Milli Məclisin deputatları Səbail rayonu 49 nömrəli “İntellekt” məktəb-liseyində oldular

Bu gün Yeni Azərbaycan Partiyasının təşəbbüsü və YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə Milli Məclisin deputatları Şəmsəddin Hacıyev, Aydın MirzəzadəHikmət Məmmədov Səbail rayonunun ən qədim məktəblərindən biri olan 49 nömrəli “İntellekt” məktəb-liseyin qonağı oldular.

Əsası 1929-cu ildə qoyulan bu məktəb Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq 2012-ci ildə möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı nəticəsində əsaslı və müasir tələblərə uyğun təmir olunaraq yenidən qurulmuşdur. Qonaqların ilk diqqətini çəkən məktəbin gözoxşayan interyeri, arxitekturası və xarici görünüşü, daxili təmizliyi, məktəbdə yaradılmış səliqə-sahman, zövqlə bəzədilmiş stendlər, eləcə də müəllim və şagirdlərin nizam-intizamı oldu.

Deputatlar sinif otaqlarını gəzərək dərs prosesi ilə tanış oldular, ibtidai, orta və yuxarı sinif şagirdləri ilə fikir mübadiləsi apardılar, məktəbdə ümumi tədris mühiti, müəllim-şagird münasibətləri və mənəvi-psixoloji vəziyyətlə maraqlandılar, məktəbdə psixoloji dəstək xidmətinin səviyyəsi və təşkil metodları ilə bağlı şagirdlərin fikirlərini öyrəndilər və müvafiq tövsiyələrini bildirdilər.

İbtidai sinif şagirdlərinin millət vəkillərini böyük ruh yüksəkliyi ilə qarşılaması, Azərbaycan Respublikası, milli ədəbiyyatımız, tariximiz və mədəniyyətimiz haqqında verilən suallara yüksək vətənpərvərlik ruhunda dolğun cavablar vermələri qonaqlarda məmnunluq hissi yaratdı. İbtidai təhsilin məktəbdə xüsusi korpusda təşkili millət vəkilləri tərəfindən çox təqdirəlayiq hal olaraq qiymətləndirildi.

Orta və yuxarı sinif şagirdləri ilə görüşdə məktəbdə dərs prosesinin təşkili, mövcud müəllim-şagird-valideyn münasibətləri, təhsil sahəsində həyata keçirilən islahatlar, şagirdlərin bu yeniliklərə münasibəti müzakirə olundu. Məktəblilər qonaqların ümumi dünyagörüşü ilə bağlı suallarına qənaətbəxş cavab verməklə yanaşı, məktəbdə ümumi tədris, təhsil, mənəvi-psixoloji mühitlə bağlı razılıqlarını bildirdilər.

Millət vəkilləri məktəbin direktor müavinləri, psixoloqu və bir qrup müəllimləri ilə görüşdülər, şagirdlərlə aparılan psixoloji təlimin səviyyəsi, məktəblilərin ümumi mənəvi-psixoloji vəziyyəti, şagirdlərə göstərilən psixoloji dəstəyin forma və metodları, valideynlərlə görülən işlər və s. ilə maraqlandılar. Şagirdlər üçün yaradılmış ümumi psixoloji mühiti qənaətbəxş hesab edilməklə yanaşı, deputatlar psixoloji xidmətin səviyyəsinin yüksəldilməsi, daha da təkmilləşdirilməsi və bu istiqamətdə qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə məktəbin direktoru və psixoloquna öz təklif və tövsiyələrini bildirdilər.

Qonaqlar məktəbdə keçirilən görüşün nəticəsi olaraq, yaradılan tədris şəraitindən, şagirdlərin hazırlıq səviyyəsindən, eləcə də müəllim-şagird münasibətlərindən məmnunluq ifadə etdilər və məktəbdən xoş təəssüratlarla ayrıldılar.