YAP Səbail rayon təşkilatının 2019-cu il üçün İş planı təsdiqləndi

Yanvarın 22-də YAP Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirildi.

İclasda YAP Səbail rayon təşkilatının 2019-cu il üçün İş planı və gündəlikdə duran cari məsələlər müzakirə edildi.

İlk öncə YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev bu gün 75 illik yubileyini qeyd edən YAP Səbail “Aktyor Evi” ərazi ilk partiya təşkilatının sədri, Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılovu şanlı yubiley tarixi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan teatr və kino sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilməsi münasibətilə YAP Səbail rayon təşkilatının çoxminli üzvləri adından və şəxsən öz adından ürəkdən təbrik etdi. Təkrarolunmaz rolların ifaçısı olan görkəmli sənətkarımızın eyni zamanda YAP sıralarında özünəməxsus mövqeyinin, yerinin olmasını xüsusi qeyd edən deputat milyonların sevgisini, hörmətini qazanan və yüksək insani-mənəvi keyfiyyətlərə malik olan nəcib sənətkarımıza möhkəm cansağlığı, sağlam uzun ömür, çoxşaxəli yaradıcılıq və ictimai-siyasi fəaliyyətində daha yüksək nailiyyətlər, ən əsası isə Azərbaycan kinosunda və teatr səhnəsində tamaşaçını güldürən, eyni zamanda düşündürən yeni-yeni rollar və bol seyirci alqışı arzuladı.

Təbrik üçün səmimi qəlbdən təşəkkür edən Xalq artisti Hacı İsmayılov ona göstərilən yüksək diqqət və qayğı üçün ölkə başçısı cənab İlham Əliyevə özü və ailəsi adından xüsusi minnətdalığını bildirdi. H.İsmayılov diqqətə çatdırdı ki, Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycanın qurucusu və Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyev Azərbaycan mədəniyyətinin ən yaxın təəssübkeşlərindən biri idi və sənət adamlarını hər zaman xüsusi diqqət və qayğı mərkəzində saxlayırdı. Qürurverici məqamdır ki, Ulu Öndərin siyasətini bu gün onun siyasi davamçısı cənab İlham Əliyev şərəflə və ləyaqətlə davam etdirir.

Ş.Hacıyev yanvar ayında respublikamızın ictimai-siyasi həyatında baş verən mühüm hadisələr və ölkədə idarəetmənin təkmilləşdirilməsi məqsədilə aparılan struktur islahatları haqqında danışaraq atılan bu mütərəqqi addımları çevik idarəetmə sisteminin formalaşdırılmasına hədəflənən strateji yol xəritələrində nəzərdə tutulan islahatların məntiqi nəticəsi kimi qiymətləndirdi. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən çoxşaxəli və məqsədyönlü işlərin xalqımız tərəfindən təqdir olunması və Azərbaycanda sarsılmaz xalq-iqtidar birliyinin mövcudluğu faktının xarici dairələr tərəfindən qısqanclıqla qarşılanmasını qeyd edən millət vəkili təəssüflə bildirdi ki, ölkə daxilində də “beşinci kolon” rolunu oynayan bəzi siyasi dairələr yalançı “müxalifətçilik” edərək xüsusilə sosial şəbəkələrdə əsassız çaxnaşma yaratmaqda maraqlıdırlar. Deputat vurğuladı ki, sivil yolla demokratik seçkilərdə elektoratın cuzi səsini belə qazanmaq iqtidarında olmayan radikal və destruktiv müxalifətin bu səpkili xain vasitələrə əl atması heç bir nəticə verməyəcəkdir, çünki Azərbaycanda iqtidar siyasətinin mərkəzində xalqın, vətəndaşın rifahı dayanır, xalq da bu gerçəkliyi görür və hərtərəfli dəstəkləyir. İlham Əliyevin rəhbərliyi ilə ötən 15 il ərzində ölkəmizdə qorunan ictimai-siyasi sabitlik və təhlükəsizlik şəraiti isə ölkə başçısının, partiya Liderimizin apardığı düşünülmüş, müdrik, uzaqgörən siyasətlə bağlıdır.

Sonra iclasın gündəliyində duran məsələlər müzakirə olundu.

Ş.Hacıyev YAP Səbail rayon təşkilatının 2019-cu il üçün hazırlanmış İş planı və Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar tədbirlər planı haqqında ətraflı məlumat verdi. Qeyd olundu ki, geniş və əhatəli şəkildə hazırlanan İş planına ənənəvi ictimai-siyasi tədbirlərin, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi ilə əlaqədar keçirilməsi nəzərdə tutulan mədəni, bədii-publisistik görüşlərin və xüsusilə də gənclər, yeniyetmələr üçün tərbiyəvi, maarifləndirici seminarların, “dəyirmi masa”ların təşkili, bu il keçirilməsi nəzərdə tutulan Bələdiyyə seçkiləri ilə bağlı müvafiq işlərin icrası daxil edilmişdir. Hər il olduğu kimi bu il də cəbhə bölgələrinə səfərlərin təşkili, səngərdə əsgərlərlə görüşlərin keçirilməsi, Səbail rayonunda qeydə alınmış 300-ə yaxın aztəminatlı ailəyə, əlillərə, müharibə veteranlarına, şəhid yaxınlarına, kimsəsizlərə, tənha qocalara, yataq xəstələrinə mütəmadi olaraq maddi-mənəvi yardımların göstərilməsi də İş planında xüsusi diqqət edilən məsələlərdəndir.

Sonra rayon partiya təşkilatının İş planı, eləcə də YAP Səbail rayon Qadınlar Şurasının, Gənclər Təşkilatının və Nəzarət-təftiş Komissiyasının illik iş planları geniş müzakirə olundu, İdarə Heyəti üzvlərinin rəy və təklifləri dinlənildi. Çıxışlardan sonra iş planları səsə qoyularaq yekdilliklə təsdiqləndi.

Daha sonra “Nərgiz Mall” Ticarət Mərkəzində “Fəvvarələr” ərazi ilk partiya təşkilatının təsis olunması haqqında daxil olan müraciətə baxıldı və bu yeni ərazi ilk partiya təşkilatının qeydiyyata alınması barədə qərar qəbul olundu.

İclas cari məsələlərin və qarşıda duran vəzifələrin müzakirəsi ilə davam etdi.

”Səs” qəzeti
”İki Sahil” qəzeti
”Yeni Azərbaycan” qəzeti