Səbail rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir və “Müstəqil Azərbaycan dövlətinin qurucusu” adlı kitabın təqdimatı keçirildi

10 may 2019-cu il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində YAP Səbail rayon təşkilatı və Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı HEYDƏR ƏLİYEVİN anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir və Yeni Azərbaycan Partiyasının dəstəyi ilə YAP Səbail rayon təşkilatı və Səbail rayon İcra Hakimiyyətinin birgə hazırladığı “Müstəqil Azərbaycan dövlətinin qurucusu” adlı kitabın təqdimatı keçirildi.

Tədbirdə Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili prof. Hadi Rəcəbli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, millət vəkili Əli Hüseynli, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev, Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov, YAP Siyasi Şurasının üzvü, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı dos. Aydın Mirzəzadə, Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva, Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov, Milli Məclisin deputatları Kamilə Əliyeva, Elman Nəsirov, Eldəniz Səlimov, Azər Badamov, Cavid Osmanov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti prof. Firəngiz Əlizadə, Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev, “Səs” Media Qrupun rəhbəri Bəhruz Quliyev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti prof. Azər Paşa Nemətov, Azərbaycan Milli Kitabxanasının direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi prof. Kərim Tahirov, Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM (Beynəlxalq Muzeylər Şurası) Azərbaycan Milli Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, Xalq artisti Hacı İsmayılov, həmçinin dövlət və hökumət rəsmiləri, elm, təhsil, incəsənət və din xadimləri, ağsaqqallar, ziyalılar, gənclər, veteranlar və rayon ictimaiyyəti nümayəndələri iştirak etdilər.

İlk öncə qonaqlar muzeyin foyesində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən foto sərgi ilə tanış oldular.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan, bu gün təqdimatı keçirilən “Müstəqil Azərbaycan dövlətinin qurucusu” kitabının elmi redaktoru prof. Şəmsəddin Hacıyev qonaqları səmimi qəlbdən salamladı və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Bakı şəhərinin ən gözəl mədəniyyət və incəsənət məkanlarından biri olan Milli İncəsənət Muzeyinin tarixi salonunda keçirilən bugünkü tədbirdə və sözügedən kitabın təqdimat mərasimində iştirak edən Milli Məclisin deputatlarına, dövlət və hökümət rəsmilərinə, elm, mədəniyyət, incəsənət nümayəndələrinə təşəkkür və minnətdarlığını bildirdi. Deputat “Müstəqil Azərbaycan dövlətinin qurucusu” kitabının məzmunu və əhəmiyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verərək bildirdi ki, geniş oxucu auditoriyası üçün nəzərdə tutulan bu kitab Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 və Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyləri münasibətilə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və Səbail rayon İcra Hakimiyyətinın birgə təşkilatçılığı ilə keçirilən elmi-praktiki konfransların və “dəyirmi masa”ların materialları əsasında hazırlanmışdır. Təqdim olunan kitabın Ulu Öndər Heydər Əliyevin ən ali amallara xidmət edən şərəfli, eyni zamanda çətin və bənzərsiz həyat yolu və zəngin dövlətçilik irsinin, eləcə də müstəqilliyimizin ilk illərindən etibarən bu günümüzə qədər respublikamızın ictimai-siyasi həyatında baş verən bütün proseslərdə xüsusi yeri və rolu olan Yeni Azərbaycan Partiyasının zəfərlər xronologiyasının öyrənilməsi üçün politoloqlar, tarixçilər, analitiklər, gənc siyasətçilər və tələbələr üçün böyük töhfə olacağına dair əminliyini ifadə edən Ş.Hacıyev vurğuladı ki, Ümummilli Liderimizin həyat yolu, göstərdiyi əvəzolunmaz xidmətlər Vətəninə, xalqına, dövlətinə bağlı olan hər bir azərbaycanlı üçün, bütövlükdə dövlətçilik tariximiz üçün böyük örnəkdir. Bu dahi şəxsiyyətin, görkəmli dövlət xadiminin və dünyamiqyaslı nəhəng siyasətçinin zəngin irsini dərindən araşdırmaq, onun təkrarolunmaz dövlətçilik təcrübəsindən bəhrələnmək və gənc nəsillərimizi bu ruhda tərbiyə etmək nəinki bu günümüz üçün, eləcə də gələcəyimiz üçün mühüm əhəmiyyət kəsb edir. “Müstəqil Azərbaycan dövlətinin qurucusu” kitabının əsas səciyyəvi xüsusiyyətlərindən danışan millət vəkili diqqətə çatdırdı ki, kitabda 1967-2003-cü illəri əhatə edən Heydər Əliyev epoxası, Ulu Öndərin Azərbaycan xalqı və müstəqil dövlətçiliyi üçün göstərdiyi tarixi xidmətlər, yerinə yetirdiyi xilaskarlıq missiyası öz əksini tapmışdır. Kitabda Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi 1969-1982-ci illər, Moskvada yüksək vəzifələrə təyin olunduğu 1982-1987-ci illər, Naxçıvana rəhbərlik etdiyi 1990-1993-cü illər və ən əsası müasir müstəqil Azərbaycan üçün əvəzolunmaz xidmətlər göstərdiyi 1993-2003-cü illər dövrlər üzrə faktlar və müvafiq mənbələrə istinadən şərh olunmuş, müəllif fikirləri bildirilmişdir. Deputat xüsusi qeyd etdi ki, Heydər Əliyevin Azərbaycana istər birinci, istərsə də ikinci rəhbərliyi dövrünə aid olan və mətbuatda nisbətən az işıqlandırılmış məsələlərə kitabda daha geniş yer verilmişdir. Eyni zamanda, müasir Azərbaycan dövlətçiliyinin ən çətin, mürəkkəb və ziddiyyətli dövründə yaranmış və Azərbaycan xalqının taleyində əvəzolunmaz rol oynayan Yeni Azərbaycan Partiyasının son 25 il ərzində keçdiyi şərəfli yol, aparılan çətin mübarizələr və qazanılmış qələbələr kitabda yer alan məqalələrdə geniş şəkildə təhlil olunmuşdur. 1992-ci ildə o dövrdəki səriştəsiz, rüsvayçı iqtidara müxalif partiya kimi yaranan Yeni Azərbaycan Partiyasının cəmi yeddi aydan sonra sivil və demokratik mübarizə yolu ilə hakimiyyətə gəlməsi Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindəndir. YAP Azərbaycan cəmiyyətinə sivil siyasi mədəniyyət, siyasi mübarizə nümunəsi və demokratiya gətirmişdir. Vurğulandı ki, müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin müstəqillik dövründəki fəaliyyəti geniş mənada Yeni Azərbaycan Partiyası ilə bağlı olmuşdur. Məhz bu səbəblə, kitabda Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli irsi Yeni Azərbaycan Partiyasının inkişaf mərhələləri ilə paralel və sinxron şəklində əks olunmuşdur.

Çıxış edən Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Azərbaycan xalqının böyük oğlu Heydər Əlirza oğlu Əliyevin həm Azərbaycanda, həm bütün dünyada böyük hörmət və ehtiramla anıldığı 10 may tarixinin müstəqil Azərbaycan dövlətçiliyinin ən şərəfli günlərindən biri olduğunu qeyd etdi. F.Heydərov diqqətə çatdırdı ki, Heydər Əliyevə İlahinin hikməti olaraq ömrünü müqəddəs bir amala, xalqına, dövlətinə xidmət etmək və müstəqil Azərbaycan dövlətinin qurucusu olmaq missiyası bəxş olunmuşdu. Bildirildi ki, ən yüksək insani keyfiyyətləri və məharətli idarəçilik bacarıqlarını özündə ehtiva edən Ulu Öndər hələ 1969-cu ildə Azərbaycan SSR rəhbərliyinə təyin olunduqda Azərbaycanın müasir müstəqilliyinin təməlləri qoyulmağa başladı. Heydər Əliyev SSRİ məkanında Azərbaycanı ən yüksək səviyyədə təmsil edən və sözün əsl mənasında Azərbaycan xalqını dünyaya tanıdan böyük azərbaycanlı oldu. Xalqımız üçün ən mürəkkəb və taleyüklü məsələlərin həll olunduğu dövlərdə daima Azərbaycanın yanında olan Ümummilli Lider Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvana rəhbərliyi zamanı Naxçıvan əhalisini işğaldan və aclıqdan xilas etdi. Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli istəyinə cavab verərək dərin böhran vəziyyətində olan Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsi və sonraki proseslər haqqında geniş danışan F.Heydərov xüsusi qeyd etdi ki, Heydər Əliyev 1993-2003-cü illərdə Azərbaycanın müstəqil dövlətçiliyinin möhkəm təməllərini formalaşdırdı, əsasını qoyduğu müstəqillik yolunu və siyasi kursunu özü qədər inandığı övladı, möhtərəm Prezidentimiz İlham Əliyevə həvalə etdi. Məhz bu seçim Ulu Öndərin Azərbaycan xalqı və dövlətçiliyi üçün daha bir böyük xidməti oldu. Ölkə başçısı cənab İlham Əliyevin 2003-cü ildən etibarən gördüyü misilsiz işlər bu yüksək etimadı artıqlaması ilə doğrultduğunu sübut edir. Bu gün Azərbaycan bütün dünyada tanınır, problemli ölkələr cəmiyyətdə sülhün, əmin-amanlığın, inkişafın, dinc yaşayışın, insana qayğının və hörmətin nümunəsini Azərbaycandan götürür. Səbail rayonunda Ulu Öndərin zəngin irsinə həsr olunan bu ənənəvi kitabın ərsəyə gəlməsini növbəti uğurlu addım kimi dəyərələndirən Fəttah Heydərov vurğuladı ki, Heydər Əliyev əbədi olaraq bizimlədir və Onun işıqlı xatirəsi, Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz xidmətləri həmişə yaşayacaqdır.

Tədbir iştirakçılarını YAP İcra Katibliyi və partiyanın İdarə Heyəti adından salamlayan YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakı şəhərinin ən gözəl incəsənət və arxitektura mərkəzlərindən birində Səbail rayon İcra Hakimiyyəti və YAP Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən bu tədbiri yüksək qiymətləndirdi. Ulu Öndər Heydər Əliyevin müstəqil dövlət quruculuğu istiqamətində həyata keçirdiyi siyasəti əks etdirən məqalələr toplusunun YAP Səbail rayon təşkilatının təşəbbüsü ilə kitab şəklində dərc olunmasının əhəmiyyətinə diqqət çəkən İcra katibinin müavini bu kitabın xüsusilə Ümummilli Lider haqqında oxuduqları kitablardan, baxdıqları filmlərdən və bu səpkili tədbirlərdə Heydər Əliyevin müasirlərinin Onun haqqındakı çıxışlarından məlumat əldə edən gənc nəslin nümayəndələri üçün böyük töhfə olacağına dair əminliyini ifadə etdi. M.Qurbanlı bildirdi ki, dahi siyasi liderlərin həyatı təhlil olunduqda bu təkrarolunmaz dövlət xadimlərinin ayrı-ayrı situasiyalarda ölkənin daxili və xarici siyasəti ilə bağlı qəbul etdikləri qərarların, atdıqları addımların öyrənilməsi xüsusilə önəmlidir. Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövləti üçün müəyyənləşdirdiyi yol və siyasət əbədidir, Azərbaycan 100 il, 200 il sonra da Heydər Əliyevin əsasını qoyduğu ənənələr, müəyyən etdiyi inkişaf yolu və ideologiyası ilə irəli gedəcək və getməlidir. Hər bir siyasət, ideologiya zamanın dəyişən tələblərinə uyğun olaraq müəyyən keyfiyyət dəyişikliklərinə məruz qala bilər, lakin siyasi baxışın və ideyanın nüvəsi dəyişə bilməz. Çünki, hər bir ölkənin inkişafı müəyyən toxunulmaz ideyalar sistemi üzərində qurulur və bu sistemdə dəyişikliklər cəmiyyət və dövlət üçün mənfi nəticələrə səbəb ola bilər. Komitə sədri vurğuladı ki, Azərbaycanın inkişaf yolu Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət, iqtisadi inkişaf konsepsiyası və bütün dünya azərbaycanlılarının Azərbaycançılıq və varislik prinsipi ətrafında birləşməsində öz əksini tapır. Heydər Əliyev Azərbaycanda ilk dəfə hakimiyyətə təyin olunduğu 14 iyul 1969-cu il tarixinə qədər də dövlət təhlükəsizlik orqanlarında Azərbaycanın ictimai-siyasi həyatında çox əhəmiyyətli vəzifələr daşıyırdı. Sonrakı proseslər də göstərdi ki, Heydər Əliyev harada olmasından asılı olmayaraq, istər Moskvada, istər Azərbaycanda qəlbi, ruhu, əməli ilə hər zaman azərbaycançılıq naminə çalışıb. Müstəqillik dövründə Azərbaycanın iqtisadi inkişaf modelinin təməllərini yaratması, Ali qanun sənədi olan Konstitusiyada üç ideal mülkiyyət formasının müəyyənləşdirilməsi və sosialyönümlü dövlət quruculuğunun tam şəkildə öz əksini tapması Azərbaycanın müstəqilliyinin və cəmiyyətdə vətəndaş sülhünün dönməzliyini təmin etmişdir. Müasir Azərbaycanın qazandığı nailiyyətlər Ulu Öndər Heydər Əliyevin ruhunu daim şad edir. Heydər Əliyev yolunun Azərbaycan üçün əbədiliyini və dönməzliyini, bu yolun yolçularının Azərbaycana xidmət edən insanlar olduğunu xüsusi qeyd edən M.Qurbanlı bu yolda hər kəsə uğurlar arzuladı.

YAP Siyasi Şurasının üzvü, millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru prof. Hadi Rəcəbli 10 may tarixinin Yeni Azərbaycan Partiyası, bütün Azərbaycan xalqı üçün önəmli bir gün olduğunu qeyd edərək, Ulu Öndər Heydər Əliyevin istər Sovet dövründə, istərsə də müstəqil Azərbaycana rəhbərliyi dövründə nümayiş etdirdiyi Lider cəsarəti, dahi siyasətçi məharəti və Azərbaycan xalqı, müstəqil Azərbaycan dövlətçiliyi üçün bütün dövrlərdə göstərdiyi əzəmətli xidmətlər haqqında danışdı. Komitə sədri bildirdi ki, Heydər Əliyev SSRİ kimi fövqəldövlətin Dövlət Təhlükəsizlik Komitəsində rəhbər vəzifədə çalışan ilk azərbaycanlı, müsəlman-türk olub. O dövrdə rəhbər vəzifələrə qeyri-türk millətlərin nümayəndələrinin təyin olunması streotipini sındırmaq gənc Heydər Əliyevdən sözün əsl mənasında böyük liderlik cəsarəti tələb edirdi. Başqa bir nümunə – 5 avqust 1969-cu il tarixində SSRİ plenumunda Heydər Əliyevin məruzəsi o vaxtkı Sovetlər Birliyində, eləcə də SSRİ-dəki bütün prosesləri diqqətlə izləyən bir sıra xarici ölkə mətbuatında əsl hadisəyə çevrildi. Azərbaycan SSR-in rəhbəri Heydər Əliyevin məruzəsində daha çox çatışmazlıqlardan danışılırdı. Tarixi avqust plenumunun iştirakçıları və şahidləri söyləyirlər ki, bu bütün Sov.İKP-nin və SSRİ-nin tarixində yeganə tədbir idi ki, belə tənqidi ruhda keçirdi. Heydər Əliyevin eyni zamanda hər mənada bənzərsiz seçim ustadı olduğunu diqqətə çatdıran H.Rəcəbli Ulu Öndərin hələ Sovetlər dövründə kadr siyasəti, təhsilə, gənc nəslin maarifləndirilməsi və SSRİ-nin qabaqcıl universitetlərində təhsil almaları üçün misilsiz xidmətləri, o cümlədən o dövrdə Azərbaycanda formalaşdırılan kadrların müstəqillik dövründə cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi haqqında ətraflı məlumat verdi. Qeyd olundu ki, 1993-cü il 15 iyun tarixində Heydər Əliyev xalqın tələbi və istəyi ilə Azərbaycanda yenidən hakimiyyətə gəldi və xalqımızın taleyində əvəzolunmaz xidmətlərə imza atdı. Heydər Əliyev bütün sahələrdə ciddi problemlərin, dərin böhran və tənəzzülün müşahidə olunduğu Azərbaycanı dağılmaqdan xilas etdi, atəşkəsə nail oldu, cəmiyyətdə siyasi-sosial sabitlik yaratdı, ordu quruculuğuna başladı, iqtisadi inkişafımızın təməli olan tarixi “Əsrin Müqaviləsi”ni imzaladı, bir sözlə sosial sabitlik bazasında müasir sosial rifah dövləti olan Azərbaycanı qurdu. Bu möhkəm baza üzərində ötən 16 il ərzində möhtərəm Prezidentimiz İlham Əliyevin gördüyü misilsiz işlər haqqında geniş danışan komitə sədri bildirdi ki, İlham Əliyev siyasətinin başlıca xətti Azərbaycan vətəndaşının rifahının ildən-ilə yüksəlməsidir. Vurğulandı ki, bunun bariz nümunəsi son dövrdə sosial islahatlar sahəsində atılan addımlardır. 2 milyon manat vəsait tələb edən, 3 milyondan çox əhalinin və 22 sosial qrupun sosial rifahının yüksəldilməsinə xidmət edən islahatlar, eyni zamanda cəmiyyətdə özünüməşğulluğa xidmət edən sosial müdafiənin gücləndirməsi ideyasının inkişafı bir ölkə başçısından son dərəcə böyük uzaqgörənlik tələb edir. Bütün bu nailiyyətlərin Heydər Əliyev dühasının və onun layiqli siyasi davamçısı ölkə başçısı cənab İlham Əliyevin siyasi təntənəsi olduğunu diqqətə çatdıran H.Rəcəbli gənclərə Azərbaycanı parlaq gələcəyə aparan dahi Şəxsiyyət, böyük Lider Heydər Əliyevin siyasi xəttinə və İlham Əliyev siyasətinə sədaqətlə xidmət etməyi tövsiyə etdi.

Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövləti quruculuğundakı yeri və rolunun təhlil olunduğu və bu gün təqdimatı keçirilən “Müstəqil Azərbaycan dövlətinin qurucusu” kitabının əhəmiyyətindən danışan YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı, şair, tibb elmləri namizədi Musa Quliyev bildirdi ki, kitab hər şeydən öncə mənbədir, ötən dövrdə görülən işlərə qiymət vermək və bu işlər haqqında məlumatı gələcək nəsillərə çatdırmaq üçün əvəzolunmaz xəzinədir. Kitab həm də tarix və gələcəyə yadigardır. Bu gün təqdimatı keçirilən və Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan bu kitabın da məhz belə bir istinad mənbəyi olacağına dair əminliyini bildirən deputat Azərbaycanı xalqını düşdüyü ağır vəziyyətdən çıxarmaq, işıq yolu göstərmək kimi tarixi missiyaları yerinə yetirmək üçün Allah tərəfindən Azərbaycan xalqına bəxş olunmuş görkəmli dövlət xadimi, xilaskar, dahi siyasətçi, xarizmatik Lider Heydər Əliyevin həm Sovet dövründə, həm də müstəqillik dövründə Azərbaycan xalqı və dövlətçiliyi üçün ölçüyəgəlməz xidmətlərindən danışdı. Qeyd olundu ki, Heydər Əliyev 1993-cü ildə parçalanmış, dağılmış, vətəndaş müharibəsi ilə üz-üzə qalmış bir məmləkəti yox olmaqdan xilas etdi, dövləti yenidən qurdu, müstəqil dövlətçiliyin zəruri siyasi, hüquqi, sosial əsaslarını yaratdı, bütün Azərbaycan xalqını vahid Azərbaycançılıq ideologiyası ətrafında birləşdirdi, bu dövlətə sabitlik, sülh, xeyir-bərəkət, inkişaf gətirdi və şah əsəri olan Azərbaycanı uzun illər siyasi platformada idarə edəcək olan Yeni Azərbaycan Partiyasını yaratdı. “Bu gün Azərbaycanda Heydər Əlyev siyasəti davam edir, Onun işığı daim Azərbaycan xalqının üzərindədir və Azərbaycan çox etibarlı əllərdədir. Biz xoşbəxt insanlarıq ki, Heydər Əliyevin yaratdığı və möhtərəm Prezidentimiz İlham Əliyevin sədrlik etdiyi partiyanın əsgərləriyik.” deyən M.Quliyev əminliyini ifadə etdi ki, bu partiya hələ uzun illər iqtidarda qalacaq və Azərbaycan xalqına xidmət edəcəkdir. Var olsun müstəqil Azərbaycan, var olsun onun əbədiyaşar Lideri Heydər Əliyev!

Çıxış edən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov diqqətə çatdırdı ki, zaman bizi 10 may 1923-cü il tarixindən uzaqlaşdırdıqca Azərbaycan xalqı Ulu Öndər şəxsiyyətinin nəhəngliyi, əzəmətini daha dərindən kəşf edərək dərk edir. Millət vəkili qeyd etdi ki, biz Heydər Əliyevə Ulu Öndər, görkəmli dövlət xadimi, dahi siyasətçi, Ümummilli Lider, fenomenal Şəxsiyyət deyirik, bununla belə bu bənzərsiz rəhbəri istədiyimiz kimi təsvir etmək üçün leksikonumuzda söz çatmır. Bu ucalığı, bu böyüklüyü Ulu Öndər Heydər Əliyev özü qazanmışdır. Dahi rəhbərin siyasi fəaliyyəti yalnız Azərbaycanın etno-siyasi coğrafiyası ilə məhdudlaşmır, O, bütün sovet xalqının, bütün türk-müsəlman tarixinə öz qərarları ilə təsir edən böyük Azərbaycanlıdır. Heydər Əliyev Azərbaycan xalqı üçün Ümummilli Lider olmaqla yanaşı bütün bəşəriyyət üçün böyük bir dəyərdir.Ulu Öndər Azərbaycan üçün zəngin və təkrarolunmaz irs, miras qoydu. Bu gün Azərbaycan bu miras üzərində inkişaf edir. Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətini 1967-1969, 1969-1982, 1982-1987, 1990-1993 və 1993-2003-cü illəri əhatə edən dövrlər üzrə təhlil edən deputat vurğuladı ki, Heydər Əliyevin həyat fəaliyyətinin bir amalı var idi – Azərbaycana xidmət etmək, Azərbaycan dövlətçiliyini inkişaf etdirmək və Azərbaycan xalqının gələcəyini təmin etmək. O gələcək bu gün təmin olunub, o gələcək böyük Azərbaycandır. Bugünkü Azərbaycan gələcək Azərbaycanın möhtəşəm təməllərini müəyyən edir. Biz bu ölkənin vətəndaşı olmaqdan qürur duyuruq və Ulu Öndəri şükranla anırıq.

“Səs” Media Qrupun rəhbəri Bəhruz Quliyev Ulu Öndər Heydər Əliyevin siyasi portretinin əsas cizgiləri haqqında danışaraq bildirdi ki, Heydər Əliyev ilk növbədə ən yüksək rütbələrə qədər yüksələn hərbiçi idi. Ümummilli Liderin şah əsəri olan müasir Azərbaycan nümunəsində gördüyümüz kimi milli düşüncəli Heydər Əliyev məhz hərbinin, ordu quruculuğunun bütün incəliklərini bildiyi üçün müasir Azərbaycanın hərbi potensialını hələ Sovet dövründə formalaşdırmağa başladı. Heydər Əliyev görkəmli dövlət xadimi, müəllim və memar idi. Azərbaycana rəhbərliyinin hər iki dövründə ən yüksək mövqelərə nail olan Heydər Əliyev müasir hüquqi-müstəqil Azərbaycanın və ölkəmizdəki vətəndaş cəmiyyətinin qurucusu oldu. Heydər Əliyev eyni zamanda son dərəcə xarizmatik bir Lider idi. Onun xarizmasının mühüm cəhətləri isə, ən mürəkkəb və lazımi məqamlarda xalqının yanında olması və zəruri, operativ qərarlar verərək xalqının, dövlətinin xilaskarı olmasıdır. 1988-ci ildə Azərbaycanda başlayan meydan hərakatı dövründən etibarən xalq lidersizlikdən əziyyət çəkirdi və məhz ən çətin məqamda xalq üzünü öz Liderinə tutdu. 1992-ci ildə 91 nəfər Azərbaycan ziyalısının “Səs” qəzetində dərc olunan Ulu Öndərə tarixi müraciəti və Heydər Əliyevin bu müraciətə Azərbaycan üçün qurtuluş konsepsiyası təklif edən proqramxarakterli cavabı Azərbaycanın XX əsrin sonlarında müstəqilliyinin qorunub saxlanılmasında həlledici dönüş nöqtəsi oldu. Beləliklə, Heydər Əliyev sözün əsl mənasında memarı olduğu müasir Azərbaycanı qurdu. B.Quliyev diqqətə çatdırdı ki, Ulu Öndərin ən böyük xidmətlərindən biri də özündən sonra öz siyasi məktəbini keçmiş və ailəsində tərbiyə görmüş bir Lideri, möhtərəm Prezidentimiz İlham Əliyevi Azərbaycan xalqına ərmağan etməsi oldu. Heydər Əliyev bizə Azərbaycançılıq ideologiyasını, Vətənimizlə, xalqımızla, millətimizlə və milli mənsubiyyətimizlə fəxr etməyi öyrətdi. Bütün bu məqamlarda, tezislərdə Azərbaycan gəncliyi üçün, gələcək nəsillər üçün çox böyük dərslər olduğunu xüsusi qeyd edən B.Quliyev gənclərə Ulu Öndərin zəngin irsini öyrənməyi və öyrəndikcə bu dahi Şəxsiyyətin əzəmətini və mahiyyətini daha dərindən dərk etməyi tövsiyə etdi.

Azərbaycana rəhbərliyinin bütün dövrlərində Ulu Öndər Heydər Əliyevə olan ümumxalq məhəbbəti, ehtiramı, sevgi nümayişi haqqında danışan Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, dünyada ölkə rəhbərləri çox olsa da dahi siyasətçilər hər xalqa nadirən qismət olur. Kiçik ölkə olan Azərbaycana Heydər Əliyev kimi nəhəng siyasətçinin rəhbərlik etməsi Azərbaycan xalqının böyük xoşbəxtliyi olub. Deputat vurğuladı ki, Heydər Əliyev siyasi kursu bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir, sürətlə dəyişən dünyanın tələblərinə uyğun adekvat şəkildə təkmilləşdirilir və Azərbaycanı işıqlı gələcəyə aparır.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunu Nadir İbrahimov Ulu Öndər Heydər Əliyevin hər il bu Hərbi Liseyə etdiyi ziyarətlər haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşdü və gəncləri Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı ölkə başçısı İlham Əliyev ətrafında sıx birləşərək müasir müstəqil Azərbaycanın ən sadiq qoruyucuları olmağa çağırdı.

YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev tədbirdə iştirak edən, çıxış edən bütün qonaqlara ürəkdən təşəkkür edərək bildirdi ki, natiqlərin çıxışlarında 50 illik Heydər Əliyev epoxasının müxtəlif dövrlərinə ekskurs olundu, yaddaşlar bir daha təzələndi, Ulu Öndərin zəngin mübarizələrlə dolu həyat yolu və gördüyü çoxşaxəli işləri, misilsiz xidmətləri və sözün əsl mənasında xilaskarlıq missiyası haqqında yeni məlumatlar dinlənildi. “Bugünkü çıxışlarda bir daha gördük ki, artıq növbəti kitabın hazırlanmasına ciddi ehtiyac var.” deyən millət vəkili diqqətə çatdırdı ki, Heydər Əliyev haqqında nə qədər çox yazılsa, danışılsa, filmlər çəkilsə də, bu dahi Şəxsiyyətin, görkəmli dövlət xadiminin irsi o qədər zəngin və çoxşaxəlidir ki, hər dəfə Heydər Əliyevin həyat yoluna, gördüyü işlərə nəzər yetirdikdə bir daha heyran olursan ki, bu qədər şərəfli vəzifələr, misilsiz işlər, tarixi xidmətlər və xalqı, dövləti üçün yerinə yetirilmiş xilaskarlıq missiyası bir insan ömrünə necə sığa bilər? Əlbəttə ki, bütün bunlar yalnız Allahın sevdiyi, seçdiyi, qoruduğu və fərqli tale qismət elədiyi Dühaya nəsib ola bilərdi. Ş.Hacıyev vurğuladı ki, Azərbaycan xalqı xoşbəxtdir ki, ən taleyüklü məqamda xalqımıza dünyanı idarə edəcək qədər qüdrətə sahib olan Lider bəxş olundu. Heydər Əliyev olmasaydı müasir Azərbaycan da olmazdı.

Heydər Əliyevin həm Sovetlər, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrləri iqtisadi rəqəmlər və göstəricilər əsasında təhlil edən deputat hər iki dövrdə Ulu Öndər tərəfindən həyata keçirilən iqtisadi islahatlar və respublikamızda əldə olunan nəticələr haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Qeyd olundu ki, 1969-1982-ci illərdə Heydər Əliyevin düşünülmüş, müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan SSR-də formalaşdırılmış iqtisadi potensil və bazis 1993-cü ildən sonra yenə Ulu Öndərin rəhbərliyi altında milli iqtisadiyyatımızın müstəqil inkişafı üçün güclü təməllər yaratdı. Müstəqilliyinin ilk illərində parçalanan, dağılan, yox olmaq təhlükəsi ilə üzləşən, anarxiya, xaos və dərin siyasi, iqtisadi, mədəni böhranın, vətəndaş müharibəsinin və erməni işğalının tüğyan etdiyi Azərbaycana 1993-cü ilin 15 iyununda rəhbərliyə qayıdan Heydər Əliyev o mürəkkəb dövrdə və çətin şəraitdə Azərbaycan xalqını öz ətrafında sıx birləşdirərək müstəqil dövlətçiliyimizin qorunması üçün mümkün olan hər şeyi etdi və 2003-cü ildə dinamik inkişaf və tərəqqi yoluna çıxardaraq onu, özünün ən layiqli siyasi davamçısı – möhtərəm Prezidentimiz İlham Əliyevə etibar etdi. Ş.Hacıyev vurğuladı ki, bu gün Azərbaycan xalqı xoşbəxt ölkədə yaşayır. Biz, ən böyük dəyərimiz olan müstəqil dövlətçiliyimizi, ölkəmizdəki ictimai-siyasi sabitliyi, xalq-iqtidar birliyini bundan sonra da qorumalı, möhtərəm Prezidentimiz İlham Əliyev ətrafında sıx birləşməli, Ulu Öndər Heydər Əliyev ideyalarına və siyasətinə sədaqətlə xidmət etməli və bu istiqamətdə ölkə başçısı, Yeni Azərbaycan Partiyasının Lideri İlham Əliyevin qarşımıza qoyduğu bütün vəzifələri məsuliyyətlə və ləyaqətlə yerinə yetirməliyik.

Böyük tirajla və nəfis tərtibatda nəşr olunan kitab tədbir iştirakçılarına hədiyyə olundu.

Sonra qonaqlar Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusunda aparılan yenidənqurma və əsaslı təmir işləri, nümayiş etdirilən zəngin kolleksiya ilə yaxından tanış oldular.

”Səs” qəzeti
”Yeni Azərbaycan” qəzeti
”İki Sahil” qəzeti

Tədbirin videoyazısı
AzTV
SpaceTV
SəsTV