Deputat 189-190 saylı orta məktəbdə geniş mühazirə ilə çıxış etdi
22.02.2019Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Müasir dövrdə ümumtəhsil məktəblərində şagirdlərin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə iş planında ideoloji maarifləndirmə sahəsində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə artması, ölkəmizin regionda lider dövlətə çevrilməsi və ölkəmizdə sosial-iqtisadi sahələr üzrə, o cümlədən təhsil sahəsində həyata keçirilən quruculuq işləri” mövzusunda şagirdləri məlumatlandırmaq məqsədilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, YAP Səbail rayon təşkilatının sədri, iqtisad elmləri doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasının müdiri prof. Şəmsəddin Hacıyev 189-190 saylı orta məktəbin qonağı oldu və şagirdlər üçün geniş mühazirə ilə çıxış etdi.
Millət vəkilini məktəbin bütün pedaqoji heyəti və şagird kollektivi adından ürəkdən salamlayan direktor, Əməkdar müəllim Ceyran Kuliyeva ölkəmizin ictimai-siyasi həyatı, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında misilsiz xidmətləri və cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın ictimai-siyasi, sosial-iqtisadi, mədəni, idman və digər sahələrində əldə olunmuş möhtəşəm uğurlar, eləcə də Azərbaycanın dinamik inkişaf prosesi haqqında məktəblilərin daha ətraflı və düzgün şəkildə məlumatlandırılmasında tanınmış ictimai-siyasi xadimlərlə bu səpkili görüşlərin və mühazirələrin təşkilinin əhəmiyyətinə diqqət çəkdi.
Məktəblilərlə bugünkü görüşündən son dərəcə məmnunluğunu ifadə edən prof. Şəmsəddin Hacıyev müasir müstəqil Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı, respublikamızın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun ildən-ilə yüksəlməsi, ölkəmizdə reallaşdırılan genişmiqyaslı möhtəşəm sosial proqramlar, dövlətin sosial siyasəti, Ulu Öndər Heydər Əliyevin neft strategiyası, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın təşəbbüsçüsü və mühüm strateji tərəfdaşı olduğu nəhəng transkontinental enerji və nəqliyyat layihələri, eləcə də elm-təhsil sahəsinə göstərilən diqqət və qayğı, bütün təhsil pillərini əhatə edən sistemli islahatlar, Heydər Əliyev Fondunun təhsil sahəsində reallaşdırdığı layihələr, milli təhsil sisteminin müasir tələblərə cavab verən qanunvericilik bazasının yaradılması və digər istiqamətlər üzrə görülən işlər barədə şagirdlər üçün genişməzmunlu müharizə oxudu.
İlk öncə, Azərbaycanın təbii sərvətləri, geosiyasi və geoiqtisadi əhəmiyyəti, ölkəmizin ərazisinə, əhalisinə və iqtisadi gücünə görə dünyadakı mövqeyi və rolu haqqında müqayisəli məlumatlar verən deputat bildirdi ki, burada mühüm məqam ölkənin bütün bu faktorları güc amilinə çevirə bilmək potensialıdır. Ulu Öndər Heydər Əliyevin əfsanəvi neft strategiyası Azərbaycan üçün məhz bu mənada iqtisadi güc amilinə çevrildi və məhz düşünülmüş, uzaqgörən, müdrik və cəsarətli siyasətin nəticəsidir ki, açıq dənizlərə və okeana çıxışı olmayan Azərbaycan bu gün 3 qitəni və 3 dənizi birləşdirən nəhəng transregional layihələr icra edən və müasir beynəlxalq iqtisadi münasibətlər sistemində layiqli yer tutan və öz şərtlərini diqtə etmək iqtidarında olan ölkəyə çevrilmişdir. Milli iqtisadiyyata fəal investisiya cəlbi ilə yanaşı, Azərbaycan artıq xarici ölkə iqtisadiyyatlarına irihəcmli investisiyalar yatırır, ölkəmiz qlobal istehsal proseslərinə qoşularaq dünya gəlirlərindən pay almaq imkanına malikdir. Bununla əlaqədar, ötən il Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılışını mühüm tarixi və iqtisadi hadisə olaraq qiymətləndirən Ş.Hacıyev bildirdi ki, Azərbaycan şirkətlərinin transmilliləşməsi iqtisadiyyatımızın dayanıqlılığının artırılmasına, Azərbaycanın beynəlxalq strateji tərəfdaş kimi nüfuzunu güclənməsinə və ölkəmizin kredit reytinqinin yüksəldilməsinə xidmət edir. Son illərdə cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan, Azərbaycanın mühüm strateji tərəfdaş olduğu nəhəng transkontinental layihələrdən “Əsrin Müqaviləsi”nin 2050-ci ilədək uzadılması, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin istifadəyə hazır olması, Cənub Qaz Dəhlizi, TANAP və Transanadolu layihələrinin başa çatdırılması üzrə bütün hazırlıq işlərinin tamamlanması və digər layihələr haqqında məktəblilərə ətraflı məlumat verən deputat bütün bu layihələri İlham Əliyev siyasətinin siyasi və iqtisadi təntənəsi adlandırdı. Qeyd olundu ki, “Beynəlxalq layihələrin reallaşması nəticəsində Azərbaycanın dünyada nüfuzu əhəmiyyətli dərəcədə artmış, respublikamız Avropa üçün əhəmiyyətli ölkəyə çevrilmişdir. Ən önəmlisi, bütün görülən bu işlər və cənab İlham Əliyevin cəsarətli siyasəti nəticəsində bədnam qonşumuz Ermənistan bütün bu layihələrdən təcrid olunaraq regionun inkişafına başlıca maneə yaradan ölkəyə çevrilmişdir. Başqa sözlə, Azərbaycan özünün geoiqtisadi və geosiyasi üstünlüklərini real güc amilinə çevirməyə nail olmuşdur. Ölkəmiz böyük güclərin iqtisadi və hərbi-strateji maraqlarının çarpazlaşdığı regionda heç kimin diktəsi olmadan tam müstəqil siyasət yürütmək imkanı qazanmışdır ki, bütün bunlar da İlham Əliyev hakimiyyət dövrünün ən mühüm nailiyyətləri kimi dəyərləndirilməlidir.”
Çıxışının davamında millət vəkili dövlətin sosial siyasəti, Azərbaycanın sosial-iqtisadi inkişafı, dövlət büdcəsinin sosialyönümlülüyü, əhalinin rifahı və yaşayış səviyyəsinin ilbəil yüksəlməsi, ölkəmizdə cəmiyyətin bütün sosial təbəqələrini əhatə edən çoxşaxəli sosial proqramların həyata keçirilməsi, son dövrlərdə minimum və orta əməkhaqlarının, əmək pensiyalarının, sosial müavinətlərin, tələbə təqaüdlərinin artırılması, şəhid ailələrin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı görülən işlər, eləcə də yaxın gələcəkdə əhalinin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı işlərin davam etdiriləcəyi, bu istiqamətdə yeni fərmanların gözlənildiyi və digər sosialyönümlü məsələlər haqqında konkret rəqəmlər və müqayisələrlə ətraflı məlumat verdi. Vurğulandı ki, sosial siyasət, əhalinin rifahının və layiqli yaşayış səviyyəsinin təmin olunması daima ölkə başçısı üçün prioritet təşkil edib və bu müsbət tendensiya gələcəkdə də eyni diqqət və qayğı ilə davam etdiriləcəkdir.
Deputat ölkəmizdə cəmiyyət həyatının bütün digər sahələrində olduğu kimi elmə, təhsilə, gənc nəslin vətənpərvərlik ruhunda və milli-mənəvi dəyərlərimizə sadiq layiqli vətəndaşlar və yüksəkixtisaslı mütəxəssislər kimi formalaşmalarına göstərilən diqqət və qayğını xüsusi qeyd edərək dövlət tərəfindən bu istiqamətdə həyata keçirilən ardıcıl islahatlar, bütün təhsil pillərini əhatə edən qanunvericilik sahəsində görülən işlər, elm-təhsil sahəsində əldə olunan yüksək göstəricilər barədə şagirdlərə geniş məlumat verdi. Xüsusən son illərdə orta təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, ən müasir avadanlıqlar və İKT texnologiyaları ilə təmin olunması, bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan çoxşaxəli layihələr haqqında ətraflı danışan Ş.Hacıyev bildirdi ki, bu tədbirlərlə yanaşı ildən-ilə tədris kurrikulumları təkmilləşir, məktəblilərə göstərilən diqqət və qayğı artırılır, bütün bunlar bilavasitə milli təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Qeyd olundu ki, bu gün Azərbaycanda beynəlxalq standardlara cavab verən və rəqabətqabiliyyətli müasir məktəblər, gənclər evləri, yaradıcılıq mərkəzləri fəaliyyət göstərir, hər il müxtəlifyönümlü xaricdə təhsil, təqaüd proqramları icra olunur. Yaradılmış bütün bu infrastruktur və təhsil imkanları məktəblilərin, gənclərin özünü inkişaf etdirməsi, xarici dilləri və müasir informasiya-kommunikasiya texnologiyalarını mənimsəməsi, müstəqil Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsinə xidmət edən vətəndaşlar və peşəkar mütəxəssislər kimi formalaşmalarına şərait yaradır.
Millət vəkili vurğuladı ki, məktəblilər, gənclər onlar üçün yaradılmış bütün geniş imkanlardan maksimum istifadə etməli, maariflənməli, müstəqil dövlətçiliyimizin milli maraqlarına xidmət edən dövlət siyasəti və respublikamızın ictimai-siyasi həyatında gedən proseslər haqqında düzgün məlumatlanmalıdırlar. Dövlətimizin siyasi və iqtisadi müstəqilliyinin, Azərbaycanda mövcud olan ictimai-siyasi sabitliyin və xalq-iqtidar həmrəyliyinin müasir dövrdə böyük dəyərlər olduğunu xüsusi qeyd edən Ş.Hacıyev bildirdi ki, bu nailiyyətlər məhz Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə gərgin əməyinin, ölçüyəgəlməz xidmətlərinin və onun layiqli siyasi davamçısı, ölkə başçısı cənab İlham Əliyevin son 15 ildə uzaqgörən və müdrik siyasətinin nəticəsidir. Hazırda ölkədəki düşünülmüş siyasət gələcəyə yönəlik ciddi hədəflər, iqtisadiyyatın bütün sahələrini əhatə edən strateji yol xəritələri və konkret fəaliyyət proqramları istiqamətində əsaslı sistem islahatları ilə davam etdirilir. Azərbaycanın hərbi qüdrətinin və ordumuzun döyüş hazırlığının da ilbəil artdığını vurğulayan deputat Ali Baş Komandanımızın siyasəti və rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın tezliklə azad oluncağına dair əminliyini ifadə etdi.
Millət vəkilinə geniş və məzmunlu mühazirəsi üçün məktəbin bütün kollektivi adından təşəkkür edən direktor, Əməkdar müəllim Ceyran Kuliyeva son dövrlərdə 189-190 saylı orta məktəbdə tədbirlərin şagirdlər arasında bilik yarışları səviyyəsində keçirildiyini qeyd etdi. Bildirildi ki, bu bilik yarışları məktəblilər arasında rəqabət və rəğbətləndirməni təşviq etməklə yanaşı, şagirdlərin mütaliə vərdişlərini də yüksəldir. Bununla əlaqədar olaraq, direktor bugünkü mühazirədə qeyd olunan məsələlər, eləcə də Milli Məclisin üzvü prof. Ş.Hacıyevin 2018-ci ilin 09 dekabr və 11 dekabr tarixlərində “Azərbaycan” qəzetində nəşr olunan “Azərbaycan iqtisadiyyatında fundamental keyfiyyət dəyişiklikləri” adlı məqaləsində geniş təhlil olunan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son 15 ildə əldə olunan möhtəşəm siyasi-iqtisadi uğurlar mövzusunda ilin sonunda məktəbin 9, 10 və 11-ci sinif şagirdləri arasında bilik yarışının təşkil olunmasını təklif etdi və əminliyini ifadə etdi ki, həm bugünkü mühazirə, həm nəzərdə tutulan bilik yarışı məktəblilərin ölkə Prezidentinin siyasəti və ümumiyyətlə ideoloji məsələlər haqqında maarifləndirilməsində əvəzsiz rol oynayacaqdır.
Bugünkü tədbirin yüksək səviyyədə təşkil olunması üçün məktəb rəhbərliyinə və bütün kollektivə səmimi qəlbdən təşəkkür edən Ş.Hacıyev şagirdlərə bilik verməklə yanaşı, onların əsl vətəndaş və yüksəkixtisaslı mütəxəssis kimi formalaşdırılmasında müəllimlərin fədakar əməyini yüksək qiymətləndirdi. Deputat gözəl tarixi ənənələri və təcrübəli pedaqoji kollektivi olan 189-190 saylı orta məktəbin müəllimlərinə və şagirdlərinə bundan sonrakı fəaliyyətlərində uğurlar arzuladı.