“Möhtəşəm 15+1 il: İlham Əliyevin rəhbərliyi ilə misilsiz inkişaf yolu”

Bu gün YAP Səbail rayon təşkilatında 11 aprel 2018-ci il Prezident seçkilərindən ötən bir il müddətində ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən irəliləyişlər və əldə olunan müsbət nəticələrə həsr olunmuş tədbir keçirildi.

Çıxış edən Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev bir il öncə respublikamızda böyük ruh yüksəkliyi və yüksək seçici fəallığı ilə keçirilən Prezident seçkilərinin uğurlu nəticələri, Yeni Azərbaycan Partiyasının vahid namizədi, möhtərəm Prezidentimiz İlham Əliyevin növbəti dəfə xalqın mütləq əksəriyyətinin dəstəyini və etimadını qazanaraq möhtəşəm qələbəsi və 15 ilin uğurlarına söykənərək son bir il ərzində Azərbaycanda əldə olunmuş yüksək iqtisadi inkişaf göstəriciləri, beynəlxalq layihələr sahəsində əməkdaşlığın inkişafı, ölkəmizdə aparılan çoxşaxəli sosial-iqtisadi islahatlar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi.

Deputat diqqətə çatdırdı ki, Yeni Azərbaycan Partiyasının sədri, ölkə başçısı İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 15 il ərzində Azərbaycan xalqının milli maraqlarına, müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsinə və əhalinin rifahının ildən-ilə yüksəldilməsinə xidmət edən o qədər misilsiz işlər görmüşdür ki, Prezident seçkilərində məhz İlham Əliyevin uğur qazanacağı və yeni Azərbaycan Partiyasının növbəti qələbəsi heç kimdə şübhə yaratmırdı. 11 aprel 2018-ci il tarixində respublikamızda tam obyektiv, şəffaf və əsl demokratik prinsiplərə uyğun keçirilən Prezident seçkilərində İlham Əliyev bu zamana qədər respublikamızda keçirilmiş seçkilərdə ən yüksək səs çoxluğunu, əhalinin 86,02 faizinin dəstəyini qazandı. Bu seçkilərdə seçicilərin iştirak faizinin də yüksək olduğu nəzərə alınarsa bu rəqəm həqiqətən böyük göstəricidir. Seçkilərin təşkilinin və obyektiv nəticələrinin bütün beynəlxalq təşkilatların müşahidəçiləri tərəfindən yüksək qiymətləndirildiyini xüsusi qeyd edən millət vəkili bildirdi ki, bu seçkilərdə Səbail rayonunda da bütün seçki tarixi boyunca ən yüksək nəticələr qeydə alınmışdır. Belə ki, 2018-ci il Prezident seçkilərində həm məntəqələrə gələn seçici faiz göstəricisi, həm də cənab İlham Əliyevi dəstəkləyənlərin faiz nisbəti ötən illərlə müqayisədə xeyli yüksək olmuşdur. Əgər 2013-cü il Prezident seçkilərində Səbaillilərin 70,9%-i İlham Əliyevə səs vermişdisə, 2018-ci ildə bu göstərici 87,9% olmuşdur. Bu isə o deməkdir ki, Səbail rayonu bu göstəriciyə görə ümumrespublika göstəricisini də üstələmişdir. Ş.Hacıyev vurğuladı ki, xalqın, o cümlədən Səbaillilərin böyük əksəriyyətinin dəstəyini qazanaraq növbəti 7 ilin hədəflərinin gerçəkləşməsinə yol açan Möhtərəm Prezidentimiz İlham Əliyevin qələbəsi, təbii ki, son 15 ilin uğurlarına söykənmiş real amil idi. 2003-cü ildə keçirilən andiçmə mərasimində qarşıdakı illərdə görüləcək işləri açıqlayan dövlətimizin başçısı qeyd etdi ki, “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.” Bu vədə sadiqlik, eləcə də İlham Əliyevin ilk gündən etibarən sözün əsl mənasında hər bir azərbaycanlının prezidenti olması və əməli fəaliyyəti ilə xalqın etimadını artıqlaması ilə doğrultması Azərbaycanın davamlı inkişafını təmin etməklə yanaşı, cənab İlham Əliyevin 2018-ci il Prezident seçkilərində qələbəsini şərtləndirdi.

Seçkilərdən ötən bir il ərzində görülmüş möhtəşəm və çoxşaxəli işlər, əldə olunmuş iqtisadi yüksəliş və ölkə rəhbərinin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilməsi davam edən sosial-iqtisadi islahatlar haqqında geniş məlumat verən millət vəkili qeyd etdi ki, “İnkişafımızın təməlində həm düşünülmüş cəsarətli siyasət, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır. Biz güclü iqtisadiyyat qura bilmişik, bu gün heç kimdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik və iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Son 16 ilin makroiqtisadi göstəriciləri, beynəlxalq reytinqlər, Dünya Bankının, Dünya İqtisadi Forumunun hesabatları, Azərbaycanın “Doing Business” hesabatında mövqeyinin ildən-ilə yüksəlməsi dediklərimizin əyani sübutudur. İqtisadi baxımdan 16 il ərzində dünyada Azərbaycan qədər yüksək templə inkişaf edən ikinci bir dövlət yoxdur. Hətta böhranlı illərdə də biz öz iqtisadi gücümüzü qoruya bilmişik və bir çox iqtisadi göstəriciyə görə dünyanın inkişaf etmiş ölkələrini geridə qoymuşuq”.

Deputat Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, “Əsrin Müqaviləsi”nin 2050-ci ilə qədər uzadılması, Cənub Qaz Dəhlizi, “Şimal-Cənub”, “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizləri, TANAP və TAP layihələri, Türkiyədə Azərbaycanın irihəcmli investisiya qoyduğu “Petkim” və “Star” neft emalı zavodlarının işə başlaması kimi beynəlxalq enerji və nəqliyyat layihələrinin ölkəmiz üçün mühüm iqtisadi, siyasi və sosial nəticələrini geniş təhlil edərək diqqətə çatdırdı ki, bütün bu layihələr Azərbaycanın dayanıqlı və davamlı inkişafının etibarlı qarantı olmaqla yanaşı, ölkəmizin siyasi imicinin möhkəmləndirilməsində müstəsna əhəmiyyətə malikdirlər. Vurğulandı ki, qeyd olunan transkontinental layihələrlə yanaşı Azərbaycanın artıq ikinci iqtisadiyyatını formalaşdırması, geniş təkrar istehsal tsiklinə qoşulması və dünya gəlirlərindən pay alması strateji valyuta ehtiyatlarımızın artmasına və 45 mlrd. dollar həcminə çatmasına səbəb olmuşdur. Azərbaycanın iqtisadi qüdrətinin ildən-ilə yüksəlməsi ölkəmizdə sosialyönümlü rifah dövləti quruculuğunun və hərbi gücümüzün artmasının etibarlı zəmanətidir. Ş.Hacıyev bildirdi ki, məhz bu iqtisadi qüdrət son dövrlərdə şahidi olduğumuz inqilabi sosial islahatların həyata keçirilməsini təmin etmişdir. Seçkilərdən ötən bir il ərzində sosial islahatlar paketi çərçivəsində 3 milyondan çox əhalinin rifahının yüksəldilməsi istiqamətində ciddi qərarlar qəbul olunmuşdur. Bura minimum və orta əməkhaqlarının, pensiya və müavinətlərin məbləğinin artırılması, şəhid vərəsələrinə birdəfəlik ödənişlər, müharibə veteranlarına sosial evlərin verilməsi, cari ilin fevral ayında Şamaxı rayonunda baş verən zəlzələdən sonra zəlzələnin fəsadlarının aradan qaldırılması və sakinlərin dövlət hesabına yeni mənzillərlə təmini, çoxmənzilli binaların dövlət qeydiyyatının sadələşdirilməsi, problemli kreditlərlə bağlı əlavə tədbirlərin görülməsi haqqında qəbul olunmuş fərman, “Diqlas” Ticarət Mərkəzindəki yanğından sonra zərərçəkmiş sahibkarlara təzminatın ödənilməsi və əhalinin rifahına bilavasitə təsir edən digər islahatlar daxildir. “Bütün bu sosial islahatlar göstərir ki, İlham Əliyev siyasətinin mərkəzində vətəndaşın rifahı məsələsi dayanır” deyən Ş.Hacıyev əlavə etdi ki, “Məhz bu prinsip ölkəmizdəki ictimai-siyasi sabitliyin başlıca təminatçısı olan xalq-iqtidar birliyini təmin edir. Bir sözlə, xalq Liderinə etimad edir və Onun düşünülmüş, müdrik, uzaqgörən siyasətini dəstəkləyir. Əminik ki, bu siyasət bizi gələcəkdə daha böyük uğurlara doğru aparır. Yaşasın müstəqil Azərbaycan dövləti! Yaşasın Yeni dövrün yeni Lideri – İlham Əliyev!”

YAP Səbail rayon “Aktyorlar Evi” ərazi ilk partiya təşkilatının sədri, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov çıxışında bugünkü yığıncağın çox qürurverici və fəxredici səbəbə həsr olunduğunu qeyd etdi. Ölkəmizin bütün ictimai-siyasi sahələrində olduğu kimi mədəniyyət sahəsində də müşahidə olan diqqət, qayğı və dövrün müasir tələblərinə uyğun dinamik inkişaf haqqında danışan Xalq artisti bildirdi ki, xüsusilə möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə son geniştərkibli görüşündən sonra milli mədəniyyətimizdə xüsusi coşqunluq və yüksək əhval-ruhiyyə yaranmışdır. Həmin görüşdən sonra mədəniyyət xadimləri dövlətin və Prezidentin diqqət və qayğısını daha da yaxından hiss etmiş, cənab Prezidentin göstərişləri ilə mədəniyyət işçilərinin əməkhaqları, eləcə də mədəniyyət ittifaqları və təşkilatlarına ayrılan vəsaitlər artırılmışdır. Mədəniyyət işçiləri adından ölkə başçısına bir daha ürəkdən təşəkkür edən Hacı İsmayılov Azərbaycan cəmiyyətindəki bütün ziyalıların olduğu kimi mədəniyyət işçilərinin də Yeni Azərbaycan Partiyasının siyasətini dəstəklədiklərini bildirdi.

Çıxış edən YAP Səbail rayon təşkilatı sədrinin müavini Mehman İsmayılov ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşdırılması, sosialyönümlü dövlət quruculuğu, bərqərar olunmuş ictimai-siyasi sabitlik, əhalinin rifahının yüksəldilməsinə yönəlik həyata keçirilən sosial proqramlar və reallaşdırılan beynəlxalq layihələr haqqında danışaraq Azərbaycan gənclərinin üzərinə düşən məsul vəzifələrə diqqət çəkdi. Bildirildi ki, Azərbaycanın bu dinamik inkişafı və əldə olunan nailiyyətlər bəzi xarici dairələri narahat edir. Bununla əlaqədar olaraq, xüsusilə sosial şəbəkələrdə dövlətçiliyimizə, Prezidentimizə, ölkədə aparılan siyasətə qarşı heç bir reallığa əsaslanmayan, qərəzli və müxtəlif səpkili qarayaxma kampaniyaları təşkil olunur. Gənclər bu məsələ ilə bağlı ayıq-sayıq olmalı, sosial şəbəkələrdə aparılan bu çirkin kampaniyalara layiqli cavablar vermək iqtidarında olmalı və ölkə başçısının, Yeni Azərbaycan Partiyasının siyasətinin ən fəal təbliğatçıları olmalıdırlar. M.İsmayılov bütün gənclərimizi Prezidentimizin ətrafında sıx birləşməyə çağıraraq ölkəmizin ictimai-siyasi həyatında baş verən bütün mühüm proseslərdə daha da fəal olmağa çağırdı.

Yeni Azərbaycan Partiyasının “Qızıl Fondu” adlandırılan “91-lər”dən olan partiya veteranı prof. Allahverdi Hacıyev bildirdi ki, ölkə başçısı cənab İlham Əliyevin ideal keyfiyyətlərindən biri xalqa verdiyi bütün vədləri gündəlik yerinə yetirməsidir. 2003-cü ildən etibarən hər bir Azərbaycan vətəndaşının şahidi olduğu gerçək bundan ibarətdir ki, İlham Əliyev daima xalqın yanındadır, cəmiyyətin bütün sosial təbəqələrinin nümayəndələrini, onların istək və ehtiyaclarını şəxsən diqqət mərkəzində saxlayır, öz siyasətində hər zaman xalqa arxalanır və bütün bunların məntiqi nəticəsidir ki, möhtərəm Prezidentimiz xalqın böyük etimadını qazanmışdır və bu etimadı artıqlaması ilə doğruldur. A.Hacıyev vurğuladı ki, ölkəmizdə aparılan bu inkişaf və rifah siyasətinin reallaşmasında hər birimiz Prezidentin köməkçisinə çevrilməliyik ki, Azərbaycan xalqının uğurlu gələcəyinin qurulmasında iştirak edək.

Çıxış edən YAP Səbail rayon təşkilatı Qadınlar Şurasının sədri dos. Təranə Kərimova cənab İlham Əliyevin Azərbaycanın müstəqil dövlətçiliyinin daha da möhkəmləndirilməsi və xalqımızın firavan həyatının təmini istiqamətindəki titanik fəaliyyətinin Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsi olduğunu qeyd etdi. Vurğulandı ki, Azərbaycanda dövlət quruculuğunda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müsbət tandemi artıq dünyada nümunəvi modelə çevrilmişdir. Azərbaycan əhalisinin artıq 10 milyon nəfəri keçməsi ölkəmizin qüdrətinin ildən-ilə yüksəlməsinin daha bir göstəricisidir. Hazırda partiya sıralarında üzvlərin 51%-nin məhz qadınlar olduğunu diqqətə çatdıran T.Kərimova Azərbaycan qadınlarının da əməli fəaliyyətlərini səfərbər edərək İlham Əlyev siyasətinə xidmət etdiyini bildirdi.

Tədbir iştirakçıları tərəfindən bir daha ifadə olundu ki, Azərbaycanın, müstəqil dövlətçiliyimizin və hər bir azərbaycanlının etibarlı və xoşbəxt gələcəyinin təminatçısı cənab İlham Əliyevdir.

Tədbir böyük alqışların müşayiəti ilə möhtərəm Prezidentimizin ünvanına səsləndirilən şüarlarla sona çatdı.

Tədbirin videoyazısı
AzTV
SəsTV