Azərbaycan Respublikası Hesablama Palatasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş yığıncaq keçirildi
06.05.2019Mayın 6-da Azərbaycan Respublikası Hesablama Palatası və YAP Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə yığıncaq keçirildi.
Yığıncaqda Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Palatanın əməkdaşları, rayon partiya təşkilatının İdarə Heyətinin üzvləri və gənc YAP-çılar iştirak etdilər.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qurumun yaradılmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək bildirdi ki, xalqımız və müstəqil dövlətçiliyimiz qarşısında müstəsna xidmətləri olan, XX əsrin sayılıb-seçilən dövlət xadimləri arasında öz dühası ilə özünəməxsus iz qoyan, yorulmaz fəaliyyəti və zəngin həyat yolu ilə yaddaşlarda əbədiyyət qazanmış Ümummilli Liderin əziz xatirəsi daima Azərbaycan xalqı tərəfindən yüksək ehtiramla yad edilir.
Sonra müasir müstəqil Azərbaycanın qurucusu olan Ulu Öndərin həyatı və siyasi dövlətçilik fəaliyyətinə həsr olunmuş film nümayiş olundu.
Çıxış edən Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev ömrünü xalqımızın, dövlətimizin tərəqqisinə həsr edən Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi, şərəfli mübarizələrlə keçən həyat yolu, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə çoxşaxəli fəaliyyəti, müasir Azərbaycanın yaxın siyasi tarixinin ən taleyüklü məqamlarında həyata keçirdiyi xilaskarlıq missiyası, müstəqil dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsində misilsiz xidmətləri haqqında yığıncaq iştirakçılarına ətraflı məlumat verdi. Ulu Öndər haqqında çoxsaylı kitabların, elmi məqalələrin yazıldığını, filmlər çəkildiyini qeyd edən deputat bildirdi ki, buna baxmayaraq Heydər Əliyev haqqında hər dəfə araşdırma apardıqca bu və ya digər yeni məqamlar, açılmamış səhifələr üzə çıxır. Bu dahi rəhbərin və təkrarolunmaz Şəxsiyyətin ömür səhifələrini vərəqlədikcə sözün əsl mənasında heyran qalırsan ki, bu qədər nəhəng və əzəmətli işlər necə bir insan ömürünə sığa bilər. Millət vəkili vurğuladı ki, taleyinə doğma Azərbaycanımıza uzun müddət şərəflə rəhbərlik etmək, SSRİ kimi nəhəng imperiyanı idarə edən on nəfərdən biri olmaq, idarəetmə olimpinin zirvəsinə ucalmaq, doğma xalqı və müstəqil Azərbaycan üçün ən taleyüklü məqamlarda böyük xilaskarlıq missiyasını və ölçüyəgəlməz nəhəng işləri şərəflə yerinə yetirmək yazılan Heydər Əliyev sözün əsl mənasında tarixin gedişini dəyişə bilən, yeni tarix yaradan, hadisələrin gedişatını əvvəlcədən müəyyən etmək və onun inkişafını dəyişdirmək, yaxud yeni istiqamətlərə yönəltmək qabiliyyətində olan, fitri istedada və boyük siyasi iradəyə malik qüdrətli bir dövlət xadimi və Lider idi. Qeyd olundu ki, Allah tərəfindən xilaskarlıq missiyası üçün seçilən Heydər Əliyevə güclü siyasi iradə, siyasi mədəniyyət, mərdlik, cəsarət, fenomenal intellekt və yaddaş, bütün sahələrdə ensiklopedik bilik sahibi olmaq kimi yüksək şəxsi keyfiyyətlər bəxş olunmuşdur. Vurğulandı ki, həyatı şərəfli vəzifələr və missiyalarla zəngin olduğu qədər çətin mübarizələrlə keçən Heydər Əliyevi ömürboyu izləyən qısqanclıqların, şər və böhtanların, sui-qəsdlərin heç biri Onu doğma xalqından, millətindən və dövlətimizin taleyüklü məsələlərindən ayıra bilmədi.
Çıxışının davamında Ş.Hacıyev Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərliyi dövrünün iqtisadi aspektlərini geniş təhlil etdi. Xüsusi qeyd olundu ki, 1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndə Azərbaycan müttəfiq respublikaları arasında sosial-iqtisadi inkişaf göstəricilərinə və əhalinin rifah səviyyəsinə görə ən geridə qalan üç respublikadan biri və SSRİ xalq təsərrüfatının aqrar-xammal əlavəsi idi. Heydər Əliyevin düzgün, düşünülmüş və uzaqgörən siyasəti, məharətli idarəçiliyi və şəxsi istedadı sayəsində cəmi 13 il ərzində Azərbaycan ümumittifaq miqyasında sosial-iqtisadi göstəricilərə görə ilk mövqelərə yüksəldi, ölkəmizdə əksəriyyəti ittifaq əhəmiyyətli olan zavodlar, fabriklər tikildi, kənd təsərrüfatı sektoru tamamilə yenidən quruldu, SSRİ Nazirlər Soveti və Kommunist Partiyası Siyasi Bürosunda Azərbaycanla bağlı ciddi qərarlar qəbul olundu. Millət vəkili diqqətə çatdırdı ki, Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərliyi dövründə gördüyü işlərə indi xronoloji ardıcıllıqla nəzər yetirdikdə əmin olursan ki, bu dahi Şəxsiyyət hələ o dövrdə Azərbaycanın gələcək müstəqilliyini düşünürdü. Məhz 1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycan üçün yaratdığı sosial-iqtisadi baza, platforma müstəqil Azərbaycanın müasir tərəqqisi üçün mühüm rol oynadı. Qeyd olundu ki, ölkəmizdə Sovet dövründə formalaşdırılmış bu təməl olmasaydı Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etdikdən sonra sürətli inkişafa nail ola bilməzdi.
Heydər Əliyevin siyasi fəaliyyətinin 1982-1987, 1988-1990, 1991-1993-cü illəri əhatə edən dövrləri ətraflı şərh edən deputat müstəqilliyin ilk illərində Azərbaycanda səriştəsiz rəhbərlərin bacarıqsızlığı nəticəsində yaranmış ağır şəraitin, ictimai-siyasi həyatın bütün sahələrini əhatə edən dərin böhranın, yüksək inflyasiya, yoxsulluq və işsizlik səviyyəsinin, ölkəni bürüyən və parçalanmaq ərəfəsinə gətirən vətəndaş müharibəsinin, ərazilərimizin işğalının və 1 milyon vətəndaşımızın qaçqın vəziyyətinə düşməsinin səbəblərini təhlil etdi. Ş.Hacıyev ölkənin bu ağır vəziyyətində 91 nəfər Azərbaycan ziyalısının xalqın adından Heydər Əliyevə tarixi müraciəti, Heydər Əliyevin Bakıya dəvət olunması və Yeni Azərbaycan Partiyasının yaranmasının obyektiv və zəruri şərtlərini diqqətə çatdıraraq bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyev cəmi 7 ay sonra iqtidara gəldi və Azərbaycanı parçalananmaq, yox olmaq təhlükəsindən xilas etdi, itirilmək ərəfəsində olan dövlət müstəqilliyini qorudu və müasir Azərbaycanın müstəqilliyini əbədi etdi. Heydər Əliyevə cəmi iki il lazım oldu ki, ölkəni tamamilə tənəzzüldən qurtuluş və intibah yoluna çıxartsın, bazar iqtisadiyyatı üçün zəruri bütün institutları və infrastruktur sahələrini formalaşdırsın, özəlləşdirmə, mülkiyyət, ədalətli vergi və bölgü sistemi, qanunvericilik bazası, əlverişli investisiya və sahibkarlıq mühiti yaratsın. Millət vəkili vurğuladı ki, Ulu Öndər böyük uzaqgörənliklə cəmiyyət həyatının bütün sosial-iqtisadi sahələrində kompleks, sistemli islahatlar həyata keçirdi, bu irimiqyaslı və çətin işlər üçün zəruri maliyyə vəsaitlərini təmin etdi və son dərəcədə mürəkkəb şəraitdə Azərbaycanın əlverişli coğrafi mövqeyini və təbii sərvətlərini ölkə üçün inkişaf və rəqabət faktoruna çevirməyə nail oldu. Dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin Müqaviləsi”nin imzalamasını Azərbaycanın iqtisadi inkişafının dönüş nöqtəsi və Heydər Əliyev siyasətinin təntənəsi adlandıran deputat Heydər Əliyevin adı ilə bağlı olan müstəqil ölkəmizin yeni Konstitusiyasının qəbulunu və Əsas Qanunda iqtisadi sistemin sosialyönümlü bazar iqtisadiyyatı olmasının hüquqi cəhətdən təsbit olunmasını Ulu Öndərin daha bir tarixi xidməti olaraq qiymətləndirdi.
Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı ən böyük tarixi missiyalarından birinin də sağlığında öz layiqli siyasi davamçısını müəyyənləşdirməsi olduğunu xüsusi qeyd edən deputat bildirdi ki, 2003-cü ildən başlayaraq müstəqil Azərbaycan sözün əsl mənasında möhtəşəm inkişaf və tərəqqi dövrünə qədəm qoymuşdur. Ş.Hacıyev vurğuladı ki, bu gün də Azərbaycanda Heydər Əliyev siyasəti, fəlsəfəsi yaşayır, dövrün, zamanın, yeni minilliyin tələblərinə müvafiq şəkildə təkmilləşdirilir və uğurla davam etdirilir. Ulu Öndər tərəfindən azərbaycançılıq məfkurəsi əsasında Azərbaycanın ümummilli ideyası, ölkəmizin inkişaf strategiyası və strateji hədəfləri formalaşdırılmışdır. Heydər Əliyevin əbədiyaşar ideyalarının, İlham Əliyevin düşünülmüş, cəsarətli və Azərbaycan xalqının milli maraqlarına xidmət edən siyasətinin son məqsədi güclü və müstəqil iqtisadiyyatı olan qüdrətli Azərbaycan qurmaq, əhalinin yüksək rifahını təmin edən və dünyanın inkişaf etmiş ölkələri sırasında olan ölkə yaratmaqdır. Deputat qeyd etdi ki, bu strateji məqsədlərə nail olunmasına xidmət edən və konkret dövrlərə hesablanmış hədəflərə mütəmadi olaraq müvafiq dəyişikliklər edilməlidir. Məhz bu faktorlar Azərbaycana ötən 16 il ərzində böyük uğurlar qazandıran İlham Əliyev siyasətinin kreativliyini göstərir. İlham Əliyev üçün Azərbaycan xalqının mənafelərindən daha üstün olan heç nə yoxdur. Biz fəxr edirik ki, Azərbaycanın Ümummilli Liderinin siyasətini uğurla və yeni əsaslarla davam etdirən, ümumxalq məhəbbətini qazanmış İlham Əliyev kimi Liderimiz var. Əminik ki, İlham Əliyevin rəhbərliyi altında Azərbaycanımız Ulu Öndərin qarşımıza qoyduğu bütün strateji məqsədlərə nail olacaq, ən əsası isə ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsi də Azərbaycan xalqının Böyük Qələbəsi ilə sona çatacaqdır.
Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli həyat yolunun və genişmiqyaslı, çoxşaxəli fəaliyyətinin gələcək nəsillər üçün də böyük örnək olduğunu vurğulayan Ş.Hacıyev Heydər Əliyevin tükənməz irsinin ildən-ilə tədqiq olunmasının və daha dərindən öyrənilməsinin zəruriliyinə diqqət çəkdi. Millət vəkili Ulu Öndər irsinin öyrənilməsi, ölkə daxilində və xaricində geniş təbliği istiqamətində bu il 15 illik yubileyini qeyd edən Heydər Əliyev Fondunun böyük əməyini xüsusi qeyd edərək, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva başda olmaqla Fondun bütün əməkdaşlarını Azərbaycanın milli dəyərlərini yaşadan, layiqincə təbliğ edən, təhsil, mədəniyyət, səhiyyə, tarix, ədəbiyyat, incəsənət sahələrində misilsiz işlər görən bu qurumun şanlı 15 illik yubileyi münasibətilə ürəkdən təbrik etdi, Fondun gələcək fəaliyyətinə uğurlar arzuladı.
Sonra Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunan Hesablama Palatasının əməkdaşlarına partiya vəsiqələri təqdim edildi.