Azərbaycan Xalça Muzeyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olundu

Mayın 1-də Azərbaycan Xalça Muzeyi və Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirildi.

Tədbirdə Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin nümayəndəsi, YAP Səbail rayon təşkilatının üzvləri, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri və şəhərimizin muzey ictimaiyyəti nümayəndələri iştirak etdilər.

Çıxış edən Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM (Beynəlxalq Muzeylər Şurası) Azərbaycan Milli Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova Ulu Öndər Heydər Əliyevin respublikamızın ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan mədəniyyətinin inkişafı sahəsində də həyata keçirdiyi irimiqyaslı işlər, bu gün ölkəmizdə xalçaçılıq sənətinin qorunub-yaşadılması və gələcək nəsillərə çatdırılması işində onun layiqli davamçıları – ölkə prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti haqqında məlumat verdi. Xüsusi vurğulandı ki, ölkəmizdə xalçaçılıq sənətinin dirçəlməsi, Azərbaycan mədəniyyətinin intibahı məhz Heydər Əliyevin diqqət və qayğısı sayəsində mümkün olmuşdur.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin şərəfli mübarizələrlə dolu zəngin həyat yolu, bu görkəmli dövlət xadimi və dahi şəxsiyyətin müstəqil Azərbaycan dövlətçiliyi və xalqı üçün göstərdiyi misilsiz, əvəzolunmaz xidmətlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Ümummilli Lider Heydər Əliyevi güclü siyasi iradə, qətiyyət, mərdlik, cəsarət və Vətənə bağlılıq hisslərinə sahib olan təkrarolunmaz xarizmatik şəxsiyyət, xalqı üçün qurtuluş yolunu açan görkəmli dövlət xadimi və zəngin dövlətçilik irsinə malik fenomenal rəhbər kimi xarakterizə edən deputat qeyd etdi ki, Heydər Əliyev Azərbaycan üçün ən taleyüklü dövrdə dövlət müstəqilliyini qorumaq, dağılmaq, parçalanmaq və sözün əsl mənasında məhv olmaq təhlükəsidə olan, dərin ictimai, siyasi, iqtisadi, hərbi böhran yaşayan, ərazisinin işğalı və bir milyona qədər vətəndaşın öz ölkəsində qaçqın və məcburi köçkünə çevrilməsi kimi bir çox problemlərlə və vətəndaş müharibəsi ilə üzləşən ölkəni düşdüyü bu ağır vəziyyətdən xilas etmək, onu inkişaf yoluna çıxarmaq üçün mümkün olan hər şeyi etdi və sözün geniş mənasında Azərbaycan xalqı və müstəqil dövlətçiliyimiz üçün böyük xilaskarlıq missiyasını yerinə yetirdi. Vurğulandı ki, memarlıq ixtisasını bitirən Heydər Əliyevin şah əsəri məhz memarı, qurucusu olduğu müasir Azərbaycan oldu. Mübaliğəsiz demək olar ki, leksikonumuzda dahi bir şəxsiyyəti ifadə etmək üçün mövcud olan bütün sözləri Heydər Əliyevə aid etmək olar. Danılmaz həqiqətdir ki, tarix boyu Azərbaycana zaman-zaman müdrik siyasətçilər, görkəmli şəxsiyyətlər, sərkərdələr və s. rəhbərlik etsələr də, istər Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə, istərsə də müstəqil Azərbaycana ikinci rəhbərliyi zamanı Heydər Əliyev qədər öz xalqı, öz dövrü üçün əvəzolunmaz xidmətlər göstərən ikinci rəhbər olmayıb. Ulu Öndərin Azərbaycana hər iki rəhbərliyi dövrünü paralel şəkildə müqayisə edən Ş.Hacıyev diqqətə çatdırdı ki, 1969-1982-ci illərdə ölkəyə rəhbərliyi dövründə 13 il ərzində Azərbaycanı geridə qalmış aqrar-xammal ölkəsindən, özünü tam təmin edən və 65 xarici ölkəyə 360 addan çox məhsul ixrac edən sənaye ölkəsinə çevirən Heydər Əliyev, 1993-cü ildə xalqın təkidli tələbi ilə rəhbərliyə qayıtdıqdan sonra qısa müddət ərzində ölkəmizi düçar olduğu son dərəcə ağır vəziyyətdən xilas etdi, trasformasiya proseslərinə və əsaslı siyasi iqtisadi, sosial, mədəni və hərbi islahatlara başladı, “Əsrin Müqaviləsi”ni imzaladı, ölkəmizin yeni Konstitusiyanı qəbul etdi, bir sözlə Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxladı, ağır tənəzzül içində olan ölkəni inkişaf və tərəqqi yoluna çıxardı. Hakimiyyətinin hər iki dövründə bu çətin vəzifələrin öhdəsindən gəlmək üçün bir rəhbər həqiqətən dahi olmalı idi.

1993-2003-cü illərdə Heydər Əliyevin ölkənin ictimai-siyasi həyatının bütün sahələrini əhatə edən misilsiz xidmətləri haqqında geniş məlumat verən deputat xüsusi qeyd etdi ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısında daha bir tarixi missiyası öz sağlığında özü qədər inandığı siyasi varisini müəyyənləşdirməsi və Azərbaycanın taleyini möhtərəm Prezidentimiz İlham Əliyevə etibar etməsi oldu. Tarix göstərdi ki, Heydər Əliyev bu qərarında da yanılmadı. Azərbaycan xalqı və Yeni Azərbaycan Partiyası ölkə başçısı ətrafında sıx birləşərək, ötən 16 il ərzində sözün əsl mənasında xaruqələr yaratdı. İlham Əliyevin düşünülmüş, cəsarətli və müstəqil siyasəti nəticəsində Azərbaycan Heydər Əliyevin əbədiyaşar müdrik kəlamında dediyi kimi dünyaya bir günəş kimi parladı. 2003-cü ildən etibarən İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində əhalinin sosial-iqtisadi rifahı ildən-ilə yüksəlir, Azərbaycan beynəlxalq iqtisadi münasibətlərdə artıq özünü etibarlı strateji tərəfdaş kimi təsdiq edib, ölkəmiz nəhəng transregional layihələr həyata keçirir. Azərbaycan özünün dinamik inkişaf yolunda sürətlə irəli addımlamağa davam edir, ölkəmiz beynəlxalq hesabatlarda və reytinq cədvəllərində bir çox sosial-iqtisadi göstəricilərə görə ilk sıralardadır, Azərbaycanın malik olduğu təbii sərvətlər, geoiqtisadi mövqeyi və insan kapitalı artıq ölkəmizin rəqabət üstünlüyünə çevrilib. Yaxın gələcəkdə Azərbaycan inkişaf etmiş ölkələr səviyyəsinə çatacaqdır. Bu yolda hər kəsi əzmlə, səbrlə, dəyanətlə çalışmağa və möhtərəm Prezidentimizin ətrafında sıx birləşməyə dəvət edən Ş.Hacıyev Ulu Öndər Heydər Əliyevə Allahdan qəni-qəni rəhmət dilədi və xüsusi vurğuladı ki, bu gün Azərbaycan deyəndə Heydər Əliyev və Heydər Əliyev deyəndə Azərbaycan yada düşür. Heydər Əliyev dünyada Azərbaycanın simvoludur və nə qədər ki, Azərbaycan var və Azərbaycan xalqı yaşayır, Heydər Əliyevin əbədiyaşar ideyaları və siyasəti davam edəcək, Azərbaycanın bu görkəmli dövlət xadiminin əvəzolunmaz irsi hamımız və gələcək nəsillər üçün örnək olacaqdır.

Sonra tədbir bədii hissə ilə davam etdi. Bədii hissədə Ulu Öndər Heydər Əliyevin sevdiyi mahnılar Əməkdar artist Şahin İsmayılov və Rövşən Qəhrəmanov tərəfindən ifa olundu.

Qonaqlar həmçinin 1985-ci ildə Azərbaycan Xalq rəssamı Kamil Əliyevin yaratdığı Heydər Əliyevə həsr olunmuş gözəl portret xalça ilə tanış oldular. Bu əsərdə liderlik keyfiyyətlərinə və yüksək xarizmaya sahib olan böyük şəxsiyyət Heydər Əliyevin təkrarsız obrazı təsvir olunmuşdur.