Səbail rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olundu
07.05.2019Mayın 7-də Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində müasir Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirildi.
Tədbirdə Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, rayon ictimaiyyəti nümayəndələri, ziyalılar, idarə və müəssisələrin əməkdaşları, tələbələr, gənclər, məktəblilər iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov bildirdi ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünü qeyd etdiyimiz bugünlərdə Azərbaycan xalqı bir daha Ulu Öndərin əziz xatirəsinə öz hörmət və ehtiramını bildirir. Ulu Öndər Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir. Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olmuşdur.
Çıxış edən Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev qeyd etdi ki, bu il Azərbaycan xalqının Ümummilli Lideri, dahi siyasətçi, görkəmli dövlət xadimi, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin anadan olmasının 96-cı, dünyasını dəyişməsinin isə 16-cı ildönümü tamam olur. Millət vəkili bildirdi ki, zaman ötdükcə Heydər Əliyev dühasının təkrarolunmazlığı, Azərbaycan xalqı və dövlətçiliyi üçün gördüyü əzəmətli və ölçüyəgəlməz işlərin miqyası daha aydın, daha qabarıq nəzərə çarpır. Azərbaycana rəhbərliyinin hər iki dövründə dövlətçilik həyatına son dərəcə mürəkkəb şəraitdə başlayan Heydər Əliyev bütün çətinlikləri şərəflə aradan qaldırmaqla yanaşı, bir rəhbər kimi Azərbaycan xalqı üçün öz dövründə böyük missiyalar yerinə yetirmiş, Azərbaycanın və ümumiyyətlə, türk-müsəlman dünyasının qədim dövlətçilik tarixinin rəhbərləri sırasında özünəməxsus yer tutmuşdur. Vurğulandı ki, Heydər Əliyev nəinki Azərbaycan Respublikasında yaşayan 10 milyonluq və ya dünyada yaşayan 50 milyonluq Azərbaycan xalqının, eləcə də bütün Türk dünyasının gəlmiş-keçmiş ən böyük Ulu Öndərlərindən biridir.
Dahi Heydər Əliyev Şəxsiyyətinin fitri və bənzərsiz keyfiyyətlərini təhlil edən Ş.Hacıyev diqqətə çatdırdı ki, yalnız Heydər Əliyev kimi güclü iradəsi, yüksək şəxsi istedadı, idarəçilik məharəti və mədəniyyəti ilə fərqlənən, eyni zamanda xalqına, millətinə, milli dövlətçiliyinə bu qədər bağlı olan düha, cəmiyyətdaxili münasibətləri dərindən bilən filosof və dahi siyasətçi adi bir insan ömrünə sığışmayan bu qədər misilsiz işlərin və şərəfli vəzifələrin öhdəsindən gələ bilərdi. Heydər Əliyev fenomenal intellekti ilə hər bir sahənin dərin bilicisi idi. Məhz bu müstəsna keyfiyyətləri sayəsində Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda hakimiyyətə gəldikdən sonra tarixən çox qısa bir müddətdə dağılan, parçlanan və məhv olmaq təhlükəsi ilə üzləşən müasir Azərbaycanı düçar olduğu bu ağır vəziyyətdən və bəlalardan dahiyanə müdrikliklə xilas etdi və onun əsl memarı və qurucusu oldu. Vurğulandı ki, ixtisasca memar və tarixçi olan Heydər Əliyev eyni zamanda tarix yaradan, tarixin gedişini dəyişə bilən nadir Şəxsiyyətlərdən olmuşdur. Bu faktı heç kim inkar edə bilməz ki, müasir müstəqil Azərbaycan dövlətçiliyinin tarixi birmənallı şəkildə Heydər Əliyevin adı ilə bağlıdır. Heç bir rəhbər özünü xalqın Lideri elan etmir, xalq özü Liderini seçir və onun ətrafında sıx birləşir. Bu gün dünyada 210-dan çox dövlət və ölkə başçısı olsa da, xalqının lideri kimi qəbul olunan ölkə rəhbərlərinin sayı olduqca azdır. Heydər Əliyev isə öz xalqının Ümummilli Lideri səviyyəsinə yüksələn və Ulu Öndər statusunu alan nadir və təkrarolunmaz dövlət xadimidir. Azərbaycan xalqının da xoşbəxtliyi bundadır ki, Allah xalqımıza Heydər Əliyevi məhz ən həlledici tarixi məqamda xilaskarlıq missiyasını yerinə yetirmək üçün bəxş etmişdir.
Çıxışının davamında Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikamızda əldə olunan inqilabi keyfiyyət dəyişiklikləri, yüksələn sosial-iqtisadi göstəricilər, eləcə də Heydər Əliyevin 1982-1987-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən Sovet İmperiyası kimi fövqəldövlətdə rəhbərlik etdiyi mühüm strateji sahələrdə gördüyü misilsiz işlər haqqında konkret rəqəmlər və göstəricilər əsasında dəqiq məlumatlar verən Ş.Hacıyev bildirdi ki, Heydər Əliyevin Azərbaycan xalqı üçün ən böyük xidmətləri məhz müstəqillik dövrünə təsadüf edir. Ulu Öndər xalqın təkidli tələbi ilə 1993-cü ilin 15 iyununda yenidən hakimiyyətə qayıtdıqda Azərbaycan dərin sosial, iqtisadi, siyasi, mədəni və hərbi böhran içərisində idi. Heydər Əliyevə cəmi iki lazım oldu ki, ölkəni tənəzzül və böhran vəziyyətindən qurtuluş yoluna çıxartsın, Azərbaycanı qardaş qırğınından xilas etsin və respublikada ictimai-siyasi sabitliyi bərpa etsin. Heydər Əliyev şəxsiyyətinin siyasi təntənəsi olan “Əsrin Müqaviləsi”nin imzalanması Azərbaycanın bugünkü müstəqil iqtisadi inkişafı üçün əsaslı platforma yaratdı, ölkəmizdə post-sovet məkanında ilk dəfə torpaq islahatı keçirildi, bazar iqtisadiyyatının sərbəst fəaliyyəti üçün bütün zəruri mülkiyyət, özəlləşdirmə, ədalətli bölgü və vergi institutları və infrastrukturu, qanunvericilik bazası formalaşdırıldı, cəmiyyətin bütün sahələrində əsaslı sosial-iqtisadi islahatlar həyata keçirildi. Beləliklə, ağır tənəzzül vəziyyətində rəhbərliyə gəldiyi ölkəni Heydər Əliyev cəmi 10 il ərzində inkişaf etməkdə olan ölkəyə çevirdi və onu özünün ən layiqli siyasi davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevə etibar etdi. 2003-cü ildən ötən 16 il ərzində ölkə başçısı İlham Əliyevin düzgün, düşünülmüş, cəsarətli siyasəti nəticəsində Azərbaycan nəhəng uğurlara imza atdı, dinamik inkişaf edən, dünyada siyasi və iqtisadi cəhətdən öz yeri olan, transmilli layihələr həyata keçirən söz sahibi ölkəyə çevrildi.
Deputat diqqətə çatdırdı ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin hədsiz zəngin irsi, Heydər Əliyev ideyaları, siyasəti bu gün də yaşayır və Azərbaycan xalqına xidmət etməkdə davam edir. Vurğulandı ki, bu gün Azərbaycanda müşahidə olunan ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın yeni keyfiyyət mərhələsində uğurla reallaşdırılması və davam etdirilməsi ilə bağlıdır. Əbədiyaşar Ulu Öndərin zəngin irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılmasında Heydər Əliyev Fondunun müstəsna rolunu xüsusi qeyd edən Ş.Hacıyev Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva başda olmaqla Fondun bütün əməkdaşlarını Fondun bu il qeyd olunan 15 illik yubileyi münasibətilə ürəkdən təbrik etdi və Heydər Əliyevin çoxşaxəli zəngin dövlətçilik irsinin və milli-mənəvi dəyərlərimizin öyrənilməsi, qorunması və təbliği istiqamətində gördükləri çox əhəmiyyətli və əzəmətli işlərdə Fondun kollektivinə uğurlar arzuladı.
Sonra müasir Azərbaycanın qurucusu olan unudulmaz Lider Heydər Əliyev və Zərifə xanım Əliyevanın həyat yolundan bəhs edən “Əsl məhəbbət haqqında” filmi nümayiş etdirildi.