“Oxu!” sənədli filminin təqdimatı və dini maarifləndirmə məsələlərinə dair “dəyirmi masa” keçirildi
08.02.2019Fevralın 8-də YAP Səbail rayon təşkilatının və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Oxu!” sənədli filminin təqdimatı və dini maarifləndirmə məsələlərinə dair “dəyirmi masa” keçirildi.
İştirakçıların böyük marağına sahib olan “dəyirmi masa”da Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvləri, dəvət olunan qonaqlar, gənclər, partiya fəalları iştirak etdilər.
İlk öncə rejissoru və ssenari müəllifinin Orxan Fikrətoğlu olduğu və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə “Sağlam Gəncliyə Doğru” İctimai Birliyi tərəfindən hazırlanan “Oxu!” sənədli filmi nümayiş olundu.
“Dəyirmi masa” iştirakçılarını ürəkdən salamlayan Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev Azərbaycanın dünya üçün nümunə təşkil edən multikulturalizm və tolerantlıq modeli, ölkəmizdə dini radikalizm və ekstremizm təhdidlərinə, bu neqativ meyllərin mümkün zərərlərinə qarşı aparılan kompleks və sistemli tədbirlər, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdə gördüyü faydalı işlər, eləcə də gənclərin bu mövzularda maarifləndirilməsində “Oxu!” kimi filmlərin nümayişinin və konfransların, seminarların, “dəyirmi masa”ların təşkilinin əhəmiyyətindən danışdı.
Gənclərin dini maarifləndirilməsi mövzusuna həsr olunan bugünkü tədbirin Səbail rayon partiya təşkilatının və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən növbəti silsilə tədbir olduğunu qeyd edən millət vəkili “Oxu!” sənədli filminin həsr olunduğu xurafat və cəhalətlə mübarizə məsələlərinin əhəmiyyətinə diqqət çəkdi. Qeyd olundu ki, Azərbaycanın uğurlarından narahat olan və ölkəmizin müstəqil siyasətini gözü götürməyən xarici qüvvələrin maliyyələşdirdiyi və yalnız şəxsi mənafelərinə xidmət edərək ölkəmizdə bu neqativ meylləri yaymağa çalışanlara qarşı mübarizədə başlıca silah məhz maariflənmə, təhsil və elmdir.
Azərbaycanın qədim dövlətçilik tarixindən danışan deputat bildirdi ki, ölkəmiz 70 il Sovet imperiyasının əsarətində olsa da, biz dilimizi, dinimizi, milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi yaşatdıq. Bu gün bir sıra ölkələrdə dinlərarası, məzhəblərarası münasibətlərdə gərginlik artsa da, respublikamızın tarixi ənənələri müxtəlif dinlərin nümayəndələrinin dinc yanaşı yaşamasına şərait yaradır. Müstəqil Azərbaycan dövlətçiliyinin bundan sonra da qorunmasının məhz bu dəyərlərimizin gənc nəsillər tərəfindən mənimsənilməsindən asılı olacağını xüsusi qeyd edən Ş.Hacıyev vurğuladı ki, “Azərbaycan sivil və dünyəvi dövlətdir, cəmiyyətimiz tamamilə açıq, demokratik, liberal cəmiyyətdir. Ölkəmizdə bütün fundamental azadlıqlar (söz, sərbəst toplaşma, mətbuat, vicdan, din azadlığı və s.) tam təmin edilmiş, vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti üçün əlverişli şərait formalaşdırılmışdır. Azərbaycan bu sahədə dünyaya özünəməxsus multikulturalizm, tolerantlıq, islam həmrəyliyi modelini təklif edir. Dövlətimiz bütün dini konfessiyalar üçün bərabər münasibət mühiti yaradıb. Bir çox ölkələr bu modelə böyük maraq göstərir, modelin təməl prinsiplərini öyrənib öz cəmiyyələrində tətbiq etmək niyyətindədirlər. Azərbaycanda son dərəcə tolerant və ictimai-siyasi sabitlik mühiti formalaşsa da, biz yaxın coğrafiyada baş verən prosesləri, təhdidləri yaxşı görürük və onların hər hansı formada ölkəmizə nüfuz etməsinin qarşısını almaq üçün müvafiq qabaqlayıcı, preventiv tədbirlər həyata keçirilməlidir.” Millət vəkili vurğuladı ki, məhz bu səbəblərdən təhsilsizlik və elmsizlikdən yaranan cəhalətə qarşı mübarizə aparılmalıdır. Çünki, cəhalət zəncirvari ardıcıllıqla dini radikalizm, ekstremizm və terrorizm meylləri yaradır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini maarifləndirilmə istiqamətində çox təqdirəlayiq və faydalı işlər görüldüyünü, ciddi addımlar atıldığını xüsusi qeyd edən deputat əminliyini ifadə etdi ki, bu işlər bundan sonra da uğurla davam edəcəkdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı çıxışında bildirdi ki, Azərbaycan bu gün güclü dövlət quruculuğu istiqamətində möhkəm dayaqlar üzərində irəliləyir və bu dayaqlardan biri, bəlkə də birincisi xalqımızın öz milli-mənəvi dəyərlərinə bağlılığıdır. Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycanda dövlət-din münasibətlərinin formalaşmasında həyata keçirdiyi din siyasətinin əsasında da bu, dayanır. Bu gün Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Bu siyasət dünya ölkələri tərəfindən məqbul bir model kimi qəbul olunur və bəyənilir. Bütün bunlar həm də Ümummilli Liderimizin siyasətini layiqli formada davam etdirən Prezident İlham Əliyevin uğurlarının nəticəsidir.
Filmin əhəmiyyətindən danışan M.Qurbanlı belə maarifləndirmə vasitələrinə daha çox ehtiyac olduğunu xüsusi qeyd etdi. Bildirildi ki, xurafat cəmiyyətin inkişafının qarşısını alan ən böyük maneədir. Komitə sədri Azərbaycan xalqının milli maraqlarına real və potensial təhlükə mənbəyi olan dini ekstremizmi, radikalizmi təbliğ edən cərəyanlarla mübarizə aparılmasının zəruriliyinə, gənclərin zərərli dini ideologiyaların təsiri altına düşməsinin qarşısının alınması üçün dini maarifləndirmə tədbirlərinin əhəmiyyətinə diqqət çəkdi.
Geniş müzakirələr və fəal diskusiya şəklində davam edən “dəyirmi masa” iştirakçılarından Qərb Universitetinin tələbələri Fuad Heydərli, Əhmədov Vüqar, Əsədova Elnarə, Cabbarov Tofiq, Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Azərbaycan və dünya ədəbiyyatı” kafedrasının müəllimləri, YAP Səbail rayon təşkilatı sədrinin müavini Mehman İsmayılov, İdarə heyətinin üzvləri Rizvan Vahabov, Hacan Hacıyev və başqalarının dini maarifləndirilmə, xurafatla mübarizə, filmdə toxunulan məsələlər, eləcə də respublikamızın və dünyanın ictimai-siyasi həyatında baş verən hadisələr haqqında çoxsaylı sualları cavablandırıldı.
Tədbirin videoyazısı
MədəniyyətTV