YAP Səbail rayon təşkilatının dəstəyi ilə bir qrup Cocuq Mərcanlı məktəblilərinin Bakıya səfəri təşkil olundu

Bu gün, YAP Səbail rayon təşkilatının və Səbail rayonu C.Əskərov adına 50 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin bir qrup şagirdinin Bakıya üçgünlük səfəri başladı.

Səfərdə Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbindən 20 nəfər şagird, məktəbin direktoru Zamin Həziyev2 nəfər müəllim iştirak edir.

Məktəblilərin və qonaqların qarşılanma mərasimi YAP Səbail rayon təşkilatının qərargahına keçirildi. Qərargahla tanışlıqdan sonra, məktəbliləri səmimi qəlbdən salamlayan Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev bu formatda ilk dəfədir ki, Səbail rayonunun təşkilatçılığı ilə reallaşan səfərin əhəmiyyətdən danışdı. Deputat bildirdi ki, cəbhə bölgəsində hər an təhlükə ilə üzbəüz yaşayan uşaqların Bakı şəhərinə gəlməsi, buradakı tarixi, mədəni abidələrlə tanış olması, müasir, gündən-günə inkişaf edən, gözəlləşən paytaxtımızı görməsi məktəblilər üçün böyük hadisədir. “Cocuq Mərcanlı Azərbaycan üçün Böyük Qayıdışın, Böyük Qələbənin rəmzidir. Düşmənlə təmas xəttindəki bu kənddə yaşayan hər bir sakin kiçiyindən böyüyünə qədər hər biri qəhraman və fədakar insanlardır. Biz Cocuq Mərcanlılar üçün nə etsək azdır. Bu layihəni düşünərkən əsas amalımız bundan ibarət idi ki, Cocuq Mərcanlıda yaşayan və hər yaşdan olan məktəblilər Bakıya, Səbail rayonuna gəlsinlər, buradakı gözəllikləri görsünlər və ölkəmizdəki əmin-amanlıq, təhlükəsizlik, sabitlik və inkişafın bir daha şahidi olsunlar. Qoy bütün Cocuq Mərcanlılar bilsinlər ki, onlar yalnız deyillər və biz burada onlarla həmrəyik və onların sevincləri, uğurları, problemləri ilə yaşayırıq” deyən Ş.Hacıyev vurğuladı ki, bu səfər çərçivəsində Cocuq Mərcanlı kənd tam orta məktəbi ilə Səbail rayonu C.Əskərov adına 50 nömrəli tam orta məktəb arasında əməkdaşlıq memorandumu imzalanması nəzərdə tutulmuşdur. Millət vəkili diqqətə çatdırdı ki, bu səfər gözəl bir başlanğıc olacaq və 50 nömrəli tam orta məktəbin başladığı bu işi Səbail rayonu məktəbləri ildən-ilə daha geniş formatda davam etdirəcəklər.

Səfərin bütün təşkilatçılarına ürəkdən təşəkkür edən Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev bildirdi ki, Bakının Səbail rayonu sözün əsl mənasında bütün Cəbrayıllıların, Cocuq Mərcanlı sakinlərinin ən böyük dəstəkçilərindən biridir. Son iki ildə rayonun 100 nəfərlik heyətinin Cocuq Mərcanlı kəndinə üç dəfə unudulmaz səfəri reallaşıb. Həqiqətən bu gün bütün Cocuq Mərcanlılar möhtərəm Prezidentimizin və onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının ordumuza, sərhəd bölgəsində yerləşən kəndlərimizə və əhaliyə daima lazımi dəstəyini hiss edirlər. Bunun ən bariz nəticəsidir ki, Cocuq Mərcanlıda yaşayan 150 ailə düşmənlə birbaşa təmas xəttində 300 metrlik məsafədə təhlükəsiz və rahat şəraitdə yaşaya bilirlər. Təbii ki, bütün bunlar Azərbaycan dövlətinin, ölkə başçısının və Ali Baş Komandanın bu gün hər bir vətəndaşın yanında olduğunun və əhalinin rifah şəraitinin yaxşılaşdırılması üçün çalışdığını sübut edir.

Məktəblilərlə səmimi söhbət şəklində davam edən görüşdə üçgünlük səfər proqramı müzakirə olundu. Qonaqları bir daha ürəkdən salamlayan Ş.Hacıyev əminliyini bildirdi ki, Bakıya reallaşdırdıqları bu səfər məktəblilərin yaddaşına unudulmaz xatirələr və xoş təəssüratlarla həkk olunacaqdır.

Tədbirin videoyazısı
SəsTV
Geniş reportaj