YAP Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü qeyd edildi
24.04.2019Bu gün, YAP Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirildi.
Tədbirdə Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, YAP Siyasi Şurasının üzvü, millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru prof. Hadi Rəcəbli, həkim-oftalmoloq, şair prof. Paşa Qəlbinur, Respublika YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü, Nəsimi rayonu Ağbirçəklər Şurasının sədri, “Modern inkişaf və ailə cəmiyyəti” İctimai Birliyinin sədri, Koreya Şərq Təbabəti Klinikasının Baş həkimi Zərifə Quliyeva, eləcə də rayon ictimaiyyətinin nümayəndələri, səhiyyə və təhsil müəssisələrinin əməkdaşları, rayon partiya təşkilatının İdarə Heyətinin və Qadınlar Şurasının üzvləri, gənclər, tələbələr və çoxsaylı qonaqlar iştirak etdilər.
İlk öncə, Azərbaycan tibb elmində özünəməxsus yeri olan görkəmli alim Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev müasir Azərbaycan dövlətçiliyinin qurucusu, görkəmli dövlət xadimi və şəxsiyyət Ulu Öndər Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı, yüksək mənəvi-insani keyfiyyətləri özündə ehtiva edən, tibb elmində fundamental tədqiqatları ilə yeni elmi cığırlar açan ziyalı-alim və həyatı boyu ətrafındakı insanlar üçün yalnız xeyirxah işlər görən, əsl Azərbaycan xanımı nümunəsi olan Zərifə xanım Əliyevanın özünəməxsus taleyi, zəngin, şərəfli, fərqli, eyni zamanda çətin həyat yolu haqqında danışdı. Millət vəkili bildirdi ki, Zərifə xanımın böyüklüyü həyatının bütün mənalı dövrünü dövlət işinə sərf edən və ailəsinə çox vaxt ayırmaq imkanı olmayan Heydər Əliyevə daim etibarlı dayaq, arxa olmasında, gözəl ailə münasibətlərini qoruyub saxlamaq və övladların tərbiyəsi ilə məşğul olmaq kimi məsuliyyətli vəzifələrin öhdəsindən məharətlə gəlməsində, Heydər Əliyev kimi nadir dühanı sözün əsl mənasında xoşbəxt etməsində, oftalmologiya kimi incə, zərif və böyük diqqət tələb edən tibb sahəsində əbədiyaşar izlər qoymasında, eyni zamanda vətənpərvər, nəcib, təvazökar, yüksək mədəniyyətli, savadlı, ailəcanlı və xeyirxah ziyalı-alim xanım kimi tələbələrinin, həmkarlarının, xəstələrinin, dost-tanışlarının və bütün Azərbaycan xalqının yaddaşında unudulmaz izlər qoymasında ifadə olunur. Deputat vurğuladı ki, Zərifə xanım gözəl, qayğıkeş, mehriban ana, dəyanətli həyat yoldaşı və fəaliyyət göstərdiyi bütün sahələrdə gördüyü işlər, etdiyi fədakarlıqlarla Azərbaycan qadınları, qızları üçün böyük müsbət nümunədir və bu xeyirxah qadının həm həyat yoldaşı, həm alim-ziyalı, həm də ictimai-siyasi xadim kimi qısa ömrünə sığışmayan böyük işləri daim yaşayacaq və nəsildən-nəsilə ötürüləcəkdir.
Zərifə xanım Əliyevanın şərəfli və zəngin həyat yolu haqqında onun tələbəsi və həmkarı kimi ətraflı və geniş məlumat verən həkim-oftalmoloq, şair prof. Paşa Qəlbinur diqqətə çatdırdı ki, Zərifə xanım Əliyeva oftalmologiya sahəsinin ən aktual problemləri ilə məşğul olub. O, görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrində insan gözünə fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparıb. Akademik Zərifə Əliyevanın elmi fəaliyyətinin böyük hissəsi Moskva ilə bağlı olub və burada böyük elmi uğurlar əldə edib. Qeyd olundu ki, gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki kəşflərinə görə Zərifə xanım SSRİ Tibb Elmləri Akademiyasının akademiki Averbax adına yüksək mükafata layiq görülən ilk qadın alim idi. Zərifə xanım savadlı tədqiqatçı-alim olmaqla yanaşı çoxşaxəli istedada malik idi, gözəl musiqi qabiliyyəti, yumor hissi, yüksək mərhəmət duyğuları olmaqla yanaşı, Allah ona güclü vətənpərvərlik hissləri, mərdlik, cəsarət bəxş etmişdi. P.Qəlbinur əminliyini ifadə etdi ki, Azərbaycan xalqı Zərifə xanımın əziz xatirəsi əbədi olaraq yaşadacaqdır.
YAP Siyasi Şurasının üzvü, millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru prof. Hadi Rəcəbli Zərifə xanım Əliyeva haqqında həm alim-tədqiqatçı atasının yolunu layiqli şəkildə davam etdirən alim-ziyalı övlad, həm özünü ailəsinə, ömürlük məhəbbətinə, övladlarına həsr edən sədaqətli və mərd həyat yoldaşı, eyni zamanda Azərbaycanın xilaskarı olan bir Prezidentin həyat yoldaşı və Ulu Öndər Heydər Əliyevin yadigarı olub müasir dövrdə dünyasəviyyəli Lider olan möhtərəm Prezidentimiz İlham Əliyevin yetişməsində böyük rolu olan qayğıkeş ana kimi bəhs etdi. Zərifə xanım haqqında unudulmaz xatirələrini tədbir iştirakçıları ilə paylaşan komitə sədri bu nəcib Azərbaycan xanımına qəni-qəni rəhmət dilədi və arzu etdi ki, Azərbaycanda Zərifə xanım-Heydər Əliyevin ailəsi kimi bir-birinə dərin məhəbbətlə bağlı olan və gözəl övladlar yetişdirən örnək ailələr çox olsun.
Respublika YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü, Nəsimi rayonu Ağbirçəklər Şurasının sədri, “Modern inkişaf və ailə cəmiyyəti” İctimai Birliyinin sədri, Koreya Şərq Təbabəti Klinikasının Baş həkimi Zərifə Quliyeva qeyd etdi ki, hələ sağlığında Zərifə xanım Əliyevanı tanıyanlar, böyük alimlər onun haqqında gözəl, mehriban, qayğıkeş, ləyaqətli və mərd xanım kimi bəhs edirdilər. Z.Quliyeva bildirdi ki, ədəbiyyatda nəcibliyi, zərifliyi, mərhəməti ifadə edən ən gözəl sözləri Zərifə xanım haqqında söyləmək mümkündür. Zərifə Əliyevanın fundamental tədqiqatları bu gün də bütün oftolmaloq alimlərin stolüstü kitablarıdır. Həmkarları arasında Zərifə xanıma yüksək hörmət qazandıan faha bir məqam bundan ibarətdir ki, bu nəcib alim-tədqiqatçı həkim-xəstə münasibətlərində ilk dəfə olaraq etik davranışlar haqqında kitab yazmışdı, çünki novator tədqiqatçı olan Zərifə xanım xəstəliklərin müalicəsində tibbin gücü olduğu qədər həkim-xəstə münasibətlərində mənəvi dəstəyin təsirinə diqqət çəkməklə bu istiqamətdə tamamilə yeni elmi-tədqiqat cığırı açmışdır. Z.Quliyeva xüsusi vurğuladı ki, Allahın qisməti olaraq ailə quran və ömürboyu bir-birlərini tamamlayan iki nadir şəxsiyyət – Zərifə xanım və Heydər Əliyevin Azərbaycan xalqı və müstəqil dövlətçiliyi üçün gördükləri misilsiz xidmətlər əbədi olaraq xalqımızın ruhunda və şüurunda yaşayacaqdır.
Çıxış edən AMEA-nın Qadınlar Şurasının sədri, Əməkdar elm xadimi prof. Rəna Mirzəzadə hər bir xəstənin ağrısını öz ağrısı kimi hiss edən nadir həkimlərdən olan Zərifə xanımı həm həyat yoldaşı, həm ana, həm alim-tədqiqatçı, həm də ictimai xadim kimi geniş xarakterizə edərək qeyd etdi ki, bu nadir şəxsiyyət böyük olduğu qədər də sadə və təvazökar idi. R.Mirzəzadə vurğuladı ki, Zərifə xanıma xas olan bütün xarakterik xüsusiyyətlər bu gün ölkə başçısı cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın və Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyevanın çoxşaxəli fəaliyyətlərində və gördükləri genişmiqyaslı işlərdə yaşayır.
YAP Səbail rayon “Sünbül” (AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu) ərazi ilk partiya təşkilatının üzvü Ulduzə Qurbanova Zərifə xanım Əliyevanın unikal xanım, böyük ürəyi olan nəcib və həssas qadın, Heydər Əliyevi dərin məhəbbətlə sevən sədaqətli həyat yoldaşı, qayğıkeş ana, yüksək savadlı həkim-pedaqoq və əsl ziyalı insan kimi gənclərimiz üçün böyük nümunə olduğunu bildirdi. Qeyd olundu ki, Zərifə xanımın mənalı ömür yolu hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim olundu.
Tədbirin videoyazısı
SəsTV