İdarə Heyətinin iclasında 2018-ci ilin yekunları müzakirə olundu

28 dekabr 2018-ci il tarixində YAP Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirildi.

İclasda 2018-ci ildə görülmüş işlərin nəticələri, qarşıda duran vəzifələr və digər cari məsələlər müzakirə edildi, müvafiq qərarlar qəbul olundu.

Ölkəmiz və xalqımız üçün uğurlu il olan 2018-ci ilin çox önəmli və əlamətdar hadisələrlə zəngin olduğunu qeyd edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev il ərzində Azərbaycanda müşahidə olunan dinamik inkişaf, respublikamızın ictimai-siyasi həyatında şahidi olduğumuz möhtəşəm hadisələr haqqında geniş danışdı. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və Azərbaycan Parlamentinin açılışının 100 illik yubileyləri münasibətilə respublikamızda ilboyu keçirilən silsilə tədbirləri, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının və Bakının erməni daşnaklarından azad olunmasının 100 illiyinin qeyd olunduğu möhtəşəm paradları xüsusi vurğulayan millət vəkili 2018-ci ilin Yeni Azərbaycan Partiyası üçün də çox əlamətdar hadisələrlə yadda qaldığını diqqətə çatdırdı. Ş.Hacıyev ilin ən önəmli ictimai-siyasi hadisəsi olan 11 aprel Prezident seçkiləri ilə əlaqədar respublikamızda keçirilən geniş təbliğat-təşviqat kampaniyasının uğurla yerinə yetirilməsi, seçicilərin təşkil olunan seçki kampaniyasında və səsvermədə böyük ruh yüksəkliyi ilə iştirak etməsi və Yeni Azərbaycan Partiyasının vahid namizədi cənab İlham Əliyevin növbəti dəfə xalqın etimadını böyük səs çoxluğu ilə qazanması haqqında danışaraq bildirdi ki, bu ilki seçkilərdə istər respublika səviyyəsində, istərsə də Səbail rayonunda yüksək fəallıq qeydə alınmışdır. Səbail rayonu üzrə ötən Prezident seçkiləri ilə müqayisədə ən yüksək fəallıq göstəricisi əldə olunmuş, seçici fəallığının 70.21% olaraq qeydə alındığı Səbail rayonunda seçicilərin 87,9%-i İlham Əliyevi dəstəkləmişlər. Bu uğurlu nəticələr əlbəttə ki, ilk növbədə ölkə başçısının ötən illər ərzində gördüyü işlərlə, İlham Əliyevin şəxsi nüfuzu və xalq arasında malik olduğu yüksək reytinq ilə bağlıdır. Dünyada azsaylı ölkələr var ki, Prezidentin xalq arasındakı reytinqi bu qədər yüksək olsun və ölkə başçısı sözün əsl mənasında xalqın alternativsiz Lideri olsun. Məhz bunun nəticəsidir ki, YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin rayonun bütün ərazisini, qəsəbələrini, seçki məntəqələrini və bütün seçici qruplarını əhatə edən genişmiqyaslı təbliğat-təşviqat kampaniyasında ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər, rayon sakinləri böyük həvəs və ruh yüksəkliyi ilə iştirak etmiş, rayonumuzda bununla əlaqədar çoxsaylı tədbirlər keçirilmiş, seçkidə də yüksək nəticələr əldə olunmuşdur. Seçkinin nəticələri elan olunduqda rayonda əsl bayram abu-havası yaranmış, rayonun partiya fəalları Səbailin mərkəzi küçələrində Zəfər yürüşü təşkil etmiş və İlham Əliyevin möhtəşəm qələbəsini qeyd etmişlər. Bu uğurlu seçkilər Yeni Azərbaycan Partiyasının növbəti möhtəşəm qələbəsidir və sevindirici haldır ki, seçkilərin gedişini yaxından izləyən beynəlxalq və xarici müşahidə missiyaları da seçki prosesinin demokratik, şəffaf və obyektiv şəkildə keçirildiyini bildirmişlər.

Deputat 2018-ci ildə daha bir möhtəşəm və Azərbaycan dövlətçiliyi üçün əlamətdar hadisənin – İlham Əliyevin Azərbaycana rəhbərlik etməsinin 15 illiyinin qeyd olunduğunu vurğulayaraq, bu müddət ərzində ölkəmizin ictimai-siyasi həyatının istisnasız olaraq bütün sahələrini əhatə edən dinamik inkişaf, struktur islahatları, çoxşaxəli quruculuq işləri və əldə olunan misilsiz uğurlar haqqında ətraflı məlumat verdi. Bildirildi ki, bu 15 il Azərbaycanın siyasi müstəqillik tarixinin mübaliğəsiz olaraq qızıl dövrüdür, bu illər ərzində Azərbaycanın dövlət müstəqilliyi əbədiləşmiş, ölkəmiz dünyada özünü təsdiq etmiş və respublikamızın gələcək inkişafı üçün güclü iqtisadi-sosial potensial formalaşdırılmışdır.

2018-ci ildə YAP Səbail rayon təşkilatının çoxşaxəli fəaliyyəti və əsas keyfiyyət göstəriciləri haqqında məlumat verən Ş.Hacıyev diqqətə çatdırdı ki, ötən il ərzində rayon partiya təşkilatının sıraları həm kəmiyyət, həm keyfiyyət baxımından genişlənmiş, 7 yeni ərazi ilk partiya təşkilatı təsis olunmuş, partiya sıralarına 739 nəfər yeni üzv qəbul olunmuşdur. Hazırda rayon təşkilatının qeydiyyatında olan üzvlərin 65,5%-i gənclər, 55,6%-i qadınlardır. İl ərzində rayon partiya təşkilatı çoxşaxəli siyasi fəaliyyəti ilə yanaşı, sosial şəbəkələrdə də yüksək fəallıq nümayiş etdirmiş, çoxsaylı mədəni-kütləvi tədbirlər, əlamətdar tarixlərdə Dövlət Akademik Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi və R.Behbudov adına Mahnı Teatrı ilə birgə bayram konsertləri təşkil etmiş, Akademik Milli Dram Teatrında və Azərbaycan Dövlət Musiqili Teatrında bir neçə tamaşaya partiya üzvlərinin ictimai baxışı keçirilmişdir. Rayonun aztəminatlı ailələri, yardıma ehtiyacı olan tənha qocalar, kimsəsizlər, yataq xəstələri, əlillər, müharibə veteranları, şəhid ailələri xüsusi diqqət mərkəzində saxlanılmış, hər bayramda yüzdən çox ailəyə bayram sovqatları, ərzaq yardımları verilmiş, eləcə də il ərzində əlil arabasına ciddi ehtiyacı olan aztəminatlı 12 nəfərə əlil arabaları, aztəminatlı ailələrin uşaqlarına müxtəlif geyim dəstləri hədiyyə edilmişdir. Vurğulandı ki, il ərzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə silsilə tədbirlər və konfranslar, “dəyirmi masa”lar, seminarlar təşkil olunmuş və hazırda bu tədbirlərin materialları əsasında hazırlanmış kitabın nəşri üçün son tamamlama işləri yekunlaşır. Sədr əminliyini ifadə etdi ki, bu işlər daha geniş rakursda qarşıdan gələn illərdə də davam etdiriləcəkdir.

Ş.Hacıyev YAP Səbail rayon təşkilatının çoxminli üzvləri adından möhtərəm Prezidentimizi, onun ailə üzvlərini, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il münasibətilə ürəkdən təbrik etdi, onlara möhkəm cansağlığı, Azərbaycanın inkişafı və xalqımızın rifahı naminə yorulmaz fəaliyyətlərində uğurlar arzuladı. Səbail rayonunun ictimaiyyətinin daima cənab Prezidentin yanında olduğunu, ölkədə aparılan siyasəti dəstəklədiklərini bilidirən deputat rayon partiya təşkilatının bütün üzvlərini, Rayon Şurası və İdarə heyətinin üzvlərini və aparat işçilərinin də bayramlarını səmimi qəlbdən təbrik edərək, onlara ən xoş arzularını çatdırdı.

Sonda gündəlikdə duran cari məsələlər müzakirə olundu və müvafiq qərarlar qəbul olundu.