Bakıya səfərləri Cocuq Mərcanlı məktəblilərinin yaddaşına unudulmaz xatirələr və xoş təəssüratlarla həkk olundu
20.05.2019YAP Səbail rayon təşkilatının və Səbail rayonu C.Əskərov adına 50 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Bakıda qonaq olan Cocuq Mərcanlı məktəbliləri üçün mayın 18-i və 19-unda geniş gəzinti proqramı təşkil olundu. Məktəblilər Heydər Əliyev adına liseyin təşkilatçılığı ilə “E-Twinning School” layihəsinin tədbirində iştirak etdilər, Bakının, Səbail rayonunun ən görməli, gözəl yerlərini gəzdilər.
Məktəblilər Dənizkənarı Bulvar İdarəsinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda unudulmaz bir gün yaşadılar, burada müxtəlif növ attraksionlara, yelləncəklərə və bütün Milli Park ərazisindən keçən qatara mindilər.
Funikulyora minən və bu təcrübədən çox razı qalan Cocuq Mərcanlılar daha sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar sarayı ilə başdan-başa tanış oldular, eləcə də mərkəzi muzeyləri, mədəniyyət ocaqlarını, qədim tarixi-mədəni abidələri, məbədləri, o cümlədən Azərbaycan Xalça Muzeyini, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunu və “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət etdilər, tariximiz, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz haqqında məlumatlar aldılar, muzeylərdə nümayiş olunan tarixi eksponatlar və stendlərlə tanış oldular. Məktəblilər Qız Qalasının ətəklərində bu əzəmətli tikiliyə heyranlıqlarını ifadə etdilər.
Bakıda qonaq olduqları üç gün ərzində Bibiheybət ərazisində məktəblilər üçün musiqili əyləncə proqramları təşkil olundu.
Məktəblilər Bakı şəhərində gördüklərindən və öyrəndiklərindən razı qaldılar və şəhərdən xoş təəssüratlarla ayrıldılar.