YAP Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirildi

Mayın 16-da YAP Səbail rayon təşkilatının İdarə Heyətinin növbəti iclası keçirildi.

İclasda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun yaradılmasının 15 illik yubileyi ilə əlaqədar YAP Səbail rayon təşkilatı tərəfindən keçirilmiş silsilə tədbirlər haqqında məlumat verildi, bir neçə ərazi ilk partiya təşkilatlarında görülmüş işlər haqqında məlumatlar dinlənildi, YAP Səbail rayon Nəzarət-təftiş qrupunun bir sıra ərazi ilk partiya təşkilatlarında apardığı yoxlamaların nəticələri və cari məsələlər müzakirə edildi, müvafiq qərarlar qəbul olundu.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun yaradılmasının 15 illik yubileyi ilə əlaqədar YAP Səbail rayon təşkilatı tərəfindən keçirilmiş silsilə tədbirlər haqqında ətraflı məlumat verdi. Bildirildi ki, qeyd olunan əlamətdar tarixlər münasibətilə YAP Səbail rayon təşkilatı tərəfindən Səbail Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikası Hesablama Palatası və Azərbaycan Xalça Muzeyi ilə birgə çoxsaylı tədbirlər keçirilmiş, rayon ictimaiyyəti nümayəndələri, ziyalılar, idarə və təşkilat əməkdaşları, gənclər, partiya fəalları bu tədbirlərdə yaxından iştirak etmiş, tədbirlər həm rayon partiya təşkilatının informasiya portalında, həm də ölkə mətbuatında geniş işıqlandırılmışdır. Ş.Hacıyev xüsusi qeyd etdi ki, YAP Səbail rayon təşkilatı tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə keçirilmiş tədbirlərin zirvəsi Ümummilli Liderin anadan olmasının 95 və Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileylərinə həsr olunmuş “Müstəqil Azərbaycan dövlətinin qurucusu” kitabının 10 may 2019-cu il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində keçirilmiş möhtəşəm təqdimat mərasimi olmuşdur. Bu kitabın nəşrini və Milli Məclisin 15 deputatının, YAP İcra Katibliyinin və rayon ictimaiyyəti nümayəndələrinin, ziyalıların, təhsil, elm, mədəniyyət və incəsət xadimlərinin iştirakı ilə keçirilmiş təqdimat mərasimini YAP Səbail rayon təşkilatının tarixində böyük hadisə kimi qiymətləndirən Sədr vurğuladı ki, “Müstəqil Azərbaycan dövlətinin qurucusu” kitabı YAP Səbail rayon təşkilatı və Səbail rayon İcra Hakimiyyətinin birgə hazırladığı və nəşr etdirdiyi dördüncü kitabdır. Deputat diqqətə çatdırdı ki, təqdimat mərasimində natiqlərin çıxışlarında səsləndirilən təklif və tövsiyələr Səbail rayonunda gələcək illərdə bu silsilədən nəşr olunacaq yeni kitabların mövzusu ola bilər.

Çıxış edən İdarə Heyətinin üzvləri “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev və Azərbaycan Dövlət Pedaqoji Univeristetinin rektorun müşaviri prof. Vilayət Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə rayon partiya təşkilatı tərəfindən keçirilmiş bütün tədbirləri yüksək qiymətləndirərək “Müstəqil Azərbaycan dövlətinin qurucusu” kitabının Azərbaycan Milli İncəsənət Muzeyində keçirilmiş təqdimat mərasimini bu silsilədə xüsusilə vurğuladılar. Bildirildi ki, bu kitab məzmununa, əhəmiyyətinə, sanbalına, tutumuna, nəfis tərtibatına görə seçilən bir iş olmaqla hər bir YAP üzvü üçün dəyərli mənbə olacaqdır.

Çıxış edən İdarə Heyətinin üzvü, Aparat rəhbəri Zəfər Bayramov YAP Səbail rayon təşkilatının İdarı Heyətinin bütün üzvləri adından “Müstəqil Azərbaycan dövlətinin qurucusu” kitabının ərsəyə gəlməsində zəhməti olan hər kəsə, xüsusilə rayon partiya təşkilatının Sədrinə ürəkdən təşəkkür etdi və partiya üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Məlumat verildi ki, YAP Səbail rayon Nəzarət-Təftiş Qrupu 2019-cu il üçün təsdiq olunmuş İş Planına uyğun olaraq, 12 problemli ərazi ilk partiya təşkilatında yoxlamalar aparmışdır. YAP Səbail rayon Nəzarət-Təftiş Qrupunun sədri Səbuhi Gülməmmədov araşdırma nəticələri haqqında hesabat məruzəsi ilə çıxış etdi.

Daha sonra rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında görülmüş işlər haqqında məlumatlar dinlənildi. “Meliorator” (Meliorasiya və Su Təsərrüfatı Birliyi) ərazi ilk partiya təşkilatının sədri Akif Mustafayev, “Mahnı Teatrı” (Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı) ərazi ilk partiya təşkilatının sədri Zülfiyyə Mövsümova və “Musiqiçi müəllimlər” (12 №-li Musiqi Məktəbi) ərazi ilk partiya təşkilatının sədri Gülşən Heydərova təşkilatlarında görülən işlər haqqında məlumatlarla çıxış etdilər. Ərazi ilk partiya təşkilatlarında görülmüş işlər haqqında məlumatlar nəzərə alınaraq, fəaliyyətləri qənaətbəxş qiymətləndirildi.

Sonra cari məsələlər müzakirə olundu və müvafiq qərarlar qəbul edildi.

İclas qarşıda duran vəzifələrin müzakirəsi ilə davam etdi.

Sədr məlumat verdi ki, YAP Səbail rayon təşkilatının və Səbail rayonu C.Əskərov adına 50 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə 17-19 may 2019-cu il tarixlərində Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin bir qrup şagirdinin Bakıya üçgünlük səfəri nəzərdə tutulur. Səfərdə Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbindən 20 nəfər şagird, məktəbin direktoru Zamin Həziyev və 2 nəfər müəllim iştirak edəcəklər. Qeyd olundu ki, bu formatda ilk dəfədir ki, Səbail rayonunun təşkilatçılığı ilə reallaşan səfər çərçivəsində Cocuq Mərcanlıdan Bakıya qonaq gələn və müxtəlif yaş qruplarını təmsil edən şagirdlər üçün elə bir gəzinti proqramı hazırlanmışdır ki, bu səfər məktəblilər üçün unudulmaz tarixi hadisəyə çevriləcəkdir. Cocuq Mərcanlı məktəbliləri Bakının, Səbail rayonunun ən görməli, gözəl yerlərini gəzəcək, Bakının incisi, mirvarisi olan Dənizkənarı Milli Parkla, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olacaq, eləcə də bütün mərkəzi muzeyləri, mədəniyyət ocaqlarını, qədim tarixi abidələri, məbədləri, o cümlədən Azərbaycan Xalça Muzeyini, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunu və “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edəcək, tariximiz, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz haqqında məlumat alacaqlar.

Sədr diqqətə çatdırdı ki, yaxın günlərdə YAP Səbail rayon təşkilatının təşəbbüsü ilə AMEA-nın Tarix İnstitutu ilə birgə “Tariximizin öyrənilməmiş səhifələri” layihəsinə start veriləcəkdir. Layihə çərçivəsində sosial şəbəkələrdə, xüsusilə xarici mətbuatda aktiv iştirak edən gənclər üçün Azərbaycan tarixinin müxtəlif dövrlərini əhatə edən 10 saatlıq mühazirələrin təşkil olunması nəzərdə tutulur.

Bildirildi ki, Yeni Azərbaycan Partiyası və Mədəniyyət Nazirliyi arasında Azərbaycanın dövlətçilik 0ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair 2019-2020-ci illər üzrə birgə Fəaliyyət Planı hazırlanmışdır və 20 may 2019-cu il tarixində YAP Mərkəzi Qərargahında Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov və mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı ilə imzalanma mərasimi keçiriləcəkdir. Qeyd olundu ki, bu layihənin koordinatoru YAP Səbail rayon təşkilatıdır.

Son olaraq, Ş.Hacıyev “15 iyun – Milli Qurtuluş Günü” münasibətilə “Səs” Media Qrupu ilə hazırlanan birgə layihə haqqında məlumat verdi.