Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində YAP Səbail rayon “ADRA” ərazi ilk partiya təşkilatı təsis olundu

Yanvarın 25-də Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində YAP Səbail rayon “ADRA” ərazi ilk partiya təşkilatının təsis yığıncağı keçirildi.

Təsis yığıncağında YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev və Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin direktoru Aydın İbadov iştirak etdilər.

Yığıncağı Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin direktoru Aydın İbadov açıq elan etdi. Rəhbəri olduğu Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində bu gün YAP ərazi ilk partiya təşkilatının təsis olunmasından son dərəcə məmnun olduğunu bildirən A.İbadov qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yaradıcısı və ilk sədri olduğu, bu gün də ölkə başçısı cənab İlham Əliyevin uğurla rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının üzvü olmaq böyük şərəfdir.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev bugünkü təsis yığıncağı münasibətilə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin rəhbərliyi başda olmaqla bütün kollektivi ürəkdən təbrik etdi və Agentliyin bütün əməkdaşlarına gələcək peşəkar və ictimai-siyasi fəaliyyətlərində də uğurlar arzuladı.

Ş.Hacıyev Yeni Azərbaycan Partiyasının yaranma tarixi, artıq 26 ildən çox fəaliyyət göstərən partiyanın ötən müddət ərzində keçdiyi çətin, eyni zamanda şərəfli inkişaf yolu haqqında yığıncaq iştirakçılarına ətraflı məlumat verdi. Deputat bildirdi ki, YAP istər üzvlərinin sayına, istərsə də gördüyü işlərin əhəmiyyəti və miqyasına görə nəinki Azərbaycanda, ümumilikdə Cənubi Qafqaz regionunda ən böyük və qüdrətli siyasi partiya olduğunu birmənalı olaraq sübut etmişdir. YAP 21 noyabr 1992-ci il tarixində tamamilə obyektiv zərurətdən, ictimai tələbatdan irəli gələrək, xalqımızın böyük əksəriyyətinin istəyi və tələbi ilə Ulu Öndər Heydər Əliyev tərəfindən yaradıldı. 550 nəfər partiya üzvünün iştirakı ilə təsis olunan YAP-ın sıralarında bu gün 736 mindən çox üzvün cəmləşdiyini diqqətə çatdıran millət vəkili vurğuladı ki, cəmiyyətin elit təbəqəsinin təmsil olunduğu partiyamız həmçinin milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə, milli dövlətçiliyimizə və torpağımıza bağlı olan yüksək intellektli insanların, ziyalıların, vətənpərvər gənclərin və qadınların üstünlük təşkil etdiyi, Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi “Dünənin, bu günün və gələcəyin partiyasıdır.” Bu gün YAP-çılar respublikamızın ictimai-siyasi həyatının bütün sahələrində müşahidə olunan proseslərdə ən fəal iştirak edən insanlardır. Sədr Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin əməkdaşlarının da partiya sıralarımızda xüsusi fəallıqları ilə seçilən və ölkəmizdə, Səbail rayonunda gedən çoxşaxəli ictimai-siyasi işlərdə yaxından iştirak edən partiya üzvü olacaqlarına dair əminliyini ifadə etdi.

Ş.Hacıyev respublikamızın ictimai-siyasi həyatındakı iştirakına və görülən işlərin əhəmiyyətinə görə müsbət mənada fərqlənən YAP Səbail rayon təşkilatının çoxşaxəli fəaliyyəti haqqında toplantı iştirakçılarına geniş məlumat verdi. Qeyd olundu ki, sıralarında 26 mindən çox partiya üzvünü birləşdirən və ən böyük mərkəz rayon təşkilatlarından biri olan YAP Səbail rayon təşkilatı ölkə başçısı, partiyamızın Lideri İlham Əliyevin bütün tövsiyə və tapşırıqlarını, qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirmək üçün bütün imkanlardan istifadə edir. Rayon partiya təşkilatı siyasi fəaliyyəti ilə yanaşı, müxtəlif istiqamətli ictimai-mədəni tədbirlər keçirir, mütəmadi olaraq cəbhə bölgələrinə ziyarətlər təşkil edir, gənclərin vətənpərvərlik ruhunda mənəvi tərbiyəsi və maariflənməsi məqsədilə xüsusi görüşlər, “dəyirmi masa” və seminarlar keçirir, partiya üzvlərinin asudə vaxtlarının səmərəli təşkili üçün sosial-mədəni tədbirlər, konsertlər, teatr tamaşaları təşkil edir, eləcə də rayonun müharibə veteranlarını, şəhid ailələrini, əlilləri, yardıma ehtiyacı olan aztəminatlı ailələrini xüsusi diqqət mərkəzində saxlayır.

Ölkəmizdə və dünyada gedən ictimai-siyasi proseslər haqqında danışan millət vəkili möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik idarəçiliyi dövründə ötən 15 il ərzində Azərbaycanda əldə olunan möhtəşəm uğurlara diqqət çəkdi. Vurğulandı ki, bu dövrdə Azərbaycanda Ulu Öndər Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi və dünyada gedən proseslərə uyğun olaraq təkmilləşdirilməsi və müasirləşdirilməsi, Azərbaycanın iqtisadi inkişaf tempinə görə dünyada ilk sıralara yüksəlməsi, ölkəmizdə hökm sürən ictimai-siyasi, sosial-iqtisadi sabitlik, əmin-amanlıq, əhalinin rifahı və təhlükəsizliyinin tam təmin edilməsi, eləcə də ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsi, onun nəhəng transkontinental enerji və nəqliyyat layihələrində mühüm strateji tərəfdaşa çevrilməsi, iqtisadi, hərbi qüdrətinin, strateji valyuta ehtiyatının ildən-ilə artması və ən əsası Azərbaycanın müstəqil dövlətçiliyimizin daha da möhkəmlənməsi son 15 il ərzində əldə olunmuş ən möhtəşəm nailiyyətlərdir. Deputat bildirdi ki, bütün bu uğurlar bilavasitə ölkə rəhbərinin, partiyamızın Liderinin apardığı düşünülmüş və cəsarətli siyasətlə bağlıdır. Bu səbəblə, partiyamızın bütün üzvləri Prezidentimizin ətrafında daha sıx birləşməli, ölkədə gedən proseslərdə fəal vətəndaş mövqelərini nümayiş etdirməli, Azərbaycanın inkişafını daha səmərəli, rasional etmək üçün əllərindən gələni əsirgəməməlidirlər. Sədr əminliyi ifadə etdi ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin gənc kollektivi də bu istiqamətlərdə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.

Sonra “ADRA” ərazi ilk partiya təşkilatı təsis olundu, kollektivin ümumi müzakirəsi nəticəsində ərazi ilk partiya təşkilatının İdarə Heyətinin üzvləri, təşkilat sədri və sədr müavini seçildi.

Yığıncaq Azərbaycan Dövlət Reklam Agentliyi ilə YAP Səbail rayon təşkilatı arasında gələcək əməkdaşlıq planlarının müzakirəsi ilə davam etdi.