YAP Səbail rayon təşkilatı Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının keçirdiyi ağacəkmə aksiyasında yaxından iştirak etdi

Yeni Azərbaycan Partiyası mayın 11-də Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Suraxanı rayonu ərazisində ağacəkmə aksiyası keçirdi.

Aksiyada YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, partiyanın yerli təşkilatlarının fəalları iştirak etdilər.

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirdi ki, Azərbaycan xalqı Ümummilli Liderimiz Heydər Əliyevin doğum gününü böyük təntənə ilə qeyd edir. Onun sözlərinə görə, YAP da bu əlamətdar hadisəni müxtəlif tədbirlərlə qeyd edir və bu ənənə halını alıb: “Ağacəkmə aksiyası da bu tədbirlərdən biridir. Ənənəvi olaraq biz hər il belə aksiya keçiririk. İndi də Suraxanı rayonunun bu ərazisində yaşıllıq salınmasında iştirak edirik. Bununla bir tərəfdən Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsini yad edirik, digər tərəfdən yaşıllıq zolağını salmaqla Bakının ekologiyasının yaxşılaşdırılmasına öz töhfəmizi veririk”.

Əli Əhmədov diqqətə çatdırdı ki, mahiyyət etibarilə YAP böyük bir gücü özündə ehtiva edir. Bu güc Azərbaycanın inkişafı naminə öz imkanlarını həmişə səfərbər edir. “Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiyanın reallaşmasında partiyamızın nümayəndələri həmişə böyük fədakarlıq nümunələri göstəriblər. Bu aksiyada iştirak etməklə də, bizim partiyamız Prezidentimizin həyata keçirdiyi ekoloji siyasətə dəstək verir. Bütün bunlar partiyamızın mahiyyətindən irəli gəlir. Biz qurucu, yaradıcı partiyayıq. YAP öz gücünü, mütəşəkkiliyini Azərbaycan dövlətinin qüdrətinin daha da artmasına səfərbər edib. YAP təkcə siyasi proseslərdə iştirak etməklə öz missiyasını bitmiş hesab etmir, həm də cəmiyyət üçün əhəmiyyətli olan bütün proseslərdə bundan sonra da fəal iştirak edəcək. Bunu vətəndaşlıq vəzifəsi hesab edirik” – deyə, YAP Sədrinin müavini vurğuladı.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirdi ki, respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılması, geniş yaşıllıqlar zolaqlarının salınması ulu öndər Heydər Əliyevin hər zaman diqqətində idi. Ulu Öndər fəaliyyətində bu məsələni daim diqqət mərkəzində saxlayırdı. Hazırda bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Yeni Azərbaycan Partiyasının bu təşəbbüsləri nəticəsində respublikamızın müxtəlif ərazilərində, o cümlədən Bakı şəhərində minlərlə ağac əkilib, geniş yaşıllıq zolaqları salınıb. Bugünkü aksiya nəticəsində əkilən ağaclara da daim qulluq ediləcək, müasir suvarma sistemi ilə təmin olunacaq.

Qeyd edək ki, ağacəkmə aksiyası çərçivəsində 1.5 hektar ərazidə 1000-dən artıq ağac əkildi.