YAP Səbail rayon təşkilatının yaranmasının 26-cı ildönümü qeyd olundu
22.02.2019YAP Səbail rayon təşkilatının yaranmasının 26-cı ildönümü münasibətilə fevralın 22-də Beynəlxalq Muğam Mərkəzində təntənəli tədbir keçirildi.
Tədbirdə Milli Məclisin deputatları, rayonun tanınmış ictimaiyyət nümayəndələri, ziyalılar, partiya veteranları, “91”lərin nümayəndələri, partiya fəalları, gənclər iştirak etdilər.
Əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin və ötən dövr ərzində dünyasını dəyişmiş partiya üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev çıxış etdi. Müstəqilliyin ilk illərində ölkəmizdə cərəyan edən və Yeni Azərbaycan Partiyasının yaranmasını obyektiv zərurətə çevirən hadisələr, o dövrdə respublikamızı bürüyən siyasi və iqtisadi böhran, son dərəcə çətin ictimai-siyasi şərait haqqında danışan millət vəkili partiyanın yaranma tarixi, ötən dövr ərzində keçdiyi çətin, eyni zamanda şərəfli inkişaf yolundan bəhs etdi. Yeni Azərbaycan Partiyasının təsis edilməsini Azərbaycanın müstəqillik tarixində və ölkəmizin ictimai-siyasi həyatında çox mühüm əhəmiyyət kəsb edən tarixi hadisə kimi qiymətləndirən Ş.Hacıyev vurğuladı ki, 1990-cı illərin əvvəllərində ölkəmizin yenicə əldə etdiyi müstəqilliyini itirmək və məhv olmaq təhlükəsi yaranmışdı. Xalqımızın böyük əksəriyyəti, o cümlədən o vaxtki iqtidar da daxil olmaqla xilas yolunu Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Bu istiqamətdə atılan ilk addım Azərbaycanın 91 nəfər vətənpərvər ziyalısının 1992-ci ilin oktyabr 16-da Heydər Əliyevə tarixi müraciəti oldu. Bu müraciətə cavab olaraq, Heydər Əliyev Azərbaycanın düçar olduğu bu ağır vəziyyətdən qurtuluşu və əsl demokratik dövlət quruculuğu sisteminin formalaşması yollarını özündə ehtiva edən proqramla çıxış etdi. Bu hadisədən bir ay sonra – 1992-ci ilin noyabr ayının 21-də 550 nəfər nümayəndənin iştirakı ilə Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyası təsis olundu. Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi ki, bu da milli dövlətçiliyimizin xilasının və tənəzzüldən inkişaf yoluna qədəm qoymasının başlanğıcı oldu. YAP artıq mütəşəkkil qüvvə kimi siyasi meydanda öz fəaliyyətinə başladı və cəmi yeddi ay sonra tamamilə sivil və demokratik yolla respublikada hakimiyyətə gələrək iqtidar partiyasına çevrildi.
Deputat diqqətə çatdırdı ki, YAP-ın yaranması nəinki respublikamızda və Cənubi Qafqazda, ümumiyyətlə, yaxın coğrafiyada sözün əsl mənasında fenomenə çevrilərək, ölkəmizin həyatına yeni siyasi mədəniyyət gətirdi. YAP sıralarında 730 mindən çox partiya üzvünü birləşdirən və böyük qüvvəyə malik mütəşəkkil siyasi təşkilatdır. Bu gün partiyamız möhtərəm Prezidentimiz, partiyamızın Lideri İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz bölgəsinin ən güclü və qüdrətli siyasi təşkilatı kimi özünü tam təsdiq etmişdir və hazırda müstəqil dövlətçilik tarixində ən qüdrətli, möhtəşəm və qürurverici dövrünü yaşayır. Ş.Hacıyev çıxışının davamında son 15 il ərzində Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi və ölkəmizin ictimai, siyasi, iqtisadi və hərbi qüdrətinin ilbəil yüksəlməsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. Xüsusi vurğulandı ki, respublikamızda ötən dövrdə əldə olunmuş bütün misilsiz uğurlarda və sürətli inkişaf proseslərində Yeni Azərbaycan Partiyasının özünəməxsus rolu və payı vardır.
Yeni Azərbaycan Partiyasında ölkənin bütün regionlarını və şəhərlərini əhatə edən təşkilatlanma prosesi və Azərbaycanda yaranan ilk partiya təşkilatlarından biri olan YAP Səbail rayon təşkilatının yaranma tarixindən danışan Ş.Hacıyev rayon partiya təşkilatının keçdiyi şərəfli inkişaf yolu, ötən 26 il ərzində görülən çoxşaxəli və genişmiqyaslı işlər haqqında məlumat verdi. Qeyd olundu ki, yarandığı ilk gündən etibarən Ulu Öndər Heydər Əliyev ideyalarına, Heydər Əliyev və İlham Əliyev siyasətinə sədaqətlə və şərəflə xidmət edən YAP Səbail rayon təşkilatı bundan sonra da müstəqil Azərbaycan dövlətçiliyinə və ölkəmizin milli maraqlarına şərəfli xidmətini davam etdirəcəkdir.
Sonra YAP Səbail rayon təşkilatının tarixi, ictimai, siyasi, sosial və mədəni fəaliyyəti haqqında təqdimat nümayiş olundu.
Daha sonra ötən dövr ərzində YAP Səbail rayon təşkilatının ictimai-siyasi həyatında, xüsusilə sosial şəbəkələrdə fəallığı ilə fərqlənən partiya üzvlərinin və gənclərin mükafatlandırılması mərasimi oldu.
Tədbirdə, həmçinin YAP-a yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim olundu.
Tədbir Beynəlxalq Muğam Mərkəzinin solistlərinin iştirakı ilə konsert proqramı ilə davam etdi.
Tədbirin videoyazısı
AzTV
SəsTV