YAP Səbail rayon təşkilatı İdarə Heyətinin növbəti iclası keçirildi

19 mart 2019-cu il tarixində YAP Səbail rayon təşkilatının İdarə Heyətinin növbəti iclası keçirildi.

İclasda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlar, bununla əlaqədar rayon partiya təşkilatının qarşısında duran vəzifələr müzakirə edildi, yeni təsis olunmuş ərazi ilk partiya təşkilatlarından daxil olmuş müraciətlərə baxıldı və digər cari məsələlər üzrə müvafiq qərarlar qəbul olundu.

İclası açıq elan edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev rayon partiya təşkilatının çoxminli üzvləri adından və şəxsən öz adından bütün xalqımızı və Səbail rayonunun ictimaiyyətini qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik etdi, hər kəsə ən xoş arzularını çatdırdı və ruzi-bərəkət rəmzi olan bu bahar bayramının ölkəmiz, xalqımız, Prezidentimiz üçün xeyirli, düşərli, uğurlu olmasını dilədi.

2019-cu ilin dövlətimiz və xalqımız üçün uğurla başladığını qeyd edən deputat möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycan vətəndaşının rifahının yaxşılaşdırılmasına yönəlik çoxşaxəli sosialyönümlü siyasətinin müxtəlif aspektləri haqqında ətraflı məlumat verdi. Bildirildi ki, ilk gündən etibarən İlham Əliyev siyasətinin əvvəlində də, mərkəzində də, son məqsədində də Azərbaycan əhalisinin layiqli həyat şəraitinin təmin olunması başlıca prioritet təşkil edir. Son üç ay ərzində sosial paket çərçivəsində qəbul olunan qərarlar 1 milyon 200 mindən çox vətəndaşı əhatə edir və bilavasitə onların rifahının yüksəldilməsinə xidmət edir. Bu sosial proqramların həyata keçirilməsi üçün 1 milyard 400 milyon manatdan çox vəsait nəzərdə tutulub. Şəhid vərəsələrinə birdəfəlik vəsaitin ödənilməsi, minimum əmək haqqılarının və sosial müavinət ödənişlərinin, o cümlədən büdcədən maliyyələşən işçilərin əmək haqqılarının artırılması, çoxmənzilli binaların istismarının sadələşdirilməsi, xüsusilə problemli kreditlərlə bağlı əlavə tədbirlər haqqında fərmanının verilməsi sözün əsl mənasında sosial inqilabi qərarlar olmaqla, ölkə başçısının vətəndaşa göstərdiyi diqqət və qayğının bariz ifadəsidir. Ş.Hacıyev vurğuladı ki, son qərarlar cənab İlham Əliyevin sosial inkişaf istiqamətləri üzrə ardıcıl və davamlı siyasətinin davamıdır və görülən bütün bu möhtəşəm işlər onu göstərir ki, vətəndaşlarımız bu gün Azərbaycanda sosialyönümlü bazar iqtisadiyyatının sözdə yox, işdə real nəticələrini, bəhrələrini görürlər. Dünyada gedən ziddiyyətli proseslər fonunda Azərbaycanda ictimai-siyasi həyatın bütün sahələrinin uğurlu inkişafı təmin olunur, bütün dövlət proqramalrı vaxtında icra olunur. Qarşıda bizi daha böyük vəzifələr, torpaqlarımızın işğaldan azad olunacağı Böyük Qələbə Günü gözləyir. Azərbaycanın siyasi, iqtisadi, hərbi qüdrəti ilbəil yüksəlir, bütün bunlar göstərir ki, bu gün ölkəmizdə Ulu öndər Heydər Əliyev siyasəti yaşayır, inkişaf etdirilir və bu siyasət bizi gələcəkdə daha böyük uğurlara aparır.

Sonra gündəlikdə duran cari məsələlər müzakirə olundu.

İlk öncə Ş.Hacıyev YAP Səbail rayon “Qərbə çıxış” (Qərbi Kaspi Universiteti) ərazi ilk partiya təşkilatının sədri, Qərbi Kaspi Universitetinin prorektoru dos. Zenfira xanım Məmmədovanı yubileyi münasibətilə YAP Səbail rayon təşkilatının çoxminli üzvləri adından və şəxsən öz adından ürəkdən təbrik etdi, Zenfira xanıma möhkəm cansağlığı, uzun ömür, yorulmaz elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətində yeni-yeni nailiyyətlər arzuladı.

Çıxış edən İdarə Heyətinin üzvləri Milli Məclisin şöbə müdiri Adilə Abasova, YAP Siyasi Şurasının üzvü, Azərbaycan Dövlət Pedaqoji Univeristetinin rektorun müşaviri prof. Vilayət Əliyev, 132-134 saylı Təhsil Kompleksinin direktoru Sara Xanlarova, YAP Səbail rayon təşkilatı sədrinin müavini Əhliman Qarayev, partiya veteranı Rizvan Vahabov və Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Kamil Qafarov qarşıdan gələn Novruz bayramı münasibətilə hər kəsi təbrik etdilər, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasətinin təbliğ olunması və layiqli şəkildə dəstəklənməsi üçün bundan sonra da əllərindən gələni edəcəklərini bildirdilər.

İclasda, həmçinin yeni təsis edilən ərazi ilk partiya təşkilatlarından daxil olmuş müraciətlərə baxıldı, Azərbaycan Dövlət Reklam Agentliyində yeni təsis edilən YAP Səbail rayon “ADRA” ərazi ilk partiya təşkilatlarının qeydiyyata alınması barədə qərar yekdilliklə qəbul olundu.

Sonra gündəlikdə duran digər cari məsələlərə baxıldı və müvafiq qərarlar qəbul olundu.