Xalq artisti Amaliya Pənahovanın əziz xatirəsinə həsr olunan “Mən aktrisa olmaq üçün dünyaya gəldim…” adlı tədbir keçirildi

Yanvarın 16-da Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Amaliya Pənahovanın əziz xatirəsinə həsr olunan “Mən aktrisa olmaq üçün dünyaya gəldim…” adlı tədbir keçirildi.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Mədəniyyət” kanalı, Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Söz” ədəbi layihəsi çərçivəsində reallaşan xatirə gecəsində respublika ictimaiyyəti nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, Milli Məclisin deputatları, sənətsevərlər iştirak etdilər.

Xatirə gecəsində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar görkəmli aktrisa haqqında xatirələrini paylaşdı. Sənət yolunda Amaliya xanım ilə birlikdə əməkdaşlıq etmək xoşbəxtliyinin ona da nəsib olduğunu diqqətə çatdıran Xalq yazıçısı qeyd etdi ki, tələbə ikən səhnəyə çıxan Amaliya xanım Azərbaycan teatr səhnəsinə gəncliyin təravətini və cazibəsini gətirdi. Vurğulandı ki, Azərbaycan xalqı Amaliya xanımın sənətinə valeh olmaqla yanaşı, onun cəsarətinin də şahidi olmuşdur. Anar görkəmli sənətkarımızın əziz xatirəsinin yüzlərlə tamaşaçısının, onu sevənlərin qəlbində əbədi olaraq yaşayacağını qeyd etdi: “Amaliya xanım artıq bizim xatirələr dünyasındadır, xatirələr dünyası isə gerçək dünya qədər realdır. Gözəl sənətkarımızı xatırlayan son insan yaşadıqca Amaliya xanımın xatirəsi də qəlblərdə yaşayacaqdır.”

Xalq artisti Eldar Quliyev teatr və kino sənətimizə dəyərli töhfələr vermiş Amaliya xanımın mənalı ömür yolu və zəngin yaradıcılığı haqqında danışaraq bildirdi ki, Amaliya xanım sənətinin vurğunu idi. Heyranedici aktrisa idi, heç bir roldan imtina etməzdi və rejissorlar onunla işləməkdən zövq alırdı, çünki Amaliya xanım sözün əsl mənasında işinin peşəkarı idi. Amaliya xanımın sənətdə, səhnədə, kamera qarşısında yaşadığını vurğulayan E.Quliyev xüsusi qeyd etdi ki, görkəmli sənətkarımız Azərbaycan sənətşünaslığı üçün ən çətin vaxtlarda cəsarətli addım ataraq, Bakı Bələdiyyə Teatrını yaratdı, onu yaşatdı, gənc sənətkarlar üçün yeni yollar, cığırlar açdı. Amaliya xanımın Azərbaycan teatrı üçün əvəzolunmaz xidmətləri heç vaxt unudulmayacaqdır.

Çıxış edən Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev həyatını səhnəyə həsr edən, teatrla, sənəti ilə yaşayan, nəfəs alan görkəmli aktrisa Amaliya Pənahovanın sənət yolu ilə yanaşı, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən danışdı. Böyük sənətkarımızın Allah tərəfindən ona nəsib olunan fitri istedad, müstəsna talant sahibi olduğunu qeyd edən deputat bildirdi ki, Amaliya xanımın bütün rolları bənzərsiz şəkildə ifa etmək bacarığı var idi. Onun üçün rolun böyüklüyü və ya kiçikliyi yox idi. Amaliya xanım özünün səhnə mədəniyyəti, sənətçi kimliyi, davranışı, səsi, ümumi enerjisi ilə bütün rolları eyni dərəcədə tamaşaçıya sevdirə bilirdi. Ş.Hacıyev Azərbaycan teatr xadimləri arasında xüsusi yeri olan Amaliya xanımın Milli Məclisin deputatı və Sosial-siyasət daimi komissiyasının üzvü kimi fəaliyyətindən geniş bəhs etdi. Amaliya xanımın konstruktiv təkliflərlə çıxış edərək istər Milli Məclisin Sosial-siyasət komissiyasının fəaliyyətində, istərsə də mədəniyyət, ailə, qadın, uşaq problemləri ilə bağlı məsələlərdə yaxından iştirak etdiyini vurğulayan millət vəkili diqqətə çatdırdı ki, böyük sənətkarımız uzun illər YAP Səbail rayon təşkilatının Rayon Şurasının və İdarə Heyətinin üzvü, eləcə də YAP Qadınlar Şurasının ən fəal üzvləridən biri kimi bütün varlığı ilə bağlı olduğu müstəqil dövlətçiliyimiz üçün ziyalı mövqeyini daim cəsarətlə nümayiş etdirmiş, Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev siyasətinin yorulmaz və fədakar təbliğatçısı olmuşdur. YAP Səbail rayon təşkilatında üç ildən çox müddətdə Amaliya xanımla birlikdə fəaliyyət göstərmək imkanı olduğunu qürurla qeyd edən Ş.Hacıyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Səbail rayon ictimaiyyətinin Cocuq Mərcanlı kəndinə ziyarətini xüsusi xatırladı. Bildirildi ki, Amaliya xanımın bu səfərdə fəal iştirakı, cəbhə bölgəsindəki əsgərlər üçün Bakı Bələdiyyə Teatrı tərəfindən nümayiş olunan səhnəciklər səngərdəki əsgərlər və bütün hərbiçi-zabit heyəti üçün unudulmaz xatirə oldu. Deputat vurğuladı ki, son dərəcə sadə, təvazökar, eyni zamanda çox həssas insan olan Amaliya xanım böyük sənətkar, gözəl həyat yoldaşı və ana olmaqla yanaşı, həm də böyük bir vətənpərvər idi. Amaliya xanımın səngərdə keçirdiyi görüşlər, əsgərlər qarşısındakı çıxışları və onlara necə diqqət və qayğı ilə yanaşması bu nəcib qadının torpaq, yurd sevginin ifadəsi idi. O, Azərbaycan torpaqlarının işğal altında olması ilə ömrünün sonuna qədər barışa bilmədi və ömrü boyu da Azərbaycanın haqq mübarizəsi uğrunda qəhrəman Azərbaycan qadını kimi ləyaqətli mübarizəsini apardı. Böyük sənətkarımıza Allahdan qəni-qəni rəhmət diləyən Ş.Hacıyev bildirdi ki, nə qədər Azərbaycan teatrı, səhnəsi var, Amaliya xanımın əziz xatirəsi də yaşayacaqdır.

Milli Məclisin deputatı Qənirə Paşayeva Amaliya Pənahovanın zəngin həyat yolu və bənzərsiz sənət taleyi haqqında danışaraq bildirdi ki, bu böyük sənətkara yalnız nadir insanlara nəsib olan misilsiz istedad, heyrətamiz gözəllik, böyük sevgi və sağlığında unudulmayacağını bilmək xoşbəxtliyi qismət olmuşdu. Amaliya xanım Azərbaycanın gənc qızları üçün əsl cəsarət simvolu idi, Azərbaycan teatr sənətində yeni cığır açmışdı. Görkəmli sənətkarın yüksək insani keyfiyyətlərindən danışan deputat Amaliya xanımı tanıyan hər kəsin onun sadəliyinə, səmimiyyətinə, insansevərliyinə, vətənpərvərliyinə, millətsevərliyinə heyran olduğunu qeyd etdi. Vurğulandı ki, Amaliya xanım dövlət məsələlərinə heç vaxt biganə qala bilməyən ziyalı idi. Azərbaycan xalqı Amaliya xanımı daim böyük sevgi ilə xatırlayacaqdır.

Azərbaycan əsgərləri adından çıxış edən hərbiçi, polkovnik Amaliya xanımla bağlı xatirələrini tədbir iştirakçıları ilə paylaşaraq görkəmli sənətkarın əziz xatirəsini ehtiramla yad etdi. Ömrünü Azərbaycan mədəniyyətinin, incəsənətinin, kino və teatrının inkişafına həsr edən Amaliya xanımın səngərdə əsgərlərlə mütəmadi görüşləri, onlar üçün təşkil etdiyi teatr tamaşaları, cəbhə bölgəsində əsgərləri qələbəyə səsləyən həvəsləndirici çıxışları haqqında danışan polkovnik bu görkəmli sənətkarın eyni zamanda “döyüşən teatr” adlandırılan Bakı Bələdiyyə Teatrının da yaradıcısı olduğunu qeyd etdi və əminliyini ifadə etdi ki, bu teatr bundan sonra da yaşayacaq, inkişaf edəcək və Amaliya xanımın ruhunu sevindirəcəkdir.

Xatirə gecəsində Amaliya Pənahovanın uzun müddət rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrının aktyorlarının iştirakı ilə tamaşalardan səhnələr təqdim olundu, teatr səhnəsində və kinoda canlandırdığı filmlərdən fraqmentlər təqdim edildi.

Allah görkəmli sənətkarımıza rəhmət eləsin, ruhu şad olsun!

Tədbirin videoyazısı
MədəniyyətTV