Milli Məclisin deputatları Səbail rayonu 189-190 nömrəli tam orta məktəbdə oldular
16.04.2019Bu gün Yeni Azərbaycan Partiyasının təşəbbüsü və YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə Milli Məclisin deputatları Şəmsəddin Hacıyev, Aydın Mirzəzadə və Kamilə Əliyeva Səbail rayonunda yerləşən 189-190 nömrəli tam orta məktəbin qonağı oldular.
Deputatlar məktəbdə mövcud təlim-təhsil şəraiti, yaradılan tədris və mənəvi-psixoloji mühitlə tanış oldular, sinif otaqlarını gəzdilər, müxtəlif yaş qrupundan olan şagirdlərlə fikir mübadiləsi apardılar, məktəbdə yaradılan şərait, müəllim-şagird-valideyn münasibətləri, tədrisin keyfiyyəti, şagirdlərə göstərilən psixoloji xidmət, tədris kurrikulumlarının müasir tələblərə uyğunluğu haqqında şagirdlərin fikirlərini öyrəndilər və müvafiq tövsiyələrini bildirdilər.
İlk öncə ibtidai siniflərdə dərs prosesi ilə tanış olan millət vəkilləri şagirdlərə ölkəmiz, dövlət rəmzlərimiz, prezidentimiz, Dağlıq Qarabağ problemi və torpaqlarımızın işğaldan azad olunması üçün Ali Baş Komandan və Azərbaycan Ordusunun rolu haqqında suallar verdilər və şagirdlərin bütün bu məsələlər haqqında məlumatlı olmalarından, eləcə də suallara yüksək vətənpərvərlik ruhunda dolğun cavablar vermələrindən razı qaldılar. I sinif şagirdlərinin Azərbaycan Respublikasının Dövlət himnini, Səməd Vurğunun, hətta Nizami və Nəsimi poeziyasından kiçik şeir nümunələrini ifa etmələri qonaqları çox məmnun etdi.
IX və X sinif şagirdləri ilə görüşdə təhsil sahəsində həyata keçirilən islahatlar, şagirdlərin bu yeniliklərə münasibəti barədə fikir mübadiləsi aparıldı. Qonaqlarla şagirdlər arasında yaranmış səmimi ünsiyyət şagirdlərin Milli Məclis üzvlərinə bəzi təkliflər verməsinə şərait yaratdı. Şagirdlərin mütləq əksəriyyəti məktəbdə mövcud tədris prosesi ilə bağlı məmnunluqlarını ifadə etməklə bərabər son dövrlərdə orta məktəblər üçün alternativ dərsliklərin az olması ilə bağlı fikirlərini ifadə etdilər. Məktəblilər Milli Məclisi ziyarət etmək, deputatlar və binadakı şərait ilə tanış olmaq haqqında arzu və istəklərini bildirdilər. Deputatlar şagirdlərin bu istəyinə müsbət münasibət bildirərək yaxın günlərdə məktəbin bir qrup müəllim və şagird heyətinin Milli Məclisə ekskursiyasını təşkil edəcəklərinə dair söz verdilər.
Sonra məktəbin Heydər Əliyev Muzeyi zalında XI sinif şagirdlərinin iştirakı ilə “dəyirmi masa” təşkil olundu. “Dəyirmi masa”da millət vəkilləri məktəblilərlə səmimi fikir mübadiləsi apardılar, xüsusilə son dövrdə narahatçılıq doğuran bəzi xoşagəlməz hadisələrin obyektiv və subyektiv səbəblərini müzakirə etdilər, şagirdlər üçün dərs prosesinin və məktəbdənkənar vaxtlarının necə təşkil olunması ilə maraqlandılar.
Müzakirə olunan mövzular arasında daha çox maraq doğuran məsələ şagirdlərin dünyagörüşünün formalaşmasında mütaliənin müstəsna rolu oldu. Məktəbin direktoru Ceyran Kuliyeva son illərdə Təhsil Nazirliyi tərəfindən də bu sahəyə xüsusi önəm verilməsindən, müxtəlif tədbirlərin, müsabiqə və yarışların, eyni zamanda yüksəksəviyyəli “Oxu günləri”nin təşkili barədə məlumat verdi. Şagirdlərin asudə vaxtının səmərəli təşkili məqsədi ilə həm məktəbdə, həm də uşaqların məktəbdənkənar öz təşəbbüsləri ilə həyata keçirdikləri tədbirlər haqqında məlumatlar qonaqlar tərəfindən maraqla qarşılandı. Millət vəkilləri şagirdlərə sosial şəbəkələrdən məqsədyönlü istifadə etmələrini, cəmiyyətdə baş verən hadisələrə düzgün və düşünülmüş münasibət bildirmək bacarığına yiyələnmələrini tövsiyə edərək bu istiqamətdə şagirdlərə lazımi dəstəyin göstəriləcəyini bildirdilər.
Qonaqlar məktəblilərin ölkəmizdəki təhsil sistemi, gənclər siyasəti, sağlam həyat tərzinin təşkili və idmanla məşğul olan gənclərin dəstəklənməsi imkanları barədə suallarını cavablandırdılar. Deputatlar şagirdlərə öz aralarında həm sosial şəbəkələrdə, həm də canlı dialoqun artırılması məqsədilə məsləhətlərini və tövsiyələrini bildirdilər və şagirdlərə bir daha xatırlatdılar ki, onlar ölkə başçısı tərəfindən yaradılan bütün imkanları yüksək dəyərləndirməli və cəmiyyət üçün yararlı vətəndaş kimi formalaşmaq üçün bütün imkanlardan və xüsuslardan səmərəli istifadə etməlidirlər.
Millət vəkilləri məktəbin psixoloqu direktor müavinləri və bir qrup müəllimlər ilə görüşdülər, şagirdlərlə aparılan psixoloji təlimin səviyyəsi, məktəblilərin ümumi mənəvi-psixoloji vəziyyəti, şagirdlərə göstərilən psixoloji dəstəyin səviyyəsi, forma və metodları ilə maraqlandılar. Şagirdlər üçün yaradılmış ümumi psixoloji dəstək mühiti qənaətbəxş hesab edilməklə yanaşı, deputatlar xidmət səviyyəsinin yüksəldilməsi və daha da təkmilləşdirilməsi məqsədilə məktəbin direktoru və psixoloquna öz təklif və tövsiyələrini bildirdilər.
Qonaqlar məktəbdə keçirilən görüşün nəticəsi olaraq, yaradılan tədris şəraitindən, şagirdlərin hazırlıq səviyyəsindən, eləcə də müəllim-şagird münasibətlərindən məmnunluq ifadə etdilər və məktəbdən xoş təəssüratlarla ayrıldılar.