2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Müasir gəncliyin sənət dünyası” adlı tədbir keçirildi

Azərbaycan Xalça Muzeyində YAP Səbail rayon təşkilatı və Muzeyin birgə təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə, eləcə də Xalça Muzeyinin yaranma tarixinin və fəaliyyətinin ictimaiyyətə təqdimatına həsr edilmiş “Müasir gəncliyin sənət dünyası” adlı tədbir keçirildi.

Tədbirdə Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, YAP Səbail rayon Gənclər Birliyinin fəal üzvləri, yaradıcı gənclər, tələbələr, eləcə də müxtəlif beynəlxalq idman yarışlarının qalibləri olan gənc idmançılar iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova “Azərbaycan Xalça Muzeyinin yaranma tarixi və fəaliyyətinin ictimaiyyətə təqdimatı” mövzusunda interaktiv mühazirə ilə çıxış etdi. Direktor xalçaçılıq sənəti, Xalça Muzeyində bu zamana qədər görülən işlər, Muzeyin beynəlxalq əəlaqələrinin inkişafı, həyata keçirilən birgə layihələr, təşkil olunan müxtəlif səpkili sərgilər, Muzeyin aldığı beynəlxalq mükafatlar və gələcək fəaliyyət perspektivləri haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.

2 Fevral – Gənclər Günü münasibətilə bütün Azərbaycan gənclərini ürəkdən təbrik edən Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev Azərbaycanda Gənclər Gününün təsis edilməsinin tarixi, müasir Azərbaycan gəncliyi, dövlət gənclər siyasəti, ölkəmizdə gənclərə hər zaman göstərilən yüksək diqqət və qayğı, Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində qazanılan uğurlarda gənclərin rolu, xüsusilə Yeni Azərbaycan Partiyası sıralarında cəmləşən gənclərin görülən işlərdə nümayiş etdirdiyi yüksək fəallıq haqqında danışdı.

Azərbaycanda gənclər siyasətinin formalaşmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olmasını xüsusi qeyd edən deputat bildirdi ki, ölkənin ictimai-siyasi həyatının bütün digər sahələrində olduğu kimi əsası Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti də möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir, müasir dövrün tələblərinə uyğun təkmilləşdirilir, modernləşdirilir və bu sahədə əldə olunan nəticələrin keyfiyyəti ildən-ilə yüksəlir.

Ş.Hacıyev Azərbaycanın inkişafında, ictimai-siyasi həyatında gənclərin mühüm qüvvə olduğunu vurğulayaraq, ölkəmizdə elm, təhsil, idman, mədəniyyət, idarəetmə, sahibkarlıq fəaliyyəti, eləcə də Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi sahələrində əldə olunan uğurlarda gənclərin rolunu yüksək qiymətləndirdi. Qeyd olundu ki, bu gün Azərbaycan gənclərinin özlərini inkişaf etdirməsi, ən yüksək səviyyədə təhsil alması və mütəxəssis kimi formalaşması üçün ölkədə bütün zəruri resurslar, geniş imkanlar və yüksək potensial mövcuddur. Gənclər üçün yaradılmış bütün bu şərait isə bilavasitə aparılan düzgün və düşünülmüş siyasət, ölkə başçısı, Yeni Azərbaycan Partiyasının Lideri İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanın milli maraqlarına xidmət edən fəaliyyəti ilə bağlıdır. Azərbaycan gəncinin dövlətimizin müstəqillik dövründə şərəfli inkişaf yolu keçdiyini diqqətə çatdıran millət vəkili bildirdi ki, bu gün Azərbaycanın çox savadlı, intellektli, yaradıcı, kreativ düşüncəli, istənilən vəzifənin öhdəsindən bacarıqla gələ bilən gənclər ordusu formalaşmışdır ki, onlara da dövlətimiz tərəfindən yüksək etimad nümayiş olunur. Məhz bu münasibətin nəticəsidir ki, bu gün Azərbaycan cəmiyyətinin elə bir sahəsi yoxdur ki, orada gənclər təmsil olunmasın.

Deputat ölkənin ümummilli strategiyasında və inkişaf məqsədlərində daim prioritet olan və prioritetliyini bu gün də davam etdirən Azərbaycan dövlət gənclər siyasəti, 1996-cı ildən etibarən keçirilən Azərbaycan Gənclərinin Forumları, “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı və “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın uğurlu icrası, Azərbaycan Respublikasının Gənclər Fondunun çoxşaxəli fəaliyyəti və dövlət tərəfindən bütün bu işlərə göstərilən yüksək diqqət və qayğı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Vurğulandı ki, keçirilən bütün Forumlarda gənclərin gördüyü işlərə qiymət verilir, ölkə rəhbəri tərəfindən gələcəkdə görüləcək işlər haqqında proqram sənədləri müəyyən olunur. Gənclər bu Forumlarda yol xəritələri əldə edirlər, verilən tapşırıq və vəzifələrə uyğun öz fəaliyyətlərini təşkil edirlər və ölkənin, cəmiyyətin inkişafına müvafiq istiqamətlər üzrə öz töhfələrini bəxş edirlər.

Cəmiyyətimizin ən parlaq gənclərini öz sıralarında cəmləşdirən YAP Gənclər Birliyinin görülən işlərdə xüsusi rolunu və payını vurğulayan Ş.Hacıyev partiya sıralarında fəaliyyət göstərən gənclərin müasir elektron vasitələrdən, informasiya-kommunikasiya texnologiyalarından yüksək bacarıqla istifadə etdiklərini, dövrün əsas dialoq platforması olan sosial şəbəkələrdə istər ölkədaxilində, istərsə də ölkədən kənarda çox fəal olduqlarını, millətimizə, dövlətimizə, Prezidentimizə qarşı edilən istənilən qarayaxmalara, şər-böhtanlara tutarlı cavablar verməyə qadir olan intellektli və cəsarətli gənclər olduğunu diqqətə çatdırdı.

Gənclərimizi Azərbaycanın çoxşaxəli ictimai-siyasi həyatında bundan sonra da fəal olmağa çağıran deputat Azərbaycan Gəncləri Günü münasibətilə bir daha bütün gəncləri təbrik etdi, onlara möhkəm cansağlığı, elmdə, təhsildə daha yüksək nailiyyətlər arzuladı və qeyd etdi ki, Azərbaycan gəncliyi qarşıda duran mühüm vəzifəyə – torpaqlarımızın düşmən tapdağından azad olunması üçün Ali Baş Komandanın hər bir əmrinin ləyaqətlə yerinə yetirilməsinə hər an hazırdırlar.

YAP Gənclər Birliyi adından gəncləri təbrik edən Elmar Məmmədov hər il qeyd olunan 2 Fevral – Azərbaycan Gəncləri Gününün Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan gənclərinə bəxş olunan böyük hədiyyə olduğunu qeyd etdi. Yeni Azərbaycan Partiyasının üzvlərinin 40%-inin məhz gənclər olduğunu vurğulayan E.Məmmədov bildirdi ki, YAP gəncləri Ümummilli Lider Heydər Əliyev strategiyasına və ölkə başçısının siyasətinə sədaqətlə xidmət edirlər. Qeyd olundu ki, YAP il ərzində gənclər üçün çoxsaylı yerli və beynəlxalq tədbirlərin təşkilatçılığını və evsahibliyini edir. YAP tərəfindən təşkil olunan yay və qış məktəbləri hər il intellektual Azərbaycan gəncliyinin toplaşdığı məkanlar olur. Azərbaycan gənclərini sosial şəbəkələrdə ayıq-sayıq olmağa səsləyən E.Məmmədov bildirdi ki, biz gənclər bizə əmanət olunan müstəqil Azərbaycan dövlətçiliyini qorumalıyıq. Bunun üçün isə hər birimiz sosial şəbəkələrdə Ulu Öndər Heydər Əliyev yolunun və ölkə başçısı cənab İlham Əliyev siyasətinin fəal təbliğatçısı olmalı və ölkəmizdə görülən işlərə, əldə olunan möhtəşəm nailiyyətlərə kölgə salmağa çalışan dırnaqarası “müxalifət”in yalanlarını, şər-böhtanları layiqincə ifşa edərək onları susdurmağı bacarmalıyıq.

Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasına yeni üzv qəbul olunmuş Xalça Muzeyi əməkdaşlarına üzvlük vəsiqələri təqdim olundu.

Tədbir gənclər tərəfindən hazırlanmış maraqlı musiqili-bədii proqramla davam etdi.

Sonda qonaqlar Azərbaycan Xalça Muzeyində nümayiş olunan “Gənc istedadların əsərlərindən ibarət sərgi” ilə tanış oldular.