Səbail rayonunda 2018-ci ilin sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələr müzakirə olundu
08.03.2019Martın 7-də Səbail rayon İcra Hakimiyyətində rayonun 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirildi.
Yığıncaqda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, Səbail rayon İcra Hakimiyyətinin Başçısı Vüqar Zeynalov, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai birliklərin nümayəndələri iştirak etdilər.
İlk öncə, Səbail rayonunda 2018-ci ildə görülən işləri, müşahidə olunan inkişaf və yenilikləri əks etdirən videohesabat təqdim olundu.
Səbail rayon İcra Hakimiyyətinin Başçısı Vüqar Zeynalov 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş naliyyətlər barədə məlumat verdi, il ərzində rayonda görülmüş işləri təhlil etdi və həlli vacib olan problemlərin aradan qaldırılması yollarına diqqət çəkdi. Qeyd olundu ki, Azərbaycan iqtisadiyyatının davamlı inkişafının təməlində əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni geosiyasi və geoiqtisadi şəraitə və proseslərə uyğun olaraq müvəffəqiyyətlə davam etdirilən uzaqgörən iqtisadi siyasət və ölkə başçısının apardığı islahatlar dayanır. Vurğulandı ki, ölkəmizin regionlarında, paytaxtın qəsəbə və kəndlərində həyata keçirilən tikinti-abadlıq və quruculuq işləri Səbail rayonunun simasında da aydın nəzərə çarpır. Rayon bu gün respublikanın ümumi inkişafına öz layiqli töhfəsini verir. Reallaşan irimiqyaslı layihələr Səbail rayonunun sosial-iqtisadi inkişafına müsbət təsir göstərməklə, əhalinin yaşayış səviyyəsinin yüksəlməsini təmin edir və bu işlər sakinlər tərəfindən böyük rəğbətlə qarşılanır. V.Zeynalov məruzəsində 2018-ci ildə rayonun əsas sosial-iqtisadi inkişaf göstəricilərini, bütün sahələrdə əldə olunan nəticələri konkret rəqəmlərlə, ötən dövrlə müqayisəli şəkildə yığıncaq iştirakçılarının nəzərinə çatdırdı.
Məruzə ətrafında çıxış edən Səbail rayon Polis İdarəsinin rəisi Cavid Muradov, rayon MKTB-nin sədri Yusif Xəlilov, Səbail Sukanal İdarəsinin rəisi Rauf Osmanov, Səbail rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəis müavini Araz Manafov və 132-134 saylı Təhsil Kompleksinin direktoru Sara Xanlarova ötən il Səbail rayonunda ictimai-siyasi sabitliyin qorunması, sakinlərə kommunal xidmətlərin göstərilməsi və təhsil sahəsində görülən işlərdən bəhs edərək qarşıda duran vəzifələrə diqqət çəkdilər.
Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev Səbail rayonunda son dövrlərdə formalaşmış müsbət ənənələrin və səmərəli idarəçilik sisteminin 2018-ci ildə də uğurla davam etdirilməsi və ötən il Səbail rayonunda əldə olunan mühüm sosial-iqtisadi göstəricilər haqqında danışdı. Ötən il rayon üzrə ÜDM həcmində əldə olunan 20%-lik artımın orta respublika göstəricilərindən 6 dəfə yüksək olduğunu qeyd edən millət vəkili bu nəticəni rayonda müşahidə olunan iqtisadi fəallıq, əlverişli biznes mühiti və sahibkarlar üçün yaradılan müsbət şəraitlə izah etdi. Qeyd olundu ki, ötən il ərzində Səbail rayonunda ictimai-siyasi həyatın bütün sahələrində, təhsildə, elmdə, mədəniyyətdə, idmanda yüksək göstəricilər əldə olunmuş, əhaliyə göstərilən kommunal xidmətlər, qaz, elektrik enerjisi, su təchizatı və digər sahələrdə də nəzərə çarpan müsbət dəyişikliklər baş vermişdir. Rayonun güc strukturlarının səmərəli və sinxron fəaliyyəti nəticəsində Səbail rayonunda tam sabitlik və qənaətbəxş kriminogen vəziyyət mövcuddur. Rayon İcra Başçısının və İcra Aparat işçilərinin sakinlərin müraciətlərinə hər zaman xüsusi məsuliyyət və diqqətlə yanaşdığını vurğulayan Ş.Hacıyev bildirdi ki, “Ötən il İcra Hakimiyyəti Aparatında 2700-dən çox müraciət ərizəsinə baxılıb. Bu rayondan seçilmiş millət vəkili kimi deyə bilərəm ki, 2018-ci ildə bizə ünvanlanan şikayətlərin miqdarı da minimuma enmişdir. Bu göstərici onu ifadə edir ki, rayonun bütün strukturları öz yerindədir, cənab Prezidentin icra strukturları qarşısında qoyduğu vəzifələri uğurla yerinə yetirirlər və vətəndaşlara layiqli xidmətlər göstərirlər.”
2018-ci ilin əsaslı, çoxşaxəli islahatlar ili və ümumilikdə ölkəmiz üçün uğurlu il kimi Azərbaycanın inkişaf tarixinə yazıldığını qeyd edən deputat bildirdi ki, möhtərəm Prezidentimiz İlham Əliyevin düşünülmüş, cəsarətli və uzaqgörən siyasəti ölkəmizə artıq 15 ildən çoxdur ki, böyük uğurlar qazandırıb və bu uğurlar gələcək dövrlərdə də davam etdiriləcəkdir. Ş.Hacıyev vurğuladı ki, “Bu gün Azərbaycanda qərarlaşmış ictimai-siyasi sabitlik dünyanın demək olar ki, heç bir ölkəsində müşahidə olunmur. Ölkəmizdə sosialyönümlü bazar iqtisadiyyatı formalaşmışdır. Prezidentin hər bir vətəndaşın rifahının yaxşılaşdırılmasına yönəldilən siyasətinin cəmiyyətimizdə ildən-ilə yüksələn rifah və yaşayış səviyyəsində əks olunması bir daha onu göstərir ki, ölkə başçısı cənab İlham Əliyevin iqtisadi və sosial siyasətinin əvvəlində də, mərkəzində də, sonunda da insan faktoru, əhalinin, vətəndaşın rifahı və layiqli həyat şəraiti dayanır. Yalnız son bir ay ərzində görülən işlər, Prezidentin qəbul etdiyi qərar və fərmanlar dediklərimizin əyani sübutudur. Sosial sahədə əsaslı islahatları və inqilabi dəyişiklikləri nəzərdə tutan bu fərmanların icrası təxminən 2 milyon 400 min nəfər əhalini əhatə edir və bu məqsəd üçün əlavə olaraq 1 milyard 400 milyondan çox vəsaitin ayrılması nəzərdə tutulur. Bütün bunlar məhz Azərbaycan vətəndaşı, onun rifahı və Vətənimizin, müstəqil dövlətçiliyimizin inkişafı üçündür.”
Çıxışına davam edən millət vəkili Azərbaycanda əldə olunan sosial-iqtisadi uğurların, eləcə də ölkəmizin ildən-ilə yüksələn siyasi, iqtisadi, hərbi, beynəlxalq nüfuzunun müəyyən xarici dairələr tərəfindən qısqanclıqla qarşılanması haqqında danışaraq bildirdi ki, dövlətimizin bu uğurlarını gözü götürməyən bəzi xarici dairələr qüdrətli Azərbaycan yox, “idarə olunabilən” Azərbaycan görmək istəyirlər və təəssüf ki, bəzi daxili qüvvələri də bu xain əməllərinə cəlb edirlər. Son zamanlar müşahidə olunan proseslər onu göstərir ki, xaricdən maliyyələşən ölkədaxilindəki bir ovuc qaragüruhçular, Azərbaycan iqtidarının və ölkə Prezidentinin nüfuzuna qərəzli şəkildə xələl gətirmək, ölkəmizdə görülən işlərə kölgə salmaq və cəmiyyətdə süni qarşıdurma, hərc-mərclik yaratmaq məqsədilə xüsusilə sosial şəbəkələrdə ictimai fikri çaşdırmaq üçün çirkin böhtan və qarayaxma kampaniyaları aparmağa cəhd edirlər. Vurğulandı ki, cəmiyyətdə sağlam, demokratik müxalifətin olması təqdirəlayiqdir, lakin ölkəmizdə özünü “müxalifət” adlandıran dağıdıcı, radikal və qeyri-konstruktiv qüvvələr bütün bəyanatlarında cinayət xarakterli fikirlər səsləndirir, açıq şəkildə dövlət çevrilişinə, vətəndaş itaətsizliyinə və süni qarşıdurmaya çağırışlar edirlər. Bu kimi cəhdlərə göz yummaq olmaz. Bununla əlaqədar olaraq, Səbaillilər bütün sahələrdə fəal olduqları kimi sosial şəbəkələrdə də fəallıqlarını ciddi şəkildə yüksəltməli, ölkə başçısının siyasətinin ən fəal təbliğatçıları olmalı və xaricdən maliyyələşərək sosial şəbəkələrdə şər-böhtan xarakterli propoqanda ilə məşğul olanlara tutarlı cavablar verməlidirlər.
Ş.Hacıyev ötən il ölkəmizə 2 milyon 800 min turistin gəldiyini qeyd edərək bildirdi ki, bu turistərin hər biri mütləq azı bir dəfə Səbail rayonunda olublar, çünki Səbail rayonu Bakı şəhərinin əsas mərkəz rayonudur və Azərbaycana gələn xarici qonaqların və turistlərin ölkəmiz, şəhərlərimiz, xalqımız barədə təsəvvürü məhz Səbail rayonunda gördüklərinin əsasında formalaşır. Bununla əlaqədar olaraq, Səbail rayon İcra Hakimiyyəti Aparatının işçilərinin, ümumiyyətlə rayonun bütün qurum və idarələrinin məsuliyyəti birə-beş daha artıqdır. Biz, Səbaillilər daha da yaxşı işlər görməli və bizə göstərilən etimadı artıqlaması ilə doğrultmalıyıq. İcra Hakimiyyətinin bütün strukturlarına bundan sonraki fəaliyyətlərində uğurlar arzu edən deputat əminliyini ifadə etdi ki, 2019-cu il ölkəmiz və rayonumuz üçün daha uğurlu, məqsədyönlü və nəticəli il olacaqdır.
Yığıncaqda yekun olaraq çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev respublikamızda ölkə başçısının rəhbərliyi ilə aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri və əhalinin rifahının yüksəldilməsinə xidmət edən sosial islahatlar haqqında danışaraq, Səbail rayonunun ölkəmizdə aparılan bu vahid siyasətə və ümumrespublika quruculuq işlərinə verdiyi töhfələri yüksək qiymətləndirdi. T.Tağıyev 2019-cu il üçün qarşıda duran vəzifələr haqqında məlumat verərək bu istiqamətdə icra strukturlarına müvafiq tövsiyələrini bildirdi. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, insanların rifahının daha da yaxşılaşdırılması üzrə həyata keçirilən tədbirlərin əhatə dairəsini genişləndirmək və əhalini narahat edən problemlərin həllini sürətləndirmək məqsədilə rayon sakinləri ilə çoxsaylı görüşlərin təşkilinin əhəmiyyətinə diqqət çəkən T.Tağıyev vurğuladı ki, bu görüşlərdə əsas məqsəd məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması, dövlət qurumlarının nümayəndələrinin xalqla bir yerdə olması, vətəndaşların müraciətlərinə, problemlərinin həllinə qayğı ilə yanaşmasından ibarətdir. T.Tağıyev 2019-cu ildə qarşıya qoyulmuş vəzifələrin icrasında Səbaillilərə uğurlar arzuladı.
Müzakirələrdən sonra cari ilin konkret hədəflərini əks etdirən qərar qəbul olundu.
Yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə ünvanlanan müraciətdə rayonun sürətli inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq və gələcək quruculuq işlərində Səbaillilərin öncəki illərdə olduğu kimi eyni fəallıqla iştirak əzmi ifadə olundu.