YAP Səbail rayon təşkilatı və 132-134 saylı Təhsil Kompleksinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunan anım tədbiri keçirildi

Fevralın 25-də YAP Səbail rayon təşkilatı və 132-134 saylı Təhsil Kompleksinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi. Tədbirdə YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev iştirak etdi.

İlk öncə Dövlət Himni səsləndirildi və Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Məktəbin direktoru Sara Xanlarova Xocalı faciəsinin hər bir azərbaycanlının qəlbində ağır və sağalmaz yara olduğunu qeyd edərək bu qanlı hadisəni XX əsrdə törədilmiş ən dəhşətli soyqırımlardan biri adlandırdı. Bu ağılasığmaz insanlıq cinayətinin dünyada eşidilməsi, bilinməsi və təsdiq olunması üçün ölkəmizdə görülən işləri xüsusi vurğulayan S.Xanlarova əminliyini bildirdi ki, düşmən tapdağı altında olan Azərbaycan torpaqlarının və Dağlıq Qarabağın geri alınması bütün Xocalı şəhidlərinin qanının intiqamı olacaqdır.

Anım tədbirində çıxış edən prof. Şəmsəddin Hacıyev 1992-ci ilin fevralın 25-dən 26-sına keçən gecə erməni vandalları tərəfindən etnik zəmində azərbaycanlılara qarşı törədilən bu dəhşətli qətliamın səbəbləri, məqsədləri, nəticələri haqqında və Xocalı soyqırım aktının bütün dünya ictimaiyyətinə çatdırılması istiqamətində aparılan məqsədyönlü işlər barəsində tədbir iştirakçılarına məlumat verdi.

Azərbaycanın müstəqillik tarixində ən ağrılı, hüzünlü və qanlı hadisə olan Xocalı faciəsini XX əsrdə törədilmiş Xolokost, Xatın, Liditse və Srebrennitsa kimi soyqırımlarla müqayisə edən deputat vurğuladı ki, XX əsrdə törədilmiş bu dəhşətli faciə bütün dünya ictimaiyyəti tərəfindən pislənildi. Lakin təəssüflər olsun ki, yüzlərlə günahsız insanların – xüsusilə qadınların, azyaşlı uşaqların və körpələrin, ahıl yaşındakı qocaların insanlığa sığışmayan vəhşiliklə qətlə yetirildiyi Xocalı soyqırımını törədənlər hələ də cinayət məsuliyyətinə cəlb olunmayıblar. Qeyd olundu ki, tarixi-mədəni abidələri ilə məşhur olan qədim bir şəhərin yerlə-yeksan olunduğu və dinc, silahsız əhaliyə qarşı amansız qanlı divanın tutulduğu o məşum gecənin dəhşətli nəticələri, şəhidlərin, həlak olanların, itkin düşənlərin, əsir götürülənlərin və yaralananların sayı o vaxtki ölkə rəhbərliyi tərəfindən ört-basdır edilməyə çalışıldı. Erməni xislətinə xas olan xainlik və qəddarlıqla icra olunan bu faciəyə layiqli siyasi qiymətin ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdıran millət vəkili bu soyqırımın bütün dünyada tanıdılmasında ölkə başçısı cənab İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva tərəfindən aparılan çoxşaxəli işlərdən ətraflı danışdı. Vurğulandı ki, məhz bu tədbirlər, xüsusilə Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində görülən işlər nəticəsində Xocalı soyqırımı bu gün dünyanın 13 ölkəsində parlament səviyyəsində, ABŞ-ın 22 ştatında parlament səviyyəsində və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən rəsmən tanınmışdır.

Xocalı şəhidlərinin əziz xatirəsinin daim yad olunması, Xocalıdan köçürülmüş insanların ölkə başçısı tərəfindən xüsusi diqqətdə saxlanılması və onların sosial vəziyyətlərinin ilbəil yaxşılaşdırılması istiqamətində aparılan kompleks işlər haqqında danışan Ş.Hacıyev bildirdi ki, “Zaman-zaman torpaqlarımıza göz dikən, bu zəmində qanlı qırğınlar törədən və heç bir günahı olmayan dinc, silahsız insanları məhz azərbaycanlı-türk olduqları üçün vəhşicəsinə qətlə yetirən ermənilər bizim əzəli və təbii düşmənlərimizdir. Gənclərimiz əzəli və bizə aid olan torpaqlarımızı düşmən tapdağından azad etmək haqqında düşünməlidirlər. Bunun üçün biz hər an müharibəyə hazır olmaqla yanaşı, dünya ictimaiyyəti qarşısında daima bu ağır faciə haqqında çıxışlar etməli, yazılar yazmalı və xüsusilə beynəlxalq sosial şəbəkələrdə Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmalıyıq.” Sonda, Xocalıda həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət diləyən deputat, bu faciənin canlı şahidi olan insanlara səbr dilədi və bu dəhşətli cinayətin gec-tez öz qiymətini, eləcə də cinayəti törədənlərin layiqli cəzalarını tapacaqlarına dair əminliyini bildirdi.

Xocalı faciəsində ailə üzvlərini itirən və o qanlı hadisələrin canlı şahidi olan Səbail rayonu polis sahə inspektoru, polis mayoru Barat Novruzov o dəhşətli gecə haqqında xatirələrini paylaşdı. Faciədə nəsillərindən 19 nəfərin şəhid olduğunu qeyd edən B.Novruzov bildirdi ki, Xocalıda yaşananlar heç bir müharibə qaydalarına sığmayan vəhşilik idi, qana susamış ermənilər o gecə Xocalının dinc sakinlərini vəhşicəsinə işgəncələrlə qətlə yetirdilər. Vurğulandı ki, gənclərimiz ermənilərin bu xain xislətini və tarix boyu 1905-ci ildə, 1918-ci ildə və 1992-ci ildə azərbaycanlıların başına gətirilən soyqırımları, eləcə də əsrlər boyu soydaşlarımızın ermənilər tərəfindən əzəli torpaqlarımızdan deportasiya olunduqlarını unutmamalı, bu ağır hadisələrdən lazımi nəticələr və tarixi dərslər götürməlidirlər.

Sonra məktəb şagirdlərinin ifasında Xocalı soyqırımı qurbanlarına həsr olunmuş və bu faciənin səbəbkarı olan erməni cinayətkarlarını ifşa edən təsirli ssenari əsasında qurulmuş ədəbi-bədii kompozisiya nümayiş olundu.

”Yeni Azərbaycan” qəzeti