YAP Səbail rayon təşkilatı nəzdində Könüllülər Birliyi fəaliyyətə başladı

Aprelin 19-da YAP Səbail rayon təşkilatı nəzdində yeni təsis olunmuş Könüllülər Birliyinin təqdimat mərasimi keçirildi.

Tədbirdə Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, YAP Səbail rayon Gənclər Birliyinin sədri Ayxan Həsənov və rayonun ali təhsil müəssisələrini təmsil edən tələbə-gənclər iştirak etdilər.

Çıxış edən prof. Şəmsəddin Hacıyev ölkəmizdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaranan könüllülər hərəkatının özünü tamamilə doğrultmasından və könüllü gənclərin respublikamızın ictimai-siyasi həyatındakı rolundan danışdı. Son illər Azərbaycanın bir çox beynəlxalq siyasi, mədəni, sosial, idman tədbirlərinə uğurla evsahibliyi etdiyini vurğulayan deputat minlərlə gəncimizin bu tədbirlərdə yaxından iştirak edərək təkrarolunmaz təcrübə qazanmasını və Azərbaycandakı könüllülər hərəkatının artıq milli brendə çevrilməsini xüsusi qeyd etdi.

YAP Səbail rayon Gənclər Birliyinin İdarə Heyətinin üzvü Yadigar Nağıyev tərəfindən Səbail rayonu hüdudları çərçivəsində könüllü fəaliyyətinin təşkili ilə bağlı irəli sürülmüş xoşməramlı təşəbbüsü partiya rəhbərliyi tərəfindən dəstəkləndiyini bildirən Ş.Hacıyev YAP könüllülərinin xüsusi birliyinin yaradılmasının məhz Səbail rayonundan başlanmasını partiya işinin təşkilində siyasi, humanitar və mədəni-kütləvi əhəmiyyətə malik yenilik kimi dəyərləndirdi. Millət vəkili könüllü gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq onlara ilk növbədə vətənpərvər və dövlətə sadiq olmağı, geniş maarifləndirmə, humanitar, mədəni-kütləvi tədbirlər təşkil etməyi, informasiya-kommunikasiya vasitələrindən səmərəli istifadə edərək ölkəmizə və müstəqil dövlətçilik siyasətimizə qarşı yerli və xarici sosial şəbəkələrdə aparılan dezinformasiyalarla koordinasiyalı şəkildə mübarizə aparmağı, eləcə də müxtəlif yerli və beynəlxalq gənclər təşkilatlarının qrant layihəsi müsabiqələrində yaxından iştirak edərək təqdirəlayiq işlər görməyi tövsiyə etdi.

Sonra YAP Səbail rayon Könüllülər Birliyinin rəhbəri Yadigar Nağıyev Birliyin nəzərdə tutulmuş fəaliyyət planı və görüləcək işlər haqqında təqdimatla çıxış etdi. Qeyd olundu ki, könüllülər Səbail rayonu sakinlərinə, gənclərə, qadınlara humanitar və sosial dəstəyin gücləndirilməsi, müxtəlif mövzularda təlimlərin və yarışların təşkili ilə rayonda təhsil alan şagird və tələbələrin nəzəri və praktiki bacarıqlarının inkişafı, sosial mediada dövlətçiliyimizə, dövlət başçısına qarşı aparılan dezinformasiyanın qarşısının alınması və bu mənbələrlə mübarizə, siyasi savadlı tələbələrin yetişdirilməsi və onların Vətənə, dövlətə xidmətə istiqamətləndirilməsi, siyasi mədəniyyətin geniş kütlələrə aşılanması, YAP Səbail rayon təşkilatında gənclərin fəaliyyətinin təbliği, eləcə də rayonun ekoloji mühitinin daha da yaxşılaşdırılması istiqamətlərində fəaliyyət göstərəcək və rayonda maksimum fəallığın təmini məqsədilə müxtəlif səpkili layihələrlə çıxış edəcəklər. Təqdimatda Birliyin əsas funksiyaları haqqında ətraflı məlumatlar verildi, iştirakçıların sualları cavablandırıldı.

Tələbə-gənclərin marağına səbəb olan təqdimatdan sonra gənclərin fəal iştirakı ilə müzakirələr aparıldı.

Çıxış edən YAP Səbail rayon Gənclər Birliyinin sədri Ayxan Həsənov respublikamızda könüllülər hərəkatının önəmini vurğulayaraq, Səbail rayonunun YAP-çı gənclərinin bu təşəbbüsünü ürəkdən dəstəklədiklərini bildirdi və Birliyin fəaliyyətinə uğurlar arzuladı. Gənclərin ictimai-siyasi, mədəni-kütləvi fəaliyyətə daha aktiv cəlb olunmasının əhəmiyyətinə diqqət çəkən A.Həsənov partiya təşkilatının Gənclər Birliyinin qarşısında duran strateji vəzifələr və bu istiqamətdə görüləcək işlər haqqında məlumat verərək könüllü gəncləri sıx əməkdaşlığa çağırdı.

Könüllülər Birliyinin humanitar-sosial işlər üzrə koordinatoru Rəşad İmanov Yeni Azərbaycan Partiyasında gənclərə göstərilən yüksək diqqət və qayğıdan danışaraq könüllülərin bu birlik çərçivəsindəki səmərəli fəaliyyəti nəticəsində rayon ərazisində ideoloji-maarifləndirici təbliğatın daha da güclənəcəyinə dair əminliyini ifadə etdi, gəncləri bu könüllülər hərəkatına qoşulmağa dəvət etdi.

YAP Səbail rayon təşkilatının baş məsləhətçisi Bəyim Nəbiyeva Ulu Öndər Heydər Əliyev ideyalarına və İlham Əliyev siyasətinə sədaqətlə xidmət edərək Azərbaycanın dövlət müstəqilliyini qorumaq və daha da möhkəmləndirmək, şanlı üçrəngli bayrağımızı daim ucalarda dalğalandırmaq, milli tariximizi, mədəniyyətimizi ən yüksək beynəlxalq tribunlarda təmsil etmək üçün Azərbaycan gənclərinin, o cümlədən Bakının mərkəzi rayonlarından biri olan Səbail rayonunu təmsil edən YAP-çı gənclərin vəzifə və öhdəlikləri barədə danışdı. Könüllü gənclərə bu amallar uğrunda YAP Gənclər Birliyi ilə birlikdə yorulmadan və var gücləri ilə çalışmağı tövsiyə edən B.Nəbiyeva Birliyin fəaliyyətinə uğurlar arzuladı.

Çıxış edən Yadigar Nağıyev göstərilən etimad və dəstəyə görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə təşəkkür etdi və Birliyin üzvləri adından verilən tövsiyələr istiqamətində yorulmadan və məqsədyönlü şəkildə çalışacaqlarını bildirdi.