YAP Səbail rayon təşkilatında “8 Mart – Beynəlxalq Qadınlar Günü” bayram konserti ilə qeyd olundu

Martın 5-də YAP Səbail rayon təşkilatı və Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının birgə təşkilatçılığı ilə “8 mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə bayram tədbiri keçirildi.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev bu əlamətdar və xoş bayram günü münasibətilə YAP-çı qadın həmkarlarının simasında bütün Azərbaycan qadınlarını ürəkdən təbrik etdi, xanımlara möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, fəaliyyət göstərdikləri bütün sahələrdə yeni-yeni uğurlar və yüksək əhval-ruhiyyə arzuladı.

Ş.Hacıyev Beynəlxalq Qadınlar Günü kimi qeyd olunan 8 Mart gününün tarixi haqqında tədbir iştirakçılarına məlumat verərək bildirdi ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti bu sahədə də bir ilkə imza atmış və Şərqdə ilk olaraq Azərbaycanda qadınlara seçib-seçilmək hüququnu bəxş etmişdir. Bu məqam hazırda Azərbaycana demokratiya “dərsi” verməyə çalışan bir çox Avropa dövlətləri üçün böyük nümunədir deyən millət vəkili qeyd etdi ki, Avropa ölkələrinin bir çoxunda qadınlar bu hüquqlara yalnız 30-40 il sonra nail ola bilmişlər.

Bəşər tarixinin bütün dövrlərində məşhur şairlərin, filosofların, siyasətçilərin, dövlət xadimlərinin zəriflik, ülvilik, qayğıkeşlik, mərhəmət, şəfqət və insansevərlik mücəssəməsi olan qadınlar haqqında ən yüksək fikirlər bildirdiklərini, Azərbaycan türklərinin və xalqının hər zaman analara, qadınlara xüsusi hörmət və izzətlə yanaşdığını xüsusi olaraq qeyd edən deputat diqqətə çatdırdı ki, “Qadınlara verilmiş ən yüksək qiymət hədislərdə qeyd olunan “Cənnət anaların ayaqları altındadır” kəlamıdır. Qadının cəmiyyətdəki başlıca rolu məhz bu fikirdə ifadə olunur, çünki qadın hər şeydən öncə anadır, həyat yoldaşıdır, insanlığı sülhə, barışa, ədalətə səsləyən Allahın bizlərə bəxş etdiyi ən zərif, incə və ülvi məxluqdur. Cəmiyyətin gələcəyi də məhz analardan, qadınlardan, onların övladlarına, gələcək nəsillərə verəcəyi tərbiyədən asılıdır.”

Ölkə əhalisinin 50,1%-ini və YAP üzvlərinin təxminən 50%-ini təşkil edən qadınların ölkənin ictimai-siyasi həyatında fəal rol oynadığını xüsusi qeyd edən millət vəkili vurğuladı ki, Yeni Azərbaycan Partiyasının yaradılmasında da mərd və cəsur Azərbaycan qadınlarının mühüm xidmətləri olmuşdur. Ş.Hacıyev YAP-ın “Qızıl Fondu” adlandırılan “91-lər”in sırasında olan 4 nəfər qadını, eləcə də partiyanın qadın veteranlarının da bayramını səmimi qəlbdən təbrik etdi və onlara cansağlığı, bundan sonraki fəaliyyətlərində uğurlar arzuladı.

Azərbaycan qadınlarının cəmiyyət həyatının bütün sahələrində, dövlətin idarəetmə strukturlarında, siyasət, iqtisadiyyat, təhsil, elm, mədəniyyət və digər sahələrdə yüksək fəallıqla fəaliyyət göstərmələri haqqında danışan deputat bildirdi ki, bu gün ictimai-siyasi həyatın heç bir sahəsini qadınlarsız təsəvvür etmək mümkün deyildir. Qadınlar bu gün millət vəkilləridirlər, komitə sədrləridirlər, müxtəlif strukturlarda rəhbər vəzifələrdə çalışan, özəl sektorda fəal iştirak edən sahibkarlardırlar. Onlar ölkəmizin inkişafında mühüm rol oynayırlar, eyni zamanda Azərbaycanı beynəlxalq aləmdə uğurla təmsil edirlər.

Xüsusi qeyd olundu ki, müasir Azərbaycan qadının cəmiyyətimizə bəxş etdiyi töhfələrin ən parlaq nümunəsi respublikamızın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli ictimai-siyasi fəaliyyəti və gördüyü genişmiqyaslı işlərdir. Mehriban xanım əsl Azərbaycan-Türk xanımına xas olan şəxsi keyfiyyətləri, idarəçilik məharəti və tanınmış ictimai-siyasi xadim kimi səmərəli fəaliyyəti ilə Azərbaycan xalqının dərin məhəbbətini və yüksək etimadını qazanmışdır. Ş.Hacıyev Mehriban xanım Əliyevanın Birinci-vitse prezident kimi ölkəmizin ən həssas və problemli sahələrində gördüyü genişmiqyaslı işlər, Onun rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən və milli təhsilin, mədəniyyətin inkişafına, milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edən layihələr, eləcə də millət vəkili olduğu dövrdə məhz Onun təşəbbüsü ilə qəbul olunan qanunvericilik aktları və çoxsaylı amnistiya qərarları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək bildirdi ki, Mehriban xanımın humanizmə, insansevərliyə, vətəndaşların sosial problemlərinin həllinə, cəmiyyətin xüsusi diqqət və qayğıya ehtiyacı olan təbəqələrinə yönələn bu həssas, çətin və səmərəli fəaliyyəti nəinki ölkəmizdə və yaxın coğrafiyada, eləcə də bütün dünyada təqdirlə qarşılanır.

Çıxışının davamında cəmiyyətimizin bütün sosial təbəqələri kimi qadınların da möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti ətrafında sıx birləşdiyini qeyd edən deputat xüsusi vurğuladı ki, Səbail rayonunun qadınları öz səmərəli ictimai-siyasi fəaliyyətləri ilə daim seçilir və ölkədə aparılan vahid siyasətin icrasına öz layiqli töhfələrini bəxş edirlər. Ş.Hacıyev bütün qadınlara gələcək peşəkar və ictimai-siyasi fəaliyyətlərində uğurlar arzuladı.

Sonra rayonun ictimai-siyasi həyatında yaxından iştirak edən bir qrup qadına Fəxri Fərmanlar təqdim olundu.

Tədbir konsert proqramı ilə davam etdi.

”İki Sahil”