Əli Əhmədov Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü

Fevralın 19-da Yeni Azərbaycan Partiyasının qərargahında Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

Qonaqları salamlayan Əli Əhmədov iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirdi.  Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin əhəmiyyətinə toxunan YAP Sədrinin müavini bu əlaqələrin Ümummilli Liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi əsasında inkişaf etdiyini vurğuladı. Əli Əhmədov bildirdi ki, Türkiyə daim inikişaf edir, güclənir və nəinki regionun, bütövlükdə dünyanın çox güclü dövlətlərindən birinə çevrilib. “Türkiyənin inkişaf etməsi və güclənməsi Azərbaycanı çox sevindirir. Çünki biz bir millətin iki dövlətiyik. Eyni zamanda, bu gün Azərbaycan da dinamik inkişaf edir. Son 15 ildə Azərbaycan möhtəşəm nailiyyətlərə imza atıb. Ölkəmiz bütün sahələr üzrə mühüm nailiyyətlər qazanıb, müasirləşib, yeniləşib, eləcə də regionun liderinə çevrilib”– deyən, Baş nazirin müavini qeyd etdi ki, Azərbaycanla Türkiyənin həyata keçirdiyi birgə enerji layihələri hər iki qardaş dövlətin gücünü daha da artırır. Onun fikrincə, münasibətlərin inkişafında hər iki ölkənin liderinin xüsusi rolu var.

Azərbaycanla Türkiyənin beynəlxalq müstəvidə də bir birinə hər zaman ciddi dəstək verdiyini deyən Əli Əhmədov bildirdi ki, Dağlıq Qarabağ münaqişənin ədalətli həlli prosesində Türkiyə Azərbaycanın mövqeyini birmənalı şəkildə dəstəkləyir və bu mövqe xalqımız tərəfindən yüksək qiymətləndirilir. Onun fikrincə, qarşımızda duran əsas vəzifələrimizdən biri iki ölkə arasında mövcud münasibətlərin daha da inkişaf etdirərək xalqlarımızı bundan sonra da irəli aparmaqdır. YAP Sədrinin müavini Türkiyədə qarşıdan gələn bələdiyyə seçkilərinin də yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə etdi.

Əli Əhmədov vurğuladı ki, Azərbaycanla Türkiyənin dostluğu və qardaşlığı sarsırlmazdır və bunu heç bir qüvvə poza bilməz.

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycana səfər etməkdən məmnunluğunu bildirdi. O qeyd etdi ki, Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə əsaslanır. Şamil Ayrım hər iki ölkənin inkişafının əhəmiyyətini vurğulayaraq xalqlarımız üçün böyük faydasını diqqətə çatdırdı. Dostluq qrupunun rəhbəri qeyd etdi ki, ölkələrimizin liderləri əlaqələrin daha da inkişafına böyük önəm verir. O, Türkiyə və Azərbaycan parlamentləri arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırdı.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Qeyd edək ki, görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Azərbaycan-Türkiyə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitsinin sərd müavini Ağalar Vəliyev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Məlahət İbrahimqızı və Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Konya deputatı, Dostluq qrupunun rəhbərinin müavini Orhan Erdem, Ərzurum deputatı, qrupun üzvü İbrahim Aydemir, Kars deputatı, qrupun üzvü Yunus Kılıç, İstanbul deputatı, qrupun üzvü Tunay Kaynarca, Gazianter deputatı, qrupun üzvü Mehmet Erdoğan, Iğdır deputatı, qrupun üzvü Yaşar Karadağ və TBMM əməkdaşı Türkey Yener iştirak etdilər.

Görüşün videoyazısı
İkiSahil TV