksəlib. Ölkələrimizin iqtisadi potensialı ticarət dövriyyəsinin daha da artmasına imkan verir və bu potensialdan səmərəli istifadə etmək lazımdır. Son 5 ildə Azərbaycanın və İranın müxtəlif şəhərlərində hər iki ölkənin iş adamlarının iştirakı ilə 24 biznes forum keçirilib. Bu gün Azərbaycanda 732 İran şirkəti qeydiyyatdan keçib və fəaliyyət göstərir. Bildirildi ki, ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşunun həcmi artmaqda davam edir. Bu günə qədər İrandan Azərbaycana təxminən 3,3 milyard ABŞ dolları həcmində investisiya yatırılıb.

Spiker qeyd etdi ki, ikitərəfli əlaqələrin inkişafında parlamentlərin də özünəməxsus rolu var. Hər iki parlamentdə yaradılan işçi qrupları intensiv görüşlər keçirərək əlaqələrin inkişafı haqqında müzakirələr aparırlar. Qanunverici orqanlar arasındakı əməkdaşlıqda dinamika hiss olunur. Tərəfləri maraqlandıran məsələlər ətrafında aparılan fikir mübadiləsi qanunverici orqanlarımızı bir-birinə daha da yaxınlaşdırır.

Oqtay Əsədov bildirdi ki, Azərbaycan ilə İran beynəlxalq təşkilatlar çərçivəsində də yaxından əməkdaşlıq edirlər. İranın beynəlxalq təşkilatlar çərçivəsində aparılan müzakirələrdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə təşəkkürünü bildirən Azərbaycan parlamentinin sədri iki dövlət arasındakı xoş münasibətlərin gələcəkdə də davam etməsini arzulayıb.

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycandan gələnlərin İranda həmişə əziz qonaq olduqlarını diqqətə çatdırdı. Qeyd olundu ki, İran ilə Azərbaycan beynəlxalq iqtisadi layihələrin həyata keçməsində də birgə fəaliyyət göstərirlər. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi hər iki ölkənin iqtisadi inkişafına böyük təkan verəcək. Həsən Ruhani bu işdə mühüm addımlar atan Azərbaycan Prezidentinin fəaliyyətini yüksək qiymətləndirib. Diqqətə çatdırılıb ki, bu dəhliz tam formalaşdıqdan sonra Azərbaycan Fars körfəzinə, İran isə Rusiya və Avropa dövlətlərinə çıxış əldə edəcək. Artıq İran ilə Azərbaycanın dəmir yollarını birləşdirən Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu istifadəyə verilib. Qəzvin-Rəşt-Astara yolunun Rəşt-Astara hissəsində isə işlər davam edir. Hər iki dövlətin birgə iqtisadi layihəsi olan Neftçala avtomobil zavodu da artıq işə düşüb və istehsal başlayıb. Bu layihələr xalqlarımızın mənafeyi nəzərə alınmaqla həyata keçirilib. İran hər zaman yaxın qonşuları ilə əlaqələrinin inkişafına xüsusi əhəmiyyət verir. Azərbaycan ilə İranı ortaq tarixi bağlar, mədəniyyət, din və xalqlarımızın adət-ənənələri sıx bağlayır.

Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsinin aparıldığı görüşdə Milli Məclisin deputatları İsa Həbibbəyli, Hadi Rəcəbli, Şəmsəddin Hacıyev, Hüseynbala Mirələmov, Eldar İbrahimov, Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov və başqa rəsmi şəxslər iştirak etdilər.

***

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyi ilə İranda səfərdə olan parlament nümayəndə heyəti dekabrın 25-də İran İslam Şurası Məclisinin (parlament) sədri Əli Laricani ilə görüşdü.

Görüşdə ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, işçi qruplarının fəaliyyəti və qanunvericilik sahəsində təcrübə mübadiləsi məsələləri müzakirə edildi.

Milli Məclisin sədri Oqtay Əsədov diqqətə çatdırdı ki, Azərbaycan ilə İranı bir-birinə bağlayan coğrafiya, tarixi, mədəni və dini ortaq dəyərlərimiz var. Bu dəyərlər münasibətlərimizin qarşılıqlı anlaşma üzərində qurulmasına şərait yaradır. Bu gün əməkdaşlığımız müxtəlif istiqamətlər üzrə uğurla inkişaf edir. Əlaqələrimizin inkişafında yüksək səviyyəli səfərlər və görüşlər xüsusi rol oynayır. Heç şübhəsiz ki, ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının rolu və siyasi iradəsi mühüm əhəmiyyət kəsb edir.

Spiker qeyd etdi ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tərəflər arasında xoş münasibətlərin olduğunu göstərir. Bu Konvensiya həm ikitərəfli, həm də çoxtərəfli iqtisadi əlaqələrin inkişafına böyük təkan verəcək. Son illər hökumət nümayəndələri arasında da qarşılıqlı səfərlərin sayı artıb. Məhz bu səfərlərin və aparılan danışıqların nəticəsidir ki, iki qonşu dövlət arasında münasibətlər inkişaf mərhələsinə qədəm qoyub.

Azərbaycan-İran hökumətlərarası müştərək iqtisadi komissiyasının işini yüksək qiymətləndirən Milli Məclisin sədri bildirdi ki, birgə layihələrin həyata keçirilməsi məhz bu Komissiyanın işinin nəticəsidir. Bu qəbildən Neftçala avtomobil zavodunu qeyd etmək yerinə düşər. Eyni zamanda, Bakı şəhərinin ətrafında əczaçılıq fabrikinin də əsası qoyulub və işlər davam edir.

Vurğulandı ki, cari ildə parlament nümayəndələrindən başqa İranın xarici işlər, müdafiə, rabitə və informasiya texnologiyaları, milli təhlükəsizlik nazirləri, sərhəd qoşunlarının komandanı, Prezident Administrasiyasının rəhbəri müxtəlif vaxtlarda Azərbaycana səfər ediblər. Bu səfərlər zamanı qarşılıqlı əlaqələrin inkişafı müzakirə olunub və bir sıra razılaşmalar əldə edilib. İki dost ölkə arasında belə yüksək səviyyəli səfərlərin sayının artması sevindirici haldır. Azərbaycan parlamentinin nümayəndə heyətinin bugünkü səfəri də əlaqələrimizin inkişaf meylinin davamıdır. Qeyd olunub ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında İran ilə Azərbaycan əhəmiyyətli rol oynayırlar. Bu, beynəlxalq transmilli iqtisadi layihədir və bundan çox ölkə istifadə edəcək.

Parlamentlərarası işçi qruplarının fəaliyyətini yüksək qiymətləndirən Oqtay Əsədov bildirdi ki, qanunverici orqanların təcrübə mübadiləsi də faydalıdır. Parlamentlərarası əlaqələr xalqların mədəni münasibətlərinin inkişafına da böyük təkan verir.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani ölkəsinin Azərbaycan ilə bütün sahələr üzrə əlaqələrini inkişaf etdirməkdə maraqlı olduğunu vurğuladı. İki ölkə arasında qarşılıqlı və faydalı əməkdaşlıqda heç bir problem yoxdur. Dövlət başçılarının dostluq əlaqələri ölkələrimizin münasibətlərinə də təsir göstərir. Bu baxımdan Azərbaycan və İran prezidentlərinin dostluğu çox müsbət xarakter daşıyır.

İran parlamentinin sədri qeyd etdi ki, qarşılıqlı ticarət dövriyyəsinin həcmini 2-3 milyard ABŞ dolları həcminə çatdırmaq mümkündür. Buna hər iki dövlətin iqtisadi potensialı imkan verir.

Regional təhlükəsizlik məsələsinə toxunan Əli Laricani bildirdi ki, terrorçuluq dünyada qlobal problemə çevrilib. Beynəlxalq terrorçuluğa qarşı mübarizədə səylərin birləşdirilməsi regionda sülhün və sabitliyin davamlı olmasını təmin edər.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Görüşdə Milli Məclisin deputatları İsa Həbibbəyli, Eldar İbrahimov, Hüseynbala Mirələmov, Şəmsəddin Hacıyev, Hadi Rəcəbli, Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər.

***

Həmin gün Milli Məclisin sədri Oqtay Əsədov İranın xarici işlər naziri Məhəmməd Cavad ZərifMilli Təhlükəsizlik Şurasının sədri Əli Şamxani ilə də görüşdü.

Görüşlərdə regional təhlükəsizlik, terrorçuluğa qarşı birgə mübarizə, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu.

***

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyi ilə İranda səfərdə olan parlament nümayəndə heyəti dekabrın 26-da bu ölkənin Qərbi Azərbaycan vilayətinin inzibati mərkəzi – Urmiya şəhərinə səfər etdi.

Milli Məclisin sədri İranın Qərbi Azərbaycan vilayətinin valisi Məhəmməd Mehdi Şəhriyari ilə görüşüb. Görüşdə qarşılıqlı əlaqələrin inkişafı, Azərbaycanın İran ilə sərhədyanı rayonları arasında ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edildi.

Oqtay Əsədov diqqətə çatdırdı ki, bu gün Azərbaycan ilə İran arasındakı münasibətlər özünün inkişaf mərhələsini yaşamaqdadır. Dövlət başçılarının siyasi iradəsi nəticəsində bütün sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurulub. Bu əlaqələrin intensiv inkişafı hər iki ölkənin sərhədyanı regionlarını da əhatə etməlidir. Azərbaycan İranın Qərbi Azərbaycan vilayəti ilə iqtisadi münasibətlərin inkişafında maraqlıdır və bu münasibətləri daha yüksək səviyyəyə çatdırmaq istiqamətində addımlar atmağa hazırdır.

Milli Məclisin sədri bildirdi ki, sərhədyanı rayonların sənaye və ticarət sahələrində əməkdaşlıq etmələri iki ölkənin qarşılıqlı əlaqələrinin inkişafına böyük təkan vermiş olar.

İranın Qərbi Azərbaycan vilayətinin valisi Məhəmməd Mehdi Şəhriyari bildirdi ki, rəhbərlik etdiyi region Azərbaycanın sərhədyanı rayonları ilə ticarət əlaqələrinə malikdir. Lakin hər iki ölkənin iqtisadi potensialı bu əlaqələrin daha da intensiv olmasına imkan yaradır.

Rəhbərlik etdiyi regionun İranın iqtisadi cəhətdən inkişaf etmiş vilayəti olduğunu qeyd edən vali kənd təsərrüfatı, əczaçılıq, maşınqayırma və sənayenin digər sahələri üzrə Azərbaycan Respublikası ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirdi.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Milli Məclisin deputatları İsa Həbibbəyli, Hadi Rəcəbli, Şəmsəddin Hacıyev, Hüseynbala Mirələmov, Eldar İbrahimov, Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov və İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə görüşdə iştirak etdilər.

Səfər çərçivəsində nümayəndə heyətimiz İranın Qərbi Azərbaycan vilayətinin istehsal və sənaye müəssisələri ilə də tanış oldular.