Azərbaycan Dövlət Pedaqoji Universitetində “Heydər Əliyev və Azərbaycanda intellektual potensialın davamlı inkişafı” respublika elmi konfransı keçirildi
03.05.2019Mayın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Səbail Rayon İcra Hakimiyyətinin və YAP Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda intellektual potensialın davamlı inkişafı” respublika elmi konfransı keçirildi.
Konfransda Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru prof. Cəfər Cəfərov, universitetin professor-müəllim heyəti və rayon ictimaiyyəti nümayəndələri iştirak etdilər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Sonra Ulu Öndər Heydər Əliyevin və ölkə başçısı cənab İlham Əliyevin elm və təhsilə göstərdiyi diqqət və qayğıya həsr olunan videoçarx nümayiş olundu.
Konfransı giriş sözü ilə açan Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru prof. Cəfər Cəfərov bildirdi ki, mayın 10-da müasir Azərbaycanın qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü tamam olur. Bu münasibətilə ölkəmizdə və bir çox xarici ölkələrdə müxtəlif tədbirlər keçirilir. Bu gün keçirilən “Heydər Əliyev və Azərbaycanda intellektual potensialın davamlı inkişafı” respublika elmi konfransı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunub.
Rektor qeyd etdi ki, xalqımızın müdrik oğlu Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illər Azərbaycan təhsilinin intibah dövrü kimi səciyyələndirilir. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə rəhbər seçilməsinə qədər texniki peşə məktəblərində cəmi 20 min gənc təhsil alırdı. Heydər Əliyev ölkəyə rəhbər seçildikdən sonra isə onların sayı 90 minə çatdı, bütün rayonlarda texniki-peşə məktəbləri yaradıldı. 1969-1982-ci illərdə 1 milyon 500 min uşağın 1 milyon 100 mini yeni tikilmiş məktəblərdə təhsil almağa başladı. Həmin dövrdə məktəbəqədər tərbiyə müəssisələrinin sayı 1600-dən 1875-ə çatmışdı. Təkcə 1969-1982-ci illərdə Azərbaycanın şəhər, kənd və qəsəbələrində 700-ə qədər yeni məktəb binası tikilib istifadəyə verilmişdi. Heydər Əliyevin şəxsi təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda 1970-1982-ci illərdə 5 yeni ali təhsil müəssisəsi yaradılmış, ali məktəb tələbələrinin sayı isə 70 mindən 100 min nəfərə çatdırılmışdı. Heydər Əliyev istedadlı azərbaycanlı gənclərin keçmiş SSRİ-nin qabaqcıl və nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına da xüsusi diqqət yetirirdi. Ötən əsrin 80-ci illərinin əvvəllərində hər il 1000-1400 nəfər azərbaycanlı gənc respublikamızdan kənarda ali təhsil almağa göndərilirdi. Halbuki, 1969-cu il üçün həmin rəqəm cəmisi 47 idi. Məhz Ulu Öndərin şəxsi təşəbbüsü ilə 1970-1980-ci illərdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gənc ali təhsil almışdır. Heydər Əliyev həmin uzaqgörən siyasəti azərbaycanlı hərbi mütəxəssislərin yetişdirilməsi sahəsində də həyata keçirirdi. Təkcə 1982-ci ildə keçmiş Sovetlər Birliyinin ali hərbi məktəblərinə 550 nəfər azərbaycanlı gənc qəbul edilmişdi. Cəmşid Naxıçvanski adına Hərbi Liseyin, eləcə də ADPU-da İbtidai hərbi hazırlıq və fiziki təlim fakültəsinin yaradılması da Heydər Əliyevin vətənpərvər fəaliyyəti ilə bağlıdır.
Vurğulandı ki, qüdrətli siyasi xadim Heydər Əliyev respublikamızda yenidən hakimiyyətə qayıtdıqdan sonra təhsil müəssisələrinin normal fəaliyyət göstərməsi və təhsilin milli tərəqqimizin əsas amilinə çevrilməsi üçün ölkəmizdə geniş islahatlar proqramı işlənib hazırlandı. Heydər Əliyev müəllim peşəsini yüksək qiymətləndirərək demişdir: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”. Ulu Öndərimizin bu fikri fəaliyyətimizin leytmotivini təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində təhsil müəssisələri yeniləşir, inkişaf edir. Müasir dövrdə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması çox vacibdir. Bu baxımdan, bizim üzərimizə böyük məsuliyyət düşür. Müəllim hazırlığı ölkəmizin milli təhlükəsizliyi məsələsidir. Biz Azərbaycan məktəblərini yüksək səviyyəli pedaqoji kadrlarla təmin etmək üçün əzmlə, fədakarlıqla çalışmalı, bu istiqamətdə bütün səylərimizi gücləndirməliyik.
Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev Azərbaycanın böyük oğlu, müstəqil müasir Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin xalqımız və müstəqil dövlətçiliyimiz qarşısında böyük tarixi xidmətləri, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizin qazandığı böyük uğurlar, əldə olunan sürətli inkişaf haqqında konkret faktlar, rəqəmlər əsasında ətraflı məlumat verdi. Zaman ötdükcə Heydər Əliyev dühasının həyata keçirdiyi çoxşaxəli və genişmiqyaslı işlərin əzəmətinin daha qabarıq və aydın nəzərə çarpdığını xüsusi vurğulayan millət vəkili bildirdi ki, Heydər Əliyevin hər iki hakimiyyəti dövründə həyata keçirdiyi və cəmiyyət həyatının bütün sahələrində müsbət dəyişikliklərə, ciddi keyfiyyət dəyişikliklərinə səbəb olan nəhəng işlər bir insan ömrünə sığmayacaq qədər misilsiz və bənzərsizdir. Deputat qeyd etdi ki, Azərbaycana hakimiyyəti dövrü geniş bir epoxanı əhatə edən Heydər Əliyev müəyyən fasilələrlə ümumilikdə 24 il bilavasitə ölkəmizə rəhbərlik etmişdir. Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və xalqı üçün göstərdiyi xidmətlər1944-cü ilin mayında dövlət təhlükəsizliyi orqanlarında işə götürüldüyü dövrdən başlamışdır və bu şərəfli işlər bu gün də davam edir.
Tükənməyən xəzinə olan Heydər Əliyevin şərəfli həyat yolunun, zəngin dövlətçilik irsinin gənclərimiz tərəfindən öyrənilməsinin son dərəcə vacib və əhəmiyyətli olduğuna diqqət çəkən Ş.Hacıyev, Heydər Əliyevin ilk müsəlman, türk mənşəli azərbaycanlı olaraq Sovet İmperiyası kimi fövqəldövlətdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin olunmasını və 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsini Azərbaycan xalqının dövlətçilik tarixində çox böyük hadisə kimi qiymətləndirdi. Vurğulandı ki, Heydər Əliyev bu məsul vəzifələrə yalnız və yalnız özünün fitri istedadı və şəxsi keyfiyyətləri – intellekti, savadı, bacarığı, cəsarəti, möhkəm iradəsi, zəhmətsevərliyi ilə nail olmuşdu. 1969-cu ildə bütün sosial-iqtisadi göstəricilərə görə ümumittifaq məkanında geridə qalan, aqrar-xammal respublikası olan və cəmiyyət həyatında əlverişsiz münasibətlər sisteminin qərarlaşdığı, neqativ proseslərin baş alıb getdiyi Azərbaycan SSR, məhz Heydər Əliyevin rəhbərliyi ilə 13 il ərzində sürətlə inkişaf edən və ictimai-siyasi həyatının bütün sahələrində inqilabi dəyişikliklərin və nəticələrin əldə edildiyi sənaye ölkəsinə çevrildi. Dahi rəhbər istər ölkəmizə birinci hakimiyyəti dövründə, istərsə 1982-ci ildən sonra Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı illərdə, istərsə də 1987-ci ildən sonra istefada olduğu dövrdə daima Azərbaycan xalqının qayğıları ilə yaşamış, ölkədəki sosial-iqtisadi proseslərlə ciddi maraqlanmış və bu prosesləri düzgün istiqamətə yönəltməyə çalışmışdır.
Millət vəkili diqqətə çatdırdı ki, 1982-ci ildə Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunması və 5 il müddətində Moskvada Sovet İttifaqı kimi bir imperiyanı idarə edənlərdən biri olaraq bu nəhəng dövlətin ən strateji əhəmiyyətli sahələrinə rəhbərlik etməsi Azərbaycanın dövlətçilik tarixində çox böyük və şərəfli hadisə idi.
Çıxışına davam edən Ş.Hacıyev 1991-ci ildə müstəqilliyini bərpa edən respublikamızda gedən ağır və ziddiyyətli ictimai-siyasi prosesləri, eləcə də 1991-ci ilin oktyabrından 1993-cü ilin iyununa kimi müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən biabırçı və rüsvayçı dövrünün sosial-iqtisadi, siyasi nəticələrini geniş təhlil edərək bildirdi ki, Heydər Əliyev 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra Azərbaycan xalqı üçün məhz ən ağrılı və taleyüklü məqamda xilaskarlıq missiyasını yerinə yetirdi, parçalanmaq və məhv olmaq təhlükəsi ilə üzləşən Azərbaycanın müstəqilliyini qorudu və Azərbaycanı düçar olduğu böhran və tənəzzüldən tərəqqi yoluna çıxararaq müasir Azərbaycanın taleyini müəyyənləşdirmiş oldu. Deputat vurğuladı ki, Heydər Əliyev sonradan “Azərbaycanın Uğur Modeli” adlandırılan özünəməxsus iqtisadi inkişaf modelinin yaradıcısıdır, məhz bu iqtisadi model və 1993-2003-cü illərdə cəmiyyət həyatının bütün sahələrini əhatə edən əsaslı islahatlar, bu siyasətin Heydər Əliyevin layiqli siyasi davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi Azərbaycanın bugünkü dinamik inkişafını, ölkəmizin dünyada öz layiqli siyasi və iqtisadi mövqeyini müəyyənləşdirməsini təmin etmişdir. Məhz Heydər Əliyev yolu, İlham Əliyev siyasəti nəticəsində bu gün Azərbaycan sözün əsl mənasında dünyaya günəş kimi parlayır. Dahi Heydər Əliyev irsinin bu gün də yaşadığını, davam etdiyini və Azərbaycana yeni uğurlar qazandırdığını bildirən Ş.Hacıyev əminliyini ifadə etdi ki, Heydər Əliyevin qurub-yaratdığı müasir Azərbaycanı İlham Əliyevin rəhbərliyi altında gələcəkdə daha möhtəşəm uğurlar və böyük qələbələr gözləyir.
Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev çıxışında qeyd etdi ki, biz bu gün həyatımızın bütün sahələrində Heydər Əliyevin gərgin əməyini, böyük xidmətlərini görürük. Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider idi. Heydər Əliyev həmişə xalqına, millətinə ləyaqətlə, fədakarlıqla xidmət göstərib. Heydər Əliyevin bütün dövrlərdə düşünülmüş siyasəti, cəsarətli qərarları dövlətimizi, xalqımızı qorumuşdur. Dövlət başçımız cənab İlham Əliyevin Heydər Əliyevin dövlətçilik strategiyasını uğurla davam etdirməsi nəticəsində ölkəmiz sürətlə inkişaf edir və beynəlxalq siyasi nüfuzunu, iqtisadi qüdrətini ildən-ilə artırır.
Konfransda Elm və innovasiyalar üzrə prorektor prof. Asəf Zamanov “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda, Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının müdiri prof. Nizami Xudiyev “Azərbaycan dilinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda məruzələrlə çıxış etdilər. Geniş və maraqlı məruzələrdə Heydər Əliyevin elmin, təhsilin inkişafındakı əvəzsiz rolundan, eləcə də Azərbaycan dilinin qorunmasında və təbliğində göstərdiyi böyük xidmətlərdən danışıldı.
ADPU-nun rektorunun müşaviri, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü prof. Vilayət Əliyev, YAP Səbail rayon “Pedaqoqlar” ərazi ilk təşkilatının sədri prof. Himalay Qasımov, Ümumi tarix kafedrasının müdiri, AMEA-nın müxbir üzvü prof. Vəli Əliyev çıxış edərək Heydər Əliyevin böyük tarixi xidmətləri ilə bağlı öz fikirlərini bölüşdülər.