Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı Gənclər Birliyinin V Hesabat-Seçki Konfransı keçirildi
12.04.2019Aprelin 12-də Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı Gənclər Birliyinin V Hesabat-Seçki konfransı keçirildi.
Konfransda YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru prof. Hikmət Babaoğlu, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev, YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” Media qrupunun rəhbəri Bəhruz Quliyev, partiyanın və təşkilatın gənclər birliklərini, rayonun ali təhsil müəssisələrini, idarə və təşkilatlarını təmsil edən ümumilikdə 250 nəfər gənc iştirak etdi.
Konfransı giriş sözü ilə açıq elan edən Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti, gənclər üçün yaradılan geniş imkanlar və gənclərin, o cümlədən Səbail rayonu gənclərinin respublikanın ictimai-siyasi həyatında fəal iştirakı haqqında məlumat verdi. Bildirildi ki, Azərbaycanda dövlət gənclər siyasətinin təşəkkülü və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Azərbaycana rəhbərliyinin bütün dövrlərində gənclərə həmişə böyük qayğı ilə yanaşmış, onların hərtərəfli inkişafına xüsusi diqqət yetirmişdir. Bunun sayəsində hazırda gənclər dövlət orqanlarında, parlamentdə, iri biznes və maliyyə qurumlarında, bələdiyyələrdə geniş təmsil olunur, ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən mühüm məsələlərin həllində fəal rol oynayır, təhsil, mədəniyyət, idman və digər sahələrdə parlaq nailiyyətləri ilə Azərbaycanı dünyada uğurla təbliğ edirlər.
Deputat diqqətə çatdırdı ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti bir çox ölkələr üçün nümunədir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir, bu istiqamətdə ardıcıl tədbirlər görülür, əhəmiyyətli nəticələr əldə olunur. Sevindirici haldır ki, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən gənclər arasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri, o cümlədən YAP Səbail rayon təşkilatının gənc üzvləri də ilk sıralardadırlar.
Ş.Hacıyev konfransın işinə və yeni seçiləcək gənclər birliyi heyətinə uğurlar arzuladı.
Sonra Azərbaycanda həyata keçirilən uğurlu dövlət gənclər siyasətindən bəhs edən videoçarx nümayiş olundu.
Hesabat məruzəsi ilə çıxış edən YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşad Fərəcov ötən müddət ərzində görülən işlər barədə məlumat verdi. O, Səbail rayonu gənclərinin fəallığından, rayonun və respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak etmələrindən, müstəqil dövlətçiliyimizə, Prezidentimizə həmişə sədaqətlə xidmət etdiklərindən bəhs etdi. Vurğulandı ki, Azərbaycan gənclər dövlətidir və dövlət gənclər siyasəti ölkədə aparılan ümummilli inkişaf siyasətinin mühüm tərkib hissəsi və prioritetlərindən biridir. YAP gəncləri Azərbaycan vətəndaş cəmiyyətinin ən fəal və seçilmiş üzvləridir. Hazırda YAP Səbail rayon təşkilatının qeydiyyatında olan üzvlərin 17305 nəfəri gənclərdir, bu da ümumi üzvlərin 65,5%-i deməkdir. Səbail gəncləri bütün seçkilərdə yaxından iştirak etmiş, ötən müddətdə yüzlərlə intellektual yarışların, debatların, sosial layihələrin təşəbbüskarı, iştirakçısı və qalibi olmuş, sosial şəbəkələrdə xüsusi fəallıq nümayiş etdirmişlər. Səbail gənclərinin gələcəkdə də bu istiqamətdəki fəaliyyətlərini uğurla davam etdirəcəklərinə dair əminliyini ifadə edən R.Fərəcov ötən dövr ərzində ona göstərilən yüksək etimada görə partiya rəhbərliyinə bir daha təşəkkür etdi və yeni seçiləcək gənclər birliyi heyətinə fəaliyyətlərində uğurlar arzuladı.
Sonra hesabat məruzəsi ətrafında çıxışlar edildi və müzakirələr aparıldı.
Çıxış edən YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva konfransın işinə uğurlar arzuladı. Səbail rayon YAP Gənclər Birliyi üzvlərinin partiya işindəki fəaliyyətini və təqdim olunmuş hesabat məruzəsini qənaətbəxş qiymətləndirən S.Quliyeva vurğuladı ki, həm inzibati ərazi baxımından, həm dövlət əhəmiyyətli idarə və təşkilatların burada yerləşməsi baxımından paytaxtın mərkəzi rayonlarından biri olan Səbail rayonunun gəncləri arasında seçilmək və Səbail rayon YAP Gənclər Birliyinin Şurasında, İdarə Heyətində təmsil olunmaq çox böyük məsuliyyət deməkdir. Qeyd olundu ki, Azərbaycan gənclərinə bu gün dövlət səviyyəsində göstərilən diqqət və qayğı ölkəmizin gələcəyinə hesablanmış intellektual investisiyadır. Azərbaycanın bütün sahələrdə dinamik inkişafı dünyanın bir çox ölkəsi üçün nümunədir. Azərbaycan gəncləri bu dinamik inkişafa öz layiqli töhfələrini verirlər deyən S.Quliyeva Səbail gənclərinin bu istiqamətdəki fəallıqlarını bundan sonra daha yüksəldəcəklərinə dair əminliyi ifadə etdi və bu gün seçkilərdə iştirak edən gənclərə uğurlar arzuladı.
YAP Gənclər Birliyinin Ofis rəhbəri Fərid Nəsibov Yeni Azərbaycan Partiyasındakı fəaliyyətinə məhz Səbail rayonunda başladığını qeyd edərək partiya rəhbərliyinə, ziyalılara gənclərə daim göstərdikləri xüsusi diqqət və qayğıya görə təşəkkürünü bildirdi.
Sonra YAP Gənclər Birliyinin fəaliyyətində yaxından iştiraklarına, sosial şəbəkələrdə və partiyanın beynəlxalq tədbirlərində fəallıqlarına görə YAP Səbail rayon təşkilatının əməkdaşları Lamiyyə Hacıyeva və Bəyim Nəbiyeva YAP Gənclər Birliyi Baş Ofisi tərəfindən xüsusi sertifikatlarla təltif olundular.
Tədbirdə çıxış edən Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev Səbail rayonu gənclərini bu əlamətdar konfrans münasibətilə komitə adından təbrik etdi və hesabat məruzəsini qənaətbəxş qiymətləndirdi. Azərbaycanda formalaşdırılmış gənclər siyasətinin uğurlu modeli haqqında danışan deputat bildirdi ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti ölkə başçısı cənab İlham Əliyev tərəfindən daha da genişlənidirilmiş və müasirləşdirilmişdir. Gənclər siyasəti ölkədə mühüm siyasi prioritetdir, bunu ötən dövr ərzində görülmüş işlər, qəbul olunmuş dövlət proqramları və inkişaf strategiyalarında əks olunmuş müddəalar sübut edir. Yaxın günlərdə 2002-ci ildə qəbul olunmuş “Dövlət gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun 9 maddəsinə 26 yeni dəyişikliyin edildiyini diqqətə çatdıran komitə sədri vurğuladı ki, bu dəyişikliklər xüsusi sosial müdafiəyə ehtiyac olan və risk qrupuna daxil olan gənclərlə bağlı dövlətin öhdəliklərini daha da artıracaqdır. Gənclərin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təmini üçün ölkəmizdə yaradılmış şərait, bu istiqamətdəki qanunvericilik bazası haqqında məlumat verən Ü.Quliyev qeyd etdi ki, Azərbaycan gəncləri nə qədər müasir, təhsilli, savadlı, milli-mənəvi dəyərlərimizə bağlı olsalar, dövlət rəmzlərimizi, tariximizi, mədəniyyətimizi bilsələr Azərbaycan dövlətini bir o qədər yaxşı müdafiə etmək imkanı əldə edəcəklər. Deputat ölkəmizdə gənclərin könüllülük fəaliyyətinə qoşularaq gördüyü işləri yüksək qiymətləndirərək, Səbail rayonu gənclərini dövlətimizin inkişafına bundan sonra da töhfələr verməyə, ictimai-siyasi həyatın bütün sahələrinin fəal iştirakçısı olmağa çağırdı və bu istiqamətdəki fəaliyyətlərində onlara uğurlar arzuladı.
YAP Gənclər Birliyi Baş ofisinin koordinatoru Elmar Məmmədov ölkədə gənclər siyasətindən danışaraq YAP Gənclər Birliyinin bu istiqamətdəki fəaliyyəti haqqında məlumat verdi. Qeyd olundu ki, Azərbaycanda gənclərə göstərilən diqqət və qayğı ildən-ilə artırılır və konkret nəticələrlə müşayiət olunur. Yeni Azərbaycan Partiyası öz ətrafında vətənpərvər gəncləri birləşdirir və gənclərin partiyaya axını cəmiyyət arasında Yeni Azərbaycan Partiyasına olan inam və etibarla bilavasitə əlaqəlidir. YAP Gənclər Birliyi ölkədə dövlət səviyyəsində aparılan gənclər siyasətini əldə rəhbər tutaraq ideoloji təbliğat işi, o cümlədən YAP gənclərinin maariflənməsi, azərbaycançılıq ideyasının, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətindəki ardıcıl fəaliyyətini davam etdirir. Sosial medianın həyatımızda artan rolu və bunun ictimai-siyasi təsirləri haqqında danışan E.Məmmədov bildirdi ki, YAP gəncləri Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsini, cənab İlham Əliyevin siyasətinin müxtəlif istiqamətlərini və Yeni Azərbaycan Partiyasının fəaliyyətini sosial şəbəkələrdə geniş təbliğ etməklə, çirkin qarayaxmalarla ölkəmizin inkişafına kölgə salmağa çalışanlara layiqli cavablar verirlər. Azərbaycanda gənclərə göstərilən diqqət, qayğı və yaradılmış gözəl şəraitə görə ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ürəkdən təşəkkür edən E.Məmmədov Azərbaycan gənclərinin Vətənimiz, dövlətimiz üçün bundan sonra da əllərindən gələni edəcəklərinə dair əminliyini ifadə etdi.
Qərbi Kaspi Universitetinin tələbəsi Fuad Heydərli və Dövlət İdarəçilik Akademiyasının tələbəsi Aytəkin Hacıyeva hesabat məruzəsi ətrafında çıxış etdilər və Səbail rayonu gənclərinin bundan sonra da Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsi, güclü, qüdrətli ölkəyə çevrilməsi istiqamətində var gücləri ilə çalışacaqlarına dair söz verdilər.
Sonra təşkilati məsələlərə baxıldı. YAP Səbail rayon təşkilatı Gənclər Birliyi şurasının, idarə heyətinin tərkibi müəyyənləşdirildi. Səsvermə nəticəsində Həsənov Ayxan Elyar oğlu yekdilliklə YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədri seçildi.
Ona göstərilən yüksək etimad üçün səmimi qəlbdən təşəkkür edən Ayxan Həsənov bildirdi ki, ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının Gənclər Birliyində təmsil olunmaq böyük şərəf və məsuliyyət deməkdir. A.Həsənov qeyd etdi ki, Azərbaycan son dövrlərdə böyük uğurlara imza atıb, daxili siyasət nəticəsində ölkədə sabitlik, ictimai rifah təmin olunub, ölkəmiz beynəlxalq səviyyədə nəhəng enerji və nəqliyyat layihələrinə imza atır. Bütün bu uğurlar dostlarımızı sevindirdiyi qədər, düşmənlərimizi də narahat edir. Məhz bu səbəblə gənclərimiz ölkədə aparılan siyasəti dəstəkləməli, beynəlxalq tribunalarda Azərbaycan həqiqətlərini bütün dünyaya bəyan etmək iqtidarında olmalı, beləliklə Azərbaycanın siyasi, hüquqi müstəvidə mövqelərini möhkəmləndirməlidirlər. Vurğulandı ki, hazırda Yeni Azərbaycan Partiyasının üzvlərinin 40%-i gənclərdir, bu çox böyük resurs və yüksək potensial deməkdir. A.Həsənov YAP Səbail rayon gənclərinin bütün bu işlərdə fəallığının yüksəldilməsi istiqamətində layiqli şəkildə çalışacağını bildirdi.
Sonra ötən dövr ərzində YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin fəaliyyətində yaxından iştirak edən Rəşad Fərəcov, Fərid Nəsibov və Aygül Ağayeva rayon partiya təşkilatının Fəxri Fərmanları ilə təltif olundular.
Ş.Hacıyev YAP Səbail rayon təşkilatının çoxminli üzvləri adından və şəxsən öz adından rayon partiya təşkilatının Aparat rəhbəri, tarix elmləri namizədi, dos. Zəfər Bayramovu 65 illik yubileyi münasibətilə ürəkdən təbrik etdi, ona möhkəm cansağlığı, sağlam uzun ömür və elmi-pedaqoji, ictimai-siyasi həyatında yeni-yeni uğurlar arzuladı.
Partiyanın rəhbərliyi adından YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin yeni seçilmiş şurası və idarə heyətini təbrik edən YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı müstəqil, güclü Azərbaycan dövlətçiliyinin qorunması və daha da möhkəmlənməsi uğrunda gənclərin üzərinə böyük vəzifələr düşdüyünü bildirdi. Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində gənclərimizin qazandıqları nailiyyətlərdən danışan komitə sədri YAP Səbail rayon təşkilatının gənclər birliyinin üzvlərinin də ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etmələrindən məmnunluğunu ifadə etdi, birliyin fəaliyyətini yüksək qiymətləndirdi.
Səbail gənclərini Konfransın uğurla yekunlaşması münasibətilə təbrik edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Vüqar Zeynalov cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışdı. Gənclərimizi nəinki sosial şəbəkələrdə, gündəlik həyatda da fəal olmağa, əhalinin, insanların yanında olmağa və Azərbaycanda sosialyönümlü, yüksək rifah dövlət quruculuğunda yaxından iştirak etməyə çağıran V.Zeynalov son dövrlərdə Səbail rayon İcra Hakimiyyəti və YAP Səbail rayon təşkilatı arasında formalaşmış səmərəli əməkdaşlıq tandemini yüksək qiymətləndirdi və bu müsbət ənənələrin bundan sonra da davam etdiriləcəyini, cənab Prezidentin qarşıya qoyduğu vəzifələri məhz gənclərin dəstəyi və yaxından iştirakı ilə birlikdə, yüksək səviyyədə icra edəcəklərinə dair əminliyini ifadə etdi.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu YAP Səbail rayon təşkilatında çox intellektli, geniş siyasi təcrübəyə malik ziyalıların, partiya veteranlarının fəaliyyət göstərdiyini diqqətə çatdıraraq, gənclər üçün bu faktorun çox önəmli təcrübə mənbəyi olduğunu qeyd etdi. Deputat bildirdi ki, Azərbaycan dövlətinin daim gənclərə xüsusi diqqət və qayğı ilə yanaşdığının şahidi olmuşdur. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə keçirilmiş Prezident seçkilərindən öncə ilk görüşlərindən birini gənclərlə keçirmişdir. Ölkə başçısı cənab İlham Əliyevin “Əziz gənclər, mən sizə arxalanıram! Siz də mənə arxalana bilərsiniz!” kəlamını məhz bu diqqətin daha bir bariz ifadəsi kimi xatırladan H.Babaoğlu intellektual gənclərin tükənməz milli sərvətimiz olduğunu qeyd edərək, Azərbaycan gənclərinə, o cümlədən Səbail rayonu gənclərinə öz üzərlərində daim işləməyi və ölkə başçısının bu kəlamını rəhbər tutaraq vətənpərvər, savadlı, milli-mənəvi dəyərlərimizə bağlı, yüksəkixtisaslı mütəxəssislər kimi dövlətimiz, Vətənimiz üçün daim irəli addımlamağı arzuladı.
Konfransa yekun vuran Ş.Hacıyev bütün natiqlərə bugünkü tədbirdə iştiraklarına, rayon partiya təşkilatı və gənclərinin ünvanına səsləndirdikləri xoş sözlərə, xeyir-dualarına görə təşəkkür etdi, yeni seçilmiş gənclər heyətini təbrik etdi və Səbail rayonu gənclərinə gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Konfransın işinə yekun vuruldu.
Tədbirin videoyazısı
SəsTV