YAP Səbail rayon təşkilatının ilk sədri prof. Zahid Qaralovun əziz xatirəsi ehtiramla yad olundu

YAP Səbail rayon təşkilatının ilk sədri, rayon partiya təşkilatının yaradılmasında böyük xidmətləri olan və 21 ildən çox təşkilata rəhbərlik etmiş tanınmış ictimai-siyasi xadim, pedaqoq, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Milli Məclisin deputatı, “Şöhrət” və “Şərəf” ordenli pedaqoji elmlər doktoru, professor Zahid Qaralovun vəfatından 4 il ötür.

YAP Səbail rayon təşkilatının çoxminli üzvləri olaraq, Zahid müəllimin əziz xatirəsini ehtiramla yad edir, ona Allahdan rəhmət diləyir və “Ruhunuz şad olsun!” deyirik.

Qaralov Zahid İbrahim oğlu (1934-2015) – Yeni Azərbaycan Partiyasının “Qızıl Fondu” adlandırılan məşhur “91-lər”dən biridir, yarandığı gündən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin və Siyasi Şurasının üzvü olmuşdur, 1993-2014-cü illər ərzində YAP Səbail rayon təşkilatına rəhbərlik etmişdir.

Zahid İbrahim oğlu Qaralov 1934-cü il iyul ayının 10-da Başkeçid (indiki Dmanisi) rayonunun Ormeşən kəndində ziyalı ailəsində anadan olmuşdur.

Fizikanın tədrisi metodikası üzrə namizədlik, sonra doktorluq dissertasiyasını müdafiə etmişdir. 600-dən çox elmi məqalənin, 30 adda monoqrafiyanın və 18 dərsliyin müəllifidir.

1964-1995-ci illər arasında indiki Təhsil İnstitutunda kiçik elmi işçi, Baş elmi işçi, dosent-elmi işlər üzrə direktor müavini, direktor, professor-Azərbaycan SSRİ Maarif Nazirinin müavini vəzifələrində çalışmışdır. 1995-2005-ci illərdə Milli Məclisin deputatı, Yerli və Regional məsələlər Komitəsinin sədri və Azərbaycan Respublikası Prezidenti yanında Əfv komissiyasının üzvü kimi fəaliyyət göstərmişdir.

1957-1990-cı illərdə Sov.İKP-nin üzvü, 1992-ci ildən ömrünün sonunadək Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur.

1992-ci ildə Heydər Əliyevə tarixi müraciət ünvanlayan “91-lər”dən biri, 1992-ci ilin 21 noyabr tarixində Naxçıvanda Heydər Əliyevin sədrliyi ilə keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransının iştirakçısı olmuşdur. YAP-ın I-V Qurultaylarının iştirakçısı olmuşdur.

Prof. Zahid Qaralov ömrü boyu çoxsaylı ictimai işlərdə çalışmışdır. 1992-ci ildə Heydər Əliyevə qarşı hücumlar zamanı “Heydər Əliyevi və Naxçıvan Muxtar Respublikasını Müdafiə Komitəsi”nin sədri seçilmişdir. Dəfələrlə Yeni Azərbaycan Partiyası Siyasi Şurasına və İdarə Heyətinə üzv seçilmiş, YAP İdarə Heyəti yanında Sosial Məsələlər Komissiyasının sədri olmuşdur. Azərbaycan Prezidenti yanında Ağsaqqallar Şurasının üzvü, Məşhur “91-lər”in fəaliyyətinin əlaqələndiricisi olmuşdur. 10 il Səbail rayon partiya Komitəsi Plenumunun üzvü və üzvlüyünə namizəd, rayonun deputatı və Rayon İcraiyyə Komitəsinin üzvü, Mənzil uçotu və bölüşdürülməsi Komissiyasının sədri olmuşdur.

1993-cü il fevral ayının 21-də Ulu Öndər Heydər Əliyevin təklifi ilə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri seçilmiş, 21 ildən çox partiya təşkilatına sədrlik etmişdir.

Elmi-tədqiqat, pedaqoji və ictimai-siyasi fəaliyyətini həmişə birlikdə aparmış, bütün istiqamətlərdəki fəaliyyətini ömrünün sonuna qədər ləyaqətlə davam etdirmişdir. Uzun müddət namizədlik və doktorluq dissertasiyalarının Müdafiə Şuralarına sədrlik etmişdir. Azərbaycan Ali Attestasiya Komissiyasında pedaqogika-psixologiya üzrə Ekspert Komissiyasına rəhbərlik etmişdir.173 nəfər elmlər namizədi və elmlər doktorlarının elmi rəhbəri olmuşdur. 50-dən çox namizədlik və doktorluq dissertasiyalarına rəy yazmış, rəsmi opponent olmuşdur. Tutduğu vəzifələrlə əlaqədar 100-dən çox ölkədə olmuş, müxtəlif sahələr üzrə təcrübələrini öyrənmişdir. Beynəlxalq Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, akademikdir.

Prof. Z.Qaralov ömrü boyu zəngin ictimai-siyasi fəaliyyətinə və novatorluq xidmətlərinə görə müxtəlif dövlət təltiflərin, mükafatlarına, çoxsaylı medallara layiq görülmüşdür. SSRİ Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuş, 2012-ci ildə Türkdilli dövlətlərin siyasətinə dəstək Beynəlxalq Fondunun “Heydər Əliyev adına” Qızıl medala layiq görülmüşdür.

08 iyul 2004-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elmi-pedaqoji və ictimai-siyasi fəaliyyət sahəsindəki xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

09 iyul 2014-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanda pedaqogika elminin inkişafında xidmətlərinə və respublikanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif olunmuşdur.

06 yanvar 2015-ci il tarixində ömrünün 81-ci ilində vəfat etmişdir.

Allah rəhmət eləsin! Ruhunuz şad olsun, Zahid müəllim!