YAP Səbail rayon təşkilatının gənc fəalları növbəti humanitar-sosial aksiyalarını Cocuq Mərcanlıda həyata keçirdilər

27 aprel 2019-cu il tarixində Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının əsasən gənc fəallardan ibarət nümayəndə heyəti növbəti dəfə Cocuq Mərcanlı kəndinə səfər etdilər.

Humanitar-sosial aksiya çərçivəsində reallaşdırılan səfərdə YAP Səbail rayon təşkilatının sədr müavini Mehman İsmayılov, rayon partiya təşkilatı Gənclər Birliyinin üzvləri, gənc fəallar, tələbələr və könüllülər iştirak etdilər.

İlk öncə, respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsi ehtiramla yad olundu, Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsi ziyarət edildi.

Gənc fəallar Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinə gələrək burada kənd sakinləri, məktəblilərlə görüşdülər. Qonaqları böyük ruh yüksəkliyi və sevinclə qarşılayan məktəblilər vətənpərvərlik mövzusunda çoxlu şerlər səsləndirdilər. Səfər iştirakçıları məktəbin sinif otaqları, fənn kabinetləri, kitabxana və məktəblilər üçün yaradılmış şəraitlə tanış oldular. Səbail rayonu adından kənd uşaqlarına 100 dəst geyim, məktəb ləvazimatları, oyuncaqlar, bədii kitablar və dərsliklər hədiyyə edildi.

Sonra Səbailli gənclər Cocuq Mərcanlıda məktəb həyətində, Qurtuluş parkında və kənd ərazisində 100 ədəd şam ağacı əkdilər, məktəblilərlə oyunlar oynadılar, birlikdə mahnılar oxudular.

YAP gəncləri kəndi gəzərək burada Məscid, İqtisadiyyat Nazirliyinin həyata keçirdiyi layihələr çərçivəsində kənddə yeni açılmış müəssisələr, istixanalar, “Qayıdış parkı” istirahət kompleksi, parkda uşaqlar üçün yaradılmış oyun meydançası ilə tanış oldular.

Səfər xoş təəssüratlar və unudulmaz xatirələrlə yadda qaldı.

YAP Səbail rayon təşkilatı bundan sonra da cəbhə bölgələrinə və sərhəd ərazilərindəki kəndlərə mütəmadi səfərlər təşkil etməyə və Vətənin keşiyində duran əsgərlərimiz, səngərboyu kəndlərdə yaşayan əhali ilə həmrəyliyini nümayiş etdirməyə davam edəcəkdir.

Tədbirin videoyazıları
AzTV
AzərTAC