AMEA Milli Azərbaycan Tarixi Muzeyində 20 Yanvar faciəsinə həsr olunmuş “İstiqlalımızın ilk qərənfilləri” adlı anım tədbiri keçirildi
19.01.2019Yanvarın 18-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində 20 Yanvar faciəsinə həsr olunmuş “İstiqlalımızın ilk qərənfilləri” adlı anım tədbiri keçirildi.
Tədbirdə YAP Səbail rayon təşkilatının Aparat rəhbəri Zəfər Bayramov, YAP Səbail rayon təşkilatının sədr müavini Əhliman Qarayev, “20 Yanvar Cəmiyyəti”nin nümayəndəsi, 20 Yanvar hadisələrinin şahidi Akif Nəsirov, Ombudsman Təşkilatının Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri, 2 saylı Texniki-Humanitar Elmlər Liseyinin və 7 saylı tam orta məktəbin şagirdləri iştirak etdilər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, 20 Yanvar şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxış edən YAP Səbail rayon təşkilatının Aparat rəhbəri, tarixçi, dos. Zəfər Bayramov 20 Yanvar faciəsinin səbəbləri və bu qəhrəmanlıq dastanından çıxarmalı olduğumuz nəticələr haqqında danışdı. 20 Yanvar faciəsinin hər bir azərbaycanlı üçün ağır və kədərli, eyni zamanda şərəfli tarixi gün olduğunu qeyd edən Z.Bayramov bildirdi ki, 1723-cü ildə I Pyotrın Fars yürüşündən sonra bu ərazilərdə erməni məsələsinin təməllərinin atılması Azərbaycan xalqı üçün faciəvi səhifələrin yazılmasının başlanğıcı oldu. Tarixçi təəssüflə diqqətə çatdırdı ki, 1723-cü ildən etibarən baş verən ardıcıl proseslər belə bir nəticəyə gəlməyə əsas verir ki, qəhrəman Azərbaycan xalqının əsas düşməni yaddaşsızlıq və unutqanlıqdır. Məhz bu səbəblə gənclərimiz zaman keçdikcə tarixi yaddaşlarını təzələməli və 20 Yanvar kimi faciələrdən müvafiq dərslər çıxarmalıdırlar. Bildirildi ki, 1990-cı il yanvar ayının 19-dan 20-sinə keçən gecə Bakıda baş verən dəhşətli qırğın zamanı həlak olan 147 nəfər şəhidimiz Azərbaycanın müstəqilliyinin, suverenliyinin əsasını qoydular.
Z.Bayramov bu faciəyə ilk siyasi qiymətin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən verilməsi haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. Vurğulandı ki, faciənin səhərisi 21 yanvar 1990-cı il tarixində Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə ailəsi ilə birlikdə gələn Heydər Əliyev özünün və ailəsinin həyatını təhlükəyə ataraq böyük cəsarət nümunəsi göstərdi. Dahi rəhbər tarixi çıxışında bu faciənin törədilməsində SSRİ rəhbərliyini, Azərbaycan rəhbərliyi tənqid və ittiham etdi. O günlərdə bu bəyanatla çıxış etmək Heydər Əliyevdən cəsarət, mərdlik və Vətən sevgisi tələb edirdi. 1993-cü ildə ikinci dəfə Azərbaycanda rəhbərliyə qayıdan Heydər Əliyevin qətiyyəti və şəxsi iradəsi nəticəsində bu faciəyə dövlət səviyyəsində siyasi qiymət verildi.
20 Yanvar şəhidlərinin əziz xatirəsinin Azərbaycan xalqı tərəfindən əbədiyyən dərin ehtiramla yad olunacağını bildirən Z.Bayramov qeyd etdi ki, tarix tarix üçün yazılmır, tarix belə hadisələrdən nəticələr çıxarmaq və bir daha belə faciələrin təkrarlanmasına izin verməmək üçün yazılır. Aparat rəhbəri vurğuladı ki, “Bizim şəhidlərimiz qarşısında ödənilməz borcumuz var, lakin işğal altında olan torpaqlarımızın, Qarabağın azad olunması ilə biz bəlkə bu borcu müəyyən qədər ödəyə bilərik. İnşallah Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Böyük Qələbə Günü də uzaqda deyildir. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin!”
YAP Səbail rayon təşkilatının sədr müavini Əhliman Qarayev 20 Yanvar hadisələrinin öncəsi və o məşum gecə ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə paylaşdı. 1990-cı il 20 yanvar tarixinin Azərbaycan xalqının həm faciəsi, həm də qəhrəmanlıq dastanı olduğunu vurğulayan Ə.Qarayev bildirdi ki, bu faciə xalqımız üçün milli oyanış və milli dirçəlişin başlanğıcı oldu, xalq o çətin və ağrılı günlərdə Heydər Əliyevi yenidən öz rəhbəri kimi gördü. Bu da xalqımızın qurtuluşu oldu. Məhz o tarixlərdə başlayan amansız mübarizə nəticəsində Azərbaycan müstəqilliyini bərpa etdi, öz dövlətini qurdu, bu gün də vahid Lideri, ölkə başçısı İlham Əliyevin ətrafında sıx birləşib. Ə.Qarayev Azərbaycanın müstəqilliyi uğrunda həlak olan bütün şəhidlərin əziz xatirəsini bir daha ehtiramla yad edərək arzu etdi ki, bundan sonra Azərbaycan xalqının tarixinə yalnız şanlı qəhrəmanlıq səhifələri yazılsın.
“20 Yanvar Cəmiyyəti”nin nümayəndəsi, 20 Yanvar hadisələrinin şahidi Akif Nəsirov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, bu tarixdən öncə və sonra Bakıda və Azərbaycanın bir sıra rayonlarında yüzlərlə dinc insanın ölümü ilə nəticələnən qanlı hadisələr haqqında danışaraq qeyd etdi ki, bu faciəvi hadisələrlə bağlı ilk dəfə öz siyasi mövqeyini nümayiş etdirən məhz Ulu Öndər Heydər Əliyev olmuşdur. Gənclərimiz şəhidlərimizin qəhrəmanlığını öyrənməli, bilməli, qəhrəman Azərbaycan oğul və qızlarından nümunə götürməli və onlara əmanət olunmuş müstəqil Azərbaycanı göz bəbəkləri kimi qorumalıdırlar.
Anım tədbiri bədii hissə ilə davam etdi. 2 saylı Texniki-Humanitar Elmlər Liseyinin şagirdləri Məmmədli Xədicə, Rəhimli Xəlil, Məlikli Fidan şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndirdilər. 7 saylı tam orta məktəbin şagirdi Həsən Hüseynov “Ya Qarabağ, ya ölüm!” adlı musiqi parçasını ifa etdi.
Anım tədbirində 20 yanvar faciəsini əks etdirən rəsm əsərləri də nümayiş etdirildi. Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən 20 Yanvar hadisələri ilə bağlı tarixi əşyaların toplanması işi həyata keçirilir. Belə ki, o qanlı hadisələri əyani şəkildə nümayiş etdirən fotoşəkillər, sənədlər, şəhidlərin şəxsi əşyaları ailələrdən toplanaraq Muzeyin fondlarında qorunur. Bu əşyalar qəhrəmanlıq tariximizin Muzeydə qorunan nümunələridir.