Cocuq Mərcanlı məktəbliləri Bakıda “Sinəsi dağlanmasın, bölünməsin bu torpaq” adlı vətənpərvərlik tədbirində iştirak etdilər

YAP Səbail rayon təşkilatının və Səbail rayonu C.Əskərov adına 50 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin bir qrup şagirdi Bakıda üçgünlük səfərdədir.

Səfər çərçivəsində mayın 17-də Cocuq Mərcanlı məktəbliləri Səbail rayonu C.Əskərov adına 50 nömrəli tam orta məktəbdə “Sinəsi dağlanmasın, bölünməsin bu torpaq” adlı vətənpərvərlik tədbirində iştirak etdilər.

Tədbirdə YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev, Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev, 50 nömrəli tam orta məktəbin direktoru Sədaqət Həsənova, Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbin direktoru Zamin Həziyev, Azərbaycan Dillər Universitetinin Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində pedaqoji təcrübə keçən tələbələri və təcrübə rəhbəri, eləcə də YAP Səbail rayon təşkilatının gənc fəalları iştirak etdilər.

Qonaqları ürəkdən salamlayan 50 nömrəli tam orta məktəbin direktoru Sədaqət Həsənova bildirdi ki, bu gün məktəbin bütün müəllim-şagird kollektivinin sevincinin həddi hüdudu yoxdur. Çünki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin məktəbliləri bu gün Bakının, Səbail rayonunun qonaqlarıdır. Cəbhə bölgəsində yaşayan bu qorxmaz uşaqları bu gün məktəblərində görməkdən son dərəcə şad olduqlarını diqqətə çatdıran direktor bu səfərin ərsəyə gəlməsində zəhməti olan bütün təşkilatlara, xüsusən YAP Səbail rayon təşkilatına, Bakı şəhər İcra Hakimiyyəti və Səbail rayon İcra Hakimiyyətinə səmimi qəlbdən təşəkkür etdi.

Çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev Cocuq Mərcanlı məktəblilərini ürəkdən salamladı və bildirdi ki, bu layihə, Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi altında respublika məktəbliləri üçün artıq bir neçə ildir ki, ənənəvi olaraq uğurla keçirilən maarifləndirici tur-aksiya silsiləsinə aid oluna bilər. Millət vəkili Cocuq Mərcanlı sakinlərinin doğma yurdlarına qayıtmasını, bugünkü səfəri, eyni zamanda Səbail rayonu 50 nömrəli tam orta məktəbin timsalında məktəblər arasında sıx əməkdaşlığın ba-şlanmasını böyük hadisə olaraq qiymətləndirdi. Deputat döyüş bölgəsində yaşayan məktəblilər üçün Bakıya maarifləndirici-əyləncəli səfərin təşkil olunması fikrinin bütün təşkilatçılar tərəfindən böyük məmnuniyyətlə və ruh yüksəkliyi ilə qarşılandığını vurğulayaraq Cocuq Mərcanlı məktəbliləri üçün planlaşdırılan üçgünlük səfər proqramı haqqında məlumat verdi. Qeyd olundu ki, Cocuq Mərcanlıdan Bakıya qonaq gələn və müxtəlif yaş qruplarını təmsil edən şagirdlər üçün elə bir gəzinti proqramı hazırlanmışdır ki, bu səfər məktəblilər üçün uzun müddət unudulmayacaq tarixi hadisə olacaqdır. Cocuq Mərcanlı məktəbliləri Bakının, Səbail rayonunun ən görməli, gözəl yerlərini gəzəcək, Bakının incisi, mirvarisi olan Dənizkənarı Milli Parkla, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə başdan-başa tanış olacaq, eləcə də bütün mərkəzi muzeyləri, mədəniyyət ocaqlarını, qədim tarixi abidələri, məbədləri, o cümlədən Azərbaycan Xalça Muzeyini, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunu və “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edəcək, tariximiz, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz haqqında məlumat alacaqlar.

Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbi və Səbail rayonu 50 nömrəli məktəb arasında sıx əməkdaşlıq haqqında niyyət protokolunun da bu gün imzalanması təşəbbüsünü ürəkdən alqışlayan Ş.Hacıyev bu addımın gələcəkdə daha böyük layihələrə zəmin yaradacağına dair əminliyini ifadə etdi.

Səbail rayonunun geniş tərkibdə Cocuq Mərcanlı kəndinə artıq üç dəfə səfər etdiyini diqqətə çatdıran deputat vurğuladı ki, bu dəfə Cocuq Mərcanlı sakinlərinin Bakıya səfərini təşkil etməklə biz cəbhə bölgəsində düşmənlə 100-150 metr məsafədə mərdliklə, dəyanətlə dayanan insanlara olan dəstəyimizi, onlarla həmrəyliyimizi və onları heç vaxt unutmadığımızı bir daha nümayiş etdiririk. Cocuq Mərcanlı məktəblilərinə səfərlərində xoş istirahətlər arzu edən millət vəkili əminliyini ifadə etdi ki, Azərbaycanın işğal altında olan bütün torpaqları tezliklə düşmən tapdağından azad olunacaq və biz bu kimi tədbirlərimizi Şuşada, Laçında, Xankəndində keçirəcəyik.

2016-cı il möhtəşəm Aprel qələbəsindən sonra tamamilə yenidən bərpa olunan Cocuq Mərcanlı kəndindən bu gün Bakıya qonaq gələn məktəbliləri salamlayan Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev bütün təşkilatçılara bu gözəl təşəbbüs və uğurla reallaşdırılan səfər üçün ürəkdən təşəkkür etdi. Cocuq Mərcanlı məktəblilərinin Bakıya, Səbailə gəlişinin hər kəs üçün böyük bayram olduğunu qeyd E.Ağayev Azərbaycanın üçrəngli şanlı bayrağının tezliklə Şuşada, Xankəndində, işğal altında olan bütün torpaqlarımızda dalğalanmasını və bu bayramın ərazi bütövlüyü tam təmin olunmuş vahid Azərbaycana aid olmasını arzuladı.

Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbin direktoru Zamin Həziyev YAP Səbail rayon təşkilatı başda olmaqla bu təşəbbüsün reallaşmasında əməyi olan bütün təşkilatçılara, Səbail rayon İcra Hakimiyyətinə və 50 nömrəli məktəbin bütün müəllim-şagird kollektivinə səmimi qəlbdən təşəkkür etdi. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Vətənlərində qaçqın vəziyyətinə düşən 1 milyon Azərbaycan vətəndaşından öz doğma yurduna dönmək xoşbəxtliyinin məhz Cocuq Mərcanlılara ilk olaraq nəsib olmasından qürurla danışan Z.Həziyev bu bəxtəvərliyin yaxın zamanda bütün qaçqınlarımıza nəsib olmasını arzuladı.

Çıxış edən Azərbaycan Dillər Universitetinin Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində pedaqoji təcrübə keçən tələbəsi Aysel Səlimanova və təcrübə rəhbəri Məmməd İsmayılov Azərbaycan Dillər Universitetinin qaçqın-köçkün məktəblərində həyata keçirdiyi təcrübə layihəsi haqqında məlumat verdilər və Cocuq Mərcanlıda yaşadıqları unudulmaz təcrübə haqqında təkrarolunmaz təəsüratlarını tədbir iştirakçıları ilə bölüşdülər.

Daha sonra məktəb direktorları Səbail rayonu C.Əskərov adına 50 nömrəli məktəb və Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin qardaşlaşması ilə bağlı niyyət protokolu imzaladılar. Niyyət protokolunda qeyd olunub ki, bu müqavilə ilə qardaşlaşmış iki məktəb bir-birlərinin uğurlarına sevinəcək, təhsil sahəsində olan yenilikləri bölüşəcək və bütün istiqamətlərdə sıx əməkdaşlıq edəcəklər.

Tədbirdə məktəblilərin ifasında yüksək vətənpərvərlik ruhunda ədəbi-bədii, musiqili kompozisiya nümayiş olundu. Göstərilən səhnəciklər, ifa olunan mahnılar və səsləndirilən poeziya nümunələri həm Cocuq Mərcanlı məktəblilərinin, həm də qonaqların böyük marağına səbəb oldu.

Sonda Cocuq Mərcanlı məktəblilərinə xatirə hədiyyələri və tədbirdə iştirak edən bütün məktəblilərə Təşəkkürnamələr təqdim olundu.

”Səs” qəzeti
”Yeni Azərbaycan” qəzeti
”İki Sahil” qəzeti

Tədbirin videoyazısı
AzTV
SəsTV
Video (Rəsmi hissə)
Video (Bədii hissə)