YAP Səbail rayon “Mənzil istismarçıları” (Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi) ərazi ilk partiya təşkilatında iclas keçirildi

15 may 2019-cu il tarixində YAP Səbail rayon “Mənzil istismarçıları” (Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi) ərazi ilk partiya təşkilatında iclas keçirildi. İclasda ərazi ilk partiya təşkilatının sədri Hüseynov Anar Vaqif oğlunun iş yerini dəyişməsi ilə əlaqədar “Mənzil istismarçıları” ərazi ilk partiya təşkilatının sədri vəzifəsindən azad olunması ilə bağlı müraciəti və yeni sədrin seçilməsi məsələsi müzakirə edildi.

İclasda YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov, YAP Səbail rayon təşkilatının baş məsləhətçisi Nicat Hüseynov və “Mənzil istismarçıları” ərazi ilk partiya təşkilatının qeydiyyatında olan partiya üzvləri iştirak etdilər.

İclası açıq elan edən YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov YAP Səbail rayon təşkilatının çoxşaxəli fəaliyyəti haqqında məlumat verərək qeyd etdi ki, Bakının mərkəz rayonlarından biri olan Səbail rayonunu əhatə edən və respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edən partiya təşkilatının qeydiyyatında hazırda 128 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir. Təqdirəlayiq haldır ki, YAP Səbail rayon “Mənzil istismarçıları” ərazi ilk partiya təşkilatı hər zaman partiya işində xüsusi fəallığı ilə seçilən, partiya təşkilatının ictimai-siyasi fəaliyyətində yaxından iştirak edən, bütün tapşırıqları vaxtlı-vaxtında və məsuliyyətlə icra edən təşkilatlardan biridir. Təşkilatın bu zamana qədər keçirilmiş bütün Prezident, Parlament, Bələdiyyə seçkilərində və Referendumlarda yüksək mütəşəkkilliklə iştirak etdiyini vurğulayan Z.Bayramov əminliyi ifadə etdi ki, “Mənzil istismarçıları” ərazi ilk partiya təşkilatı bundan sonra da partiya işində eyni səliqə-sahmanla iştirak edəcək və partiya üzvlərinin həm kəmiyyət, həm keyfiyyət göstəricilərinin artmasına töhfə verəcəkdir.

Sonra ərazi ilk partiya təşkilatının sədri Hüseynov Anar Vaqif oğlunun iş yerini dəyişməsi ilə əlaqədar “Mənzil istismarçıları” ərazi ilk partiya təşkilatının sədri vəzifəsindən azad olunması ilə bağlı müraciətinə baxıldı və müraciət təsdiqləndi.

İclas iştirakçıları “Mənzil istismarçıları” ərazi ilk partiya təşkilatının yeni sədri vəzifəsinə Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sahə rəisi Hüseynov Süleyman Bəşir oğlunun namizədliyini irəli sürdülər. Təklif səsə qoyuldu və yekdilliklə qəbul olundu. Yeni seçilmiş sədr S.Hüseynov ona göstərilmiş yüksək etimada görə təşəkkür etdi.

İclasda çıxış edənlər ərazi ilk partiya təşkilatının siyasi fəaliyyəti, təşkilat üzvlərinin rayonun ictimai-siyasi həyatında, xüsusən bütün ümumxalq seçkilərində və səsvermə prosesində yaxından iştirak etdikləri barədə danışaraq bildirdilər ki, ərazi ilk partiya təşkilatı bundan sonra da fəal siyasi fəaliyyətlə məşğul olmağa və partiya vəzifələrini, partiya Sədrinin tapşırıqlarını vaxtlı-vaxtında yerinə yetirməyə davam edəcəkdir.

YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov YAP Səbail rayon təşkilatı nəzdində yeni fəaliyyətə başlayan Könüllülər Birliyinin fəaliyyəti haqqında məlumat verərək bildirdi ki, könüllü gənclərin prioritet layihələrindən biri də rayon sakinləri və bilavasitə ailələrlə sıx birgə fəaliyyətin təşkil olunmasıdır. Bu layihənin uğurla həyata keçirilməsi üçün Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin bu işdə mümkün dəstək göstərməsi zəruridir.

Mövzu ilə bağlı danışan YAP Səbail rayon Könüllü Birliyin rəhbəri Yadigar Nağıyev nəzərdə tutulan layihə və fəaliyyət planı haqqında iclas iştirakçılarına məlumat verdi. “Mənzil istismarçıları” ərazi ilk partiya təşkilatının yeni sədri S.Hüseynov və Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları könüllü gənclərin bu təşəbbüsünü alqışlayaraq lazımi dəstək göstərəcəklərini bildirdilər.

Sonda Z.Bayramov iclas iştirakçılarını partiya işində, bütün tədbirlərdə yaxından iştirak etməyə dəvət edərək Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivinə cansağlığı və fəaliyyətlərində uğurlar arzuladı.