YAP Səbail rayon Gənclər Birliyinin şurası və idarə heyətinin yeni tərkibinin ilk iclası keçirildi
17.04.2019Aprelin 17-də YAP Səbail rayon Gənclər Birliyinin şurası və idarə heyətinin yeni seçilmiş tərkibinin ilk iclası keçirildi.
Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyevin iştirak etdiyi iclasda təşkilati məsələlərə baxıldı, şura və idarə heyəti üzvləri arasında işbölgüsü müəyyənləşdirildi və rayon Gənclər Birliyinin qarşısında duran vəzifələr və əsas fəaliyyət istiqamətləri haqqında fikir mübadiləsi aparıldı.
Prof. Şəmsəddin Hacıyev Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasəti, Azərbaycan dövlətinin, Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin gənclərə göstərdiyi yüksək diqqət və qayğı, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin uğurlarından danışaraq 2019-cu ilin fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında ölkə başçısının gənclər qarşısındakı proqram xarakterli nitqində yaxın dövrdə gənclər üçün müəyyənləşdirdiyi vəzifələr haqqında ətraflı məlumat verdi.
Qeyd olundu ki, bu istiqamətlərdə fəal işlərin görüldüyü Səbail rayonunda təmsil olunan YAP-çı gənclər ölkəmizin ictimai-siyasi həyatında daima xüsusi fəallıqları ilə seçilməli və partiya rəhbərimizin Azərbaycan gəncləri qarşısında qoyduğu vəzifələrin icrası istiqamətində səmərəli və yaradıcı işləri ilə fərqlənməlidirlər. Millət vəkili YAP Səbail rayonu Gənclər Birliyi üzvlərinə aşağıdakı əsas strateji istiqamətlər üzrə fəaliyyət göstərməyi tövsiyə etdi:
- Ölkəmizdə uğurla davam etdirilən Ulu Öndər Heydər Əliyev və İlham Əliyev siyasətinin ölkə daxilində və xaricində ən fəal təbliğatçıları olmaq;
- Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın haqlı mövqeyi ilə bağlı xüsusilə xarici sosial şəbəkələrdə aparılan dezinformasiyalara qarşı mübarizə aparmaq və bu istiqamətdəki fəaliyyəti YAP Gənclər Birliyi ilə koordinasiyalı şəkildə təşkil etmək;
- Ölkəmizdəki ictimai-siyasi sabitliyi pozmaq məqsədilə sosial şəbəkələrdə anti-milli ünsürlər tərəfindən tirajlanan çirkin kampaniyalara layiqli cavablar vermək;
- Seçkiqabağı təbliğat-təşviqat işlərində yaxından iştirak etmək, seçki öncəsi seçicilər, xüsusilə ilk dəfə səs verən gənclərlə görüşlər keçirmək;
- Maraqlı ictimai-mədəni tədbirlər, görüşlər, cəbhə bölgələrinə səfərlər təşkil etmək;
- Yeni Azərbaycan Partiyasının əməkdaşlıq etdiyi xarici ölkə partiyalarının gəncləri ilə əlaqələr yaratmaq və qarşılıqlı səfərlər təşkil etmək;
- Mətbuatda mütəmadi olaraq məqalələr nəşr etdirmək, müxtəlif mövzularda elmi-praktiki konfranslar, seminarlar, “dəyirmi masalar”, sosial şəbəkədə debatlar təşkil etmək;
- Yerli və beynəlxalq gənclər təşkilatlarının qrant layihəsi müsabiqələrində yaxından iştirak etmək;
- Səbail rayonunda yaşayan və xüsusi sosial qayğıya ehtiyacı olan aztəminatlı ailələr, tənha qocalar, əlillər, yataq xəstələri ilə bağlı müxtəlif səpkili sosial aksiyalar həyata keçirmək;
- Rayon sakinləri ilə daha çox görüşlər keçirərək əhaliyə maksimum diqqət və qayğı ilə yaxınlaşmaq;
- Könüllülər hərəkatına qoşulmaq;
- Ekoloji tarazlığın qorunması və Səbail rayonunda ekoloji vəziyyətin daha da yaxşılaşdırılması işinə töhfə vermək məqsədilə İDEA İctimai Birliyinin müxtəlif səpkili ətraf mühiti mühafizə layihələrində və kampaniyalarında yaxından iştirak etmək, ağacəkmə aksiyaları və iməciliklər təşkil etmək, sahibsiz heyvanlara qayğı göstərmək və s.
Gənclər tərəfindən irəli sürüləcək bütün yaradıcı və real praktik əhəmiyyətli təşəbbüslərin partiya təşkilatı tərəfindən dəstəklənəcəyini bildirən Ş.Hacıyev gənclərə qarşıda duran məsul işlərində uğurlar arzuladı.
Çıxış edən YAP Səbail rayonu Gənclər Birliyinin sədri Ayxan Həsənov və birliyin idarə heyətinin üzvləri Lamiyyə Hacıyeva, Fuad Heydərli, Əhməd Ağababayev, Yadigar Nağıyev, Gəray Zeynallı və YAP Gənclər Birliyi Ofisinin koordinatoru Elmar Məmmədov Səbail rayonu gənclərinin gələcək fəaliyyət istiqamətləri haqqında təkliflərini bildirdilər.
Geniş fikir mübadiləsindən sonra iclasda təşkilati məsələlərə baxıldı və ümumi səsvermə nəticəsində Lamiyyə Hacıyeva, Elmar Məmmədov, Vüsal Əliyev, Vüsal Əhmədov, Aysel Nəsibova və Fuad Heydərli yekdilliklə YAP Səbail rayonu Gənclər Birliyi sədrinin müavinləri seçildilər.
İclas işçi qaydada şura və idarə heyəti üzvləri arasında işbölgüsü müzakirələrindən sonra yekunlaşdı.